Yol-nəqliyyat mədəniyyətimiz... Hadisə

Yol-nəqliyyat mədəniyyətimiz...

Arzu Şirinova


Şəhərin abadlaşdırılması, tikinti quruculuq işlərinin aparılması gözəl bir şeydir. Ancaq əndazəsində. Bu gün Bakının abadlaşdırılması məqsədilə başlanan işlər əndazəni keçib. Hətta elə keçib ki, insanların əsəbləri tarıma çəkilib. Artıq on ilə yaxındır paytaxtda körpü və yeraltı keçidlərin tikintisi bir yandan qurtarsa da, o biri yandan başlayır. Bu tikintilərlə bərabər yollar da qazılır, bərbad vəziyyətə salınır. Şəhərin elə bir prospekti, küçəsi yoxdur ki, orada qazıntı işləri aparılmasın... Həm də bu gün təmir olunan yollar bir müddətdən sonra dağıdılır. Səbəb həmin yoldan keçən kanalizasiya və ya su xəttinin yenidən qurulmasıdır. Guya ki, bu məsələni həmin yolu yenidən təmir edən zaman yoluna qoymaq olmazdı...
...Başlayım elə hər gün gedib-gəldiyim yollardan. Saray kəndinin yolları darısqal və çala-çuxur olmasına baxmayaraq sürücülər deyinə-deyinə də olsa, birtəhər ötüşürdülər. Ancaq bu darısqal və çala-çuxur yolların probleminin üstünə biri də əlavə olunub. Yolboyu hər yerdə qazıntı işlərinə start verilib. Qazılan yerlərin üstü örtülməmiş yeni yerlər qazılır ki, bu da onsuz da darısqal yollarda maşınların hərəkətinə maneçilik törədir. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyindən isə kimsənin xəbəri yoxdur.
Elə ki, sürücülər Saray kəndindən magistral yola çıxırlar, maşını elə sürətlə idarə edirlər ki, sanki bütün hirslərini, hikkələrini çıxarırlar. Dillənəndə də deyirlər ki, "onsuz da gecikmişəm, bir tərəfdən də sən mənə qayda-qanun dərsi keçmə". Ürəyin əsə-əsə, qorxu içində gəlib yetişirsən Xırdalan dairəsindəki körpüyə. Bu körpünün divarları dördüncü dəfədir ki, təmir olunub qurtarsa da, yenə də ordan-burdan mərmər daşların tökülmə ehtimalı var. Hər dəfə də problem mərmər daşların keyfiyyətsiz vurulduğu üçün uçulub tökülməsindən yaranır. Bu dəfə də çox güman ki, belədir. Təbii ki, körpüdə tikinti getdiyindən maşınların gediş-gəlişinə əngəl yaranır, daha doğrusu hər gün tıxac problemi ilə üzləşirsən.
Bu yerdə bir haşiyə çıxım: İstanbul Türkiyənin ən böyük şəhəridir. Ancaq mən orada körpülərin heç birinin tikintisi üçün mərmər daşların istifadəsinin şahidi olmadım. Beton dirəklərlə yanaşı, ən yaxşı halda adi üzlük daşlardan körpü tikintisində istifadə olunub ki, bu da heç də o demək deyil ki, salınan körpünün və yaxud şəhərin görüntüsünə xələl gətirir. Şəhərin görüntüsünə və gözəlliyinə xələl gətirən zibil tullantılarıdır ki, İstanbulda bunun şahidi olmadım. Ancaq Bakıda hər addımbaşı ağzınacan dolu zibil yeşiklərinə rast gəlirsən. Yay günü bu zibil yeşiklərindən elə qoxular gəlir ki, tez-tələsik oradan uzaqlaşmağı qənimət bilirsən, yoxsa...
...Artıq hər addımbaşı trampilin qoyulan və iri avtobusların təkərlərinin çala-çuxura döndərdiyi Bakı Avtovağzalına yaxınlaşıram. Metro tikintisi aparıldığından Avtovağzala giriş bərbad gündədir. Maşınlar az qala bir-birinə toxunaraq keçirlər. Rayonlara gedəsi şəxsi maşınlar da sərnişin nəqliyyatına ciddi əngəl yaradır.
Yuxarıda dediyim kimi, illərdir ki, biz paytaxta quruculuq işlərinə səbrlə yanaşır və bunun sona yetəcəyini həsrətlə gözləyirik. Son illər Bakıya gələn turistlərin sayı xeyli çoxalıb. Gələnlər də təbii ki, sərnişin nəqliyyatından istifadəyə üstünlük verirlər. Bu baxımdan sürücülərin sərnişinlərlə davranışı, onların geyimləri xüsusi önəm daşımalıdır. Birdəki, Bakıya gələnlər hər şeyin gözəlini görmək və rahatlıqları üçün yüksək səviyyədə yol-nəqliyyat mədəniyyəti tələb edirlər. Bəs bunu necə, onlara göstərə bilirikmi?