Orduda təmizləmə Hadisə

Orduda təmizləmə

Daha bir general ehtiyata buraxılıb

Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, srağagün Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi).
Adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub.
Yeri gəlmişkən, iki gün öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov da vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.
Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov APA-ya açıqlamasında ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini deyib: "Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm".