Çətin həyat şəraitində olan uşaqlara xidmət göstəriləcək Hadisə

Çətin həyat şəraitində olan uşaqlara xidmət göstəriləcək

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında bu il 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönələn günərzi qayğı formasında xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri xidmətinin göstərilməsi" üzrə müsabiqə keçirilir. Müsabiqədə qalib gələcək ixtisaslaşmış QHT tərəfindən müvafiq layihə çərçivəsində Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba və İsmayıllı rayonlarında çətin həyat şəraitində olan uşaqlar və onların ailələri günərzi qayğı xidmətləri ilə təmin ediləcək.
Ümumilikdə ƏƏSMN-nin sosial sifarişləri əsasında sosial cəhətdən həssas qruplardan olan şəxslərə sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün son iki ayda 17 fəaliyyət istiqaməti üzrə müsabiqələr elan olunub. Bu fəaliyyət istiqamətləri sırasına sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, autizm xəstəliyi olan uşaqlara defektoloji və psixoloji yardımın, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqlara psixo-sosial dəstəyin göstərilməsi, Portec metodikası ilə sosial reabilitasiya işinin aparılması və s. daxildir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili, belə uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, daun sindromlu uşaqların sosial reabilitasiyası və s. xidmətlər üzrə də müsabiqələr elan olunub.
Müsabiqələrin bir qismi artıq başa çatıb və qalib gəlmiş ixtisaslaşmış QHT-lər tərəfindən müvafiq layihələr əsasında artıq bir sıra layihələrin icrasına başlanılıb. Hazırda sosial və reabilitasiya yönümlü daha bir sıra xidmətlərin göstərilməsi üçün də müsabiqələrin elan olunması nəzərdə tutulur. ƏƏSMN tərəfindən sosial sifarişlər üzrə elan olunan bütün müsabiqələr, eləcə də müsabiqələrin nəticələrinə dair məlumatlar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "Sosial sifarişlər üzrə müsabiqələr" bölümündə təqdim edilir. Xatırladaq ki, ötən il ƏƏSMN-nin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş QHT-lər tərəfindən ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial xidmətlərlə təmin olunub.