Deputat bələdiyyələrə dair qanunların bir qanunda birləşdirilməsini təklif edib Hadisə

Deputat bələdiyyələrə dair qanunların bir qanunda birləşdirilməsini təklif edib

“Bələdiyyəyə aid qanunları öyrənmək üçün gərək kitabxanadan onlarla kitab alasan. “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında” və s. var. Təklifim budur ki, bu qanunların hamısı bir qanunda - “Bələdiyyələr haqqında” qanunda birləşdirilsin, fəsillərə bölünsün”.

APA-nın məlumatına görə, bunu Milli Məclisn bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, nümunəvi bələdiyyələr çox azdır: “İş görmək, pul qazanmaq, problemləri həll etmək üçün bəzi bələdiyyələrin resursları da yoxdur. Onun üçün də bələdiyyələrə kömək edək ki, hər bir bələdiyyənin yerli resurslarına uyğun pilot layihəsi olsun. O layihəni həyata keçirmək üçün onlara dövlət tərəfindən illik 2-3%-lik kredit də verilə bilər ki, iş qurub pul qazansınlar, vətəndaşları da razı salsınlar. Kənd yerlərində mal-qara var, kiçik sexlərdə süd məhsulları, yem istehsalı mümkündür, bitkiçiliklə, əkinçiliklə, arıçılıqla, meyvəçiliklə, gülçülüklə məşğul olsunlar. Yoxsa, yerləri qəpik-quruşa icarəyə verib başlarını atıb yatırlar. Özləri öz resurslarını kapitala çevirməyi öyrənsinlər və bunun üçün onlara kömək etmək lazımdır. Öyrədək, deməyək get elə, edə bilmir də. Çünki ora seçilənlərin çoxu təsərrüfatçıdan daha çox siyasi düşüncəlidir”.

R. Nurullayev qeyd edib ki, Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə normaldır, mütaliə və statistika üçün yaxşıdır: “Bəs nəticə? Verdiyim təkliflərə ciddi yanaşılmasını rica edirəm. 20 ildir bələdiyyə institutu yaradılıb, hələ də bir çox bələdiyyələrin əllərindən tutub əlifba öyrədirik”.