Düzgün danışıq norması necə olmalıdır? Hadisə

Düzgün danışıq norması necə olmalıdır?

Müasir tətbiqi dilçilik lüğətləri daha çox dilçilik elminin konkret nailiyyətləri əsasında tərtib etməyi tələb edir. Bu, o deməkdir ki, lüğət bir nəfərin, nə qədər talantlı dilçi olsa belə, inhisarından azad olmalı, empirik tədqiqatlara söykənməli və dil daşıyıcılarının orta səviyyəsini əks etdirməlidir. Bu deyilənlər danışıq normasını əhatə etməli olan, dialekt və şivələrin fövqündə duran, fərdi özəlliklərdən uzaq orfofonik lüğətlərə daha çox şamil edilməlidir, çünki orfoqrafiya lüğətində ümumi, dövlət tərəfindən müəyyən edilmiş normaya əməl olunduğu halda (məktəblərdə, qəbul imtahanlarında, idarə və təşkilarlarda, rəsmi yazışmalarda və s.), şifahi dil sahəsində bu normanı müəyyən etmək o qədər də asan deyil. Hər kəs bir cür danışır, ədəbi danışıq normalarına daha ciddi əməl etməli olan radio və televerilişlərdə son zamanlar ədəbi dil normasından yayınmalar baş alıb gedir, çünki dilin işlənməsində daha mükəmməl tənzimləyici instrument rolunu oynayan məktəb və ya teatr daha əvvəlki monopoliyasını qoruyub saxlaya bilmir. Bəzi hallarda ayrı-ayrı natiqlərin çıxışlarında və nitqlərində provinsializm və dialektizmlər adi hala çevrilir. Vəzifəli adamlara və aydın, səlis tələffüz üçün məsul şəxslərə (redaktorlara, kitab müəlliflərinə və s.) irad tutanda cavab verirlər ki, nədir o düzgün danışıq norması, niyə bu, siz deyən kimi olmalıdır? Düzgün iraddır, əlimizdə normativ qaydaları əks etdirən vahid sənəd olsa, yəni sanballı orfofoniya lüğəti olsa, biz bu iradlara cavab verə bilərik, ən azından mənbəni göstərə bilərik. Doğrudan da, yazıda norma gözlənildiyi kimi, danışıqda da vahid ədəbi tələffüz normasına əməl etmək lazımdır.
Sual oluna bilər: orfofoniya nədir? Niyə indiyə qədər bu, bizdə və bəzi ölkələrdə orfoepik lüğət adı altında qəbul edilib? Əvvəla, qeyd edək ki, dilçiliyin bugünkü inkişaf səviyyəsində orfoepiya işlətmək qəti düzgün deyil. Bu, sözdəki ikinci komponentin tələffüzə heç bir dəxli yoxdur. Düzdür, bu termində də birinci komponent, yəni "orfo" düzgün deməkdir, ancaq ikinci komponent "epos" sözündən olub şifahi, adi, bir növ nəqletməni əks etdirir. Deməli, "orfoepiya" sözünün lüğəvi mənasının dilin şifahi formasının nizamlanması ilə heç bir əlaqəsi yoxdur. Elə bu səbəbdəndir ki, dünyanın bir sıra xalqları binayi-qədimdən orfoepiya terminini işlətməyiblər. Məsələn, alman dilində 1975-ci ildə 21 dəfə yenidən çap olunmuş məşhur etimologiya lüğətində (müəllifi F.Kluge) "orfoepiya" sözü yoxdur.

Dünyada ilk orfofonik lüğətin yaranması

Dünyada ilk sistemli danışıq lüğətini çap etmiş almanlar orfofoniya lüğətini hazırlamaq üçün XIX əsrin sonlarında 6 nəfərdən ibarət komissiya yaradıb (3 unuversitet professoru və 3 teatr xadimi), onlar da Berlində 1898-ci ilin 14-16 aprelində bir araya gələrək geniş müzakirədən sonra qərara gəliblər ki, məsləhətləşmələrin nəticələrini Qraifsvald universitetinin professoru, bu ideyanın müəllifi T.Zibs ümumiləşdirib "Alman dili səslərinin tələffüzü"nü tənzimləyən bir kitab hazırlasın və ona bir lüğət də əlavə etsin. Bu zaman əsas kimi yaxşı aktyorların danışığının fonetik transkripsiyası, səhnə dili, yəni sakit və anlaşılan danışıq əsas götürülsün, əhval-ruhiyyə və emosional nitq nəzərə alınmasın, dildə danışanların hamı tərəfindən qəbul olunan tələffüzə əsaslansın. Kitab ilk dəfə elə "Bühnendeutsch" (Alman səhnə dili) adı altında 1898-ci ildə çap olundu. Sonralar bu lüğət dəfələrlə, müxtəlif ad altında çapdan çıxdı. Onun axırıncı, 19-cu nəşri 1969-cu ildə "Alman tələffüzü (təmiz və münasib alman ədəbi tələffüzü lüğətlə birgə )" adı altında çap olunub. Qeyd edək ki, ingilislər də həmişə "Tələffüz lüğəti" terminini işlədiblər və İngiltərənin məşhur dilçi-alimi D.Jounz tərəfindən hazırlanmış lüğət ilk dəfə 1917-ci ildə məhz "İngilis tələffüz lüğəti" adı altında çap olunub. Həmin lüğət 2006-cı ildə 17-ci dəfə nəşrdən çıxıb. Ruslarda isə ilk dəfə danışıq normasını əhatə edən lüğət XX əsrin 60-cı illərində "Rus ədəbi tələffüzü və vurğu. Lüğət-sorğu kitabı" adı altlında işıq üzü görüb.
Azərbaycanda da ötən əsrin 40-cı illərində K.Ziyanın müəllifliyilə "Səhnə dili"lə bağlı müəyyən fikirləri və mülahizələri əks etdirən kiçik bir vəsait çap olunub. Sonralar məşhur dilçilərimiz Ə.Əfəndizadə və Ə. Dəmirçizadə XX əsrin 50-ci illərində orfoepiya sahəsində ciddi elmi axtarışlar aparıb və sanballı əsərlər yazıblar. Bir qədər sonra gənc tədqiqatçı Ə.Məmmədli də kiçik də olsa tələffüz sözlüyü çap etdirib. Azərbaycan dilçiliyinin korifeylərindən biri M. Şirəliyev "Azərbaycan dili orfoepiyasının əsasları" adlı kiçik həcmli bir əsər yazıb ortaya qoyub. Həmin əsərində M.Şirəliyev doğru olaraq göstərir ki, orfoepiya sahəsində hərc-mərcilik gözə çarpır. Orfoepiyanın əsaslarının və qaydalarının hazırlanmasını bir vəzifə olaraq qarşıda durduğunu vurğulayan bu alim çox haqlı olaraq yazır ki, "Azərbaycan dilinin orfoepiyası tətbiqi dilçiliyimizdə, demək olar ki, az işlənmiş sahələrdən biridir". Göründüyü kimi, Azərbaycan dilçilərinin hamısı ədəbi dilin danışıq normalarından bəhs edərkən "orfoepiya" terminini işlətmişlər.

Orfoepiya, yoxsa orfofoniya?

Azərbaycan dilinin danışıq normasının əsaslarını ilk dəfə eksperimental-fonetik metodlarının tətbiqilə öyrənən A. Axundov olub. Onun əldə etdiyi bütün nəticələr rentgeneqramların və ossilloqramların təhlilinə əsaslandığı üçün daha inandırıcıdır. Həmin kitab latın qrafikasında çap olunub oxucuların istifadəsinə verilsə, bir çox mübahisəli məsələyə aydınlıq gətirilə bilər. Ancaq istənilən halda böyük orfofonoya lüğətinə bu gün çox böyük ehtiyac var. Burada bizim məqsədimiz danışıq norması lüğətlərinin yaranması tarixini və xüsusiyyətlərini araşdırmaq deyil, sadəcə olaraq, göstərmək istəyirik ki, "orfoepiya" termini dilimizdə yerində işlənməyən sözdür. Bundan fərqli olaraq "orfofoniya" sözü ifadə etdiyi mənaya görə öz funksiyasına daha çox uyğun gəlir. "Ortho" yunanca "düz", "fonia" isə "səslənmə" demək olduğu üçün bu termin dilin düzgün səslənməsini özündə ehtiva edən lüğətin adına daha uyğundur və münasibdir. Dilçiliyimizdə ilk dəfə olaraq bu məsələni biz qaldırsaq da (1980), təşəbbüsümüz cavabsız qalıb. Yalnız son iki-üç il ərzində "Orfofoniya lüğəti"nin yazılıb hazırlanması məsələsini biz yenidən gündəmə gətirdik. Bu məqsədlə orfofoniya lüğətinin tərtibi üçün gənc dilçi könüllülərdən ibarət bir işçi qrupu yaradıldı.
İşçi qrupu həftədə iki dəfə yığışaraq lüğətin tərtibi prinsiplərini və elmi əsaslarını müzakirə edib. Bəzən bu və ya digər sözün düzgün verilməsi üçün tərtibçilər diktofon götürərək müxtəlif yerlərdə dil daşıyıcılarına müraciət edib, onların tələffüzü lentə alınıb və sonradan birgə müzakirə olunaraq bu və ya digər tələffüz forması haqqında yekun qərar qəbul edilib. Bu metoddan xüsusilə qoşa sait və qoşa samit qrafemlərilə yazılan sözlərin normaya uyğun tələffüzünü müəyyən edəndə istifadə olunub: "maaş, saat, maarif, baqqal, saqqal" və s. Bunlardan birinci 3 sözündə- /ma./, /sa.th/, /ma.`rif/ kimi, yəni /a./ saitinin yarımuzun tələffüzü müəyyən edilib. İnformantlardan (20-30 nəfər) heç biri tam uzun /a:/ işlətməyib. O biri iki sözdə isə /kg/ ardıcıllığı qeydə alınıb, yəni /bakgal/, /sakgal/ kimi tələffüz müşahidə edilib. Ona görə bu qəbildən olan sözlərin hamısı yuxarıda şərholunan prinsipə əsaslanıb.
Orfofoniya dildəki fonoloji qarşılaşmaların danışıqda reallaşması, bu zaman vurğu və intonasiya ilə bağlı ortaya çıxan tələffüz xüsusiyyətlərini sistemləşdirib öyrənməklə məşğul olur. "Orfoepiyadan fərqli olaraq ayrı-ayrı fonemlərin müəyyən fonetik mövqedə, başqa fonemlərlə qonşuluqda, eləcə də vurğu və intonasiyanın təsiri altında məruz qaldığı dəyişiklikləri öyrənən elm sahəsinə orfofoniya deyilir".
Orfofoniya lüğətinin tərtibi prinsiplərindən danışarkən birinci növbədə bu filoloji lüğətin sözlüyündən bəhs etmək lazımdır. Məsələ burasındadır ki, əgər izahlı lüğətin tərtibatında ümumişlək olmayan sözlərin lüğətə daxil edilməsinə heç bir məhdudiyyət qoyulmursa, orfoqrafiya lüğətində dünya təcrübəsində qəbul olunmuş hər üç prinsipə (fonetik, morfoloji və etimoloji və ya semantik) əməl olunursa, orfofoniya lüğəti əsasən ədəbi dil normasını əhatə etməli və onun danışıqdakı xüsusiyyətlərini özündə əks etdirməlidir. Başqa sözlə, buraya Azərbaycan xalqının hər gün işlətdiyi və başa düşdüyü danışıq tərzini əks etdirən tələffüz xüsusiyyətləri daxil edilməli və hətta sözlərin transkripsiyasında fonemin allafonlarının seçimi orta tələffüz normasına əsaslanmalıdır. Müasir dilçiliyimizin patriarxlarından biri Ə. Dəmirçizadə ədəbi dil normalarının müəyyənləşdirilməsində istifadə olunan meyarları və şərtləri belə təyin edir: dürüstlük, düzgünlük, dəqiqlik, asanlıq, sadəlik, vahidlik, eynilik, sabitlik, ahəngdarlıq, səlislik, fəsihlik və davamlılıq.

Fəxrəddin Veysəlli, professor