Dövlət proqramının icrasına həsr olunmuş konfrans keçirildi Hadisə

Dövlət proqramının icrasına həsr olunmuş konfrans keçirildi

Tədbir Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının Dliçilik İnstitutunun birgə
təşəbbüsü ilə baş tutdu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının Dliçilik İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirilib.
Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq Azərbaycan dilinin zəngin çalarlara malik olduğunu bildirib və ələvə edib ki, dilimizin qorunması və gələcək nəsillərə miras kimi saxlanılması dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifədir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Proqram təkcə əlaqədar təşkilatlar deyil, ictimai missiya daşıyan medianın da üzərinə mühüm öhdəliklər qoyur. Çünki media fəaliyyəti birbaşa dillə bağlıdır və onun qayda-qanunlarına riayət edilməsi başlıca olaraq kütləvi informasiya vasitələrinin fəaliyyətindən asılıdır.
Mətbuat Şurası yarandığı gündən mediada ədəbi dilin qorunması məsələlərinə önəm verir. Artıq necə ildir ki, mövcud istiqamətdə layihələr reallaşdırmaqdadır. Qurumun Dil komissiyası, eyni zamanda sırf dil məsələləri ilə bağlı fəaliyyət göstərən monitorinq qrupu vaxtaşırı hesabatlar verir", - deyən Əflatun Amaşov bütün bunların dövlət proqramında nəzərdə tutulan vəzifələrin icrasına dəstək baxımından reallaşdırıldığını vurğulayıb və mövcud istiqamətdəki işlərin gələcəkdə də davamlı xarakter daşıyacağını bildirib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev Azərbaycanda heç vaxt dilçiliyə və dilçilik elminə hazırkı qədər diqqətin ayrılmadığını diqqətə çatdırıb. Dövlət Proqramını bu diqqətin bariz nümunəsi kimi dəyərləndirən T.Hacıyev bildirib ki, sənəddən irəli gələn vəzifələrin reallaşdırılması rəhbərlik etdiyi qurumun struktur baxımından yenilənməsinə və daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan yaradıb. İnstitut Naxçıvan Dialektoloji Atlasını hazırlayıb. Hazırda Qarabağ, Dərbənd və Gürcüstan azərbaycanlılarının dialektoloji atlaslarının hazırlanması istiqamətində iş aparılmaqdadır. Direktor çıxışında həmçinin mətbuatda əcnəbi dillərdən alınma sözlərin yeri gəldi-gəlmədi istifadəsi ilə bağlı meyllərdən də söz açıb.
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev ölkəmizin televiziya və radio məkanında ana dilimizin işlədilməsi ilə bağlı xarakterik cəhətlərə diqqət yetirib. Xüsusən də xarici filmlərin dublyajında, bir sıra aparıcı və diktorların danışıqlarında ədəbi dilin norma və qanunlarına riayət edilmədiyini vurğulayıb. Q.Cəbiyev problemlərə baxmayaraq ümumən ədəbi dilin qorunması sahəsində müsbət dinamikaya nail olunduğunu da diqqətə çatdırıb. Sədr müavini həmçinin Dövlət Proqramında Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliğini nəzərdə tutan müddəaların yer aldığını və buna daha həssas yanaşılmasının zəruriliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, qurumun Dil komissiyasının rəhbəri, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini qazanması ona ana dilini yenidən qazandırdı. Fikrinə aydınlıq gətirən B.Sadıqov vaxtilə Bakı şəhərində Azərbaycan dilində danışanlara həqarətlə yanaşıldığını xatırladıb. Deputat bu xoşagəlməz vəziyyətin aradan qaldırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb, prezident İlham Əliyevin də hakimiyyəti illərində ölkədə dilçiliyin inkişafına daha böyük diqqət göstərildiyini önə çəkib. O, həmçinin medianın hazırkı struktur baxımından dil məsələlərinə önəm verməsini mümkünsüzləşdirən səbəblərə də nəzər salıb. Misal olaraq hazırda bir çox redaksiyalarda korrektor ştatının yoxluğunu deyib.
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı çıxışına Azərbaycan dilinə olan xarici təsirlərin mövcudluğunu vurğulamaqla başlayıb. Mənfi təsirlərdən qorunmaq üçün ana dilimizi xarici dillər qarşısında üstün edən cəhətlərə diqqət yetirməyin zəruriliyini əsaslandıran deputat mövcud prosesdə medianın da mühüm missiya daşıdığını bildirib. O, dünyanın bir çox yerlərində dil polisi deyilən nəzarət mexanizminin fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər dilin millətin varlıq simvolu kimi dəyərləndirilməsindən qaynaqlanır.
MŞ-nin mətbuatda ana dilinin işlənilməsi ilə bağlı vəziyyəti araşdıran monitorinq qrupunun rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov çıxışında ölkənin aparıcı kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının xarakterik cəhətlərindən söz açıb. O, xüsusən üslub və nitq pozuntularının çoxluğuna diqqət çəkib buradakı iki məqamı göstərib. Birincisi, bir çox jurnalistlər Azərbaycan dilini doğru-dürüst bilmirlər, ikincisi yazdıqları sahənin peşəkarı deyillər. İlham Abbasov Azərbaycanda dil sahəsində bir çox dövlət sənədlərinin qəbul olunduğunu xatırladıb və əlavə edib ki, qanunvericilikdə dil pozuntusuna görə konkret məsuliyyət müəyyənləşdirililib.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas, Bakı Dövlət Universitetinin jurnalistika fakutləsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, "Gündəlik teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları dil sahəsindəki pozuntu faktlarını doğuran cəhətlərin təhlilini veriblər. Onlar belə hallara qarşı mübarizənin qanunlar çərçivəsində sərtləşdirilməsinin, eyni zamanda ictimai qınaq tədbirlərinin də gücləndirilməsinin vacibliyini əsaslandırıblar.