“Qardaş ölkə terroru öz sərhədlərindən kənara ata bildi” Gündəm

“Qardaş ölkə terroru öz sərhədlərindən kənara ata bildi”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş bildirib ki, artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq. N.Qurtulmuş vurğulayıb ki, gələn həftə TBMM-yə təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çatacaq.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, qardaş Türkiyə 40 ildən çoxdur ki, terrora qarşı mübarizə aparır və bu illər ərzində terrorun aradan götürülməsi üçün 2 trilyon dollardan çox pul xərcləyib: “Məsələ ondadır ki, Türkiyəyə qarşı terror yerli dinamitlərin və yerli ictimai münasibətlərin yaratdığı terror deyil, Türkiyənin bəzi NATO müttəfiqləri və bəzi qonşularının qardaş ölkəni zəiflətmək və bölmək üçün həyata keçirdikləri bir layihədir. Ancaq 40 illik terror dövründə, yəni 1984-ci ildən bu günə qədər davam edən müddətdə Türkiyə savaşa-savaşa gücləndi, eyni zamanda, ideoloji müstəvidə öz vətəndaşları arasında həmrəylik yaratmağı bacardı. Bu, əslində, ikiqat nailiyyətdir”.

Deputat vurğulayıb ki, qardaş ölkə silahlı mübarizənin önünə keçməyi bacardı, terroru öz sərhədlərindən kənara ata bildi: “Sonra isə öz sərhədlərindən kənarda da terrora qarşı mübarizə apararaq öz bütövlüyünü qoruya bildi. Bununla bərabər ölkə daxilində ümumi vətəndaşlıq həmrəyliyi yaratmaq məqsədlərinə də nail olmağı bacardı. Ona görə də düşünürəm ki, qardaş ölkənin Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun səsləndirdiyi fikirlər həqiqətən də Türkiyə üçün çox əhəmiyyətlidir, həmçinin böyük gələcək vəd edir. Yəni doğrudan da önümüzdəki mərhələdə əldə olunmuş bu nailiyyətlər hüquqi müstəviyə keçirilərsə, Türkiyə terrora birdəfəlik son qoymağı bacaracaq. Bu, bizi sevindirir. Çünki Türkiyə bizim strateji müttəfiqimizdir, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Həm də bu, Azərbaycanın güclənməsi mənasını ifadə edəcək”.

Röya İsrafilova