“Kabel şəbəkəsi yayımçılarının yayımladıqları telekanallara ciddi nəzarət edilir” Hadisə

“Kabel şəbəkəsi yayımçılarının yayımladıqları telekanallara ciddi nəzarət edilir”

"Milli Televiziya və Radio Şurası tərəfindən xüsusi razılıq, yəni lisenziya olmadan qanunsuz şəkildə fəaliyyət göstərən kabel yayımçıları nəzarətdən kənardır. Bu yayımçılara hər hansı bir qurum tərəfindən nəzarət olunmadığı üçün bu sahədə nə istəsən baş verə bilər". Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.
Q. Cəbiyev bildirib ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə kabel şəbəkəsi yayımı ilə məşğul olanlar dövlət rüsumu ödəməlidir: "Abonentlərinin sayı 5 minədək olan kabel şəbəkəsi yayımı ilə məşğul olanlar 3 min manat, abonentlərinin sayı 5 mindən yuxarı olan kabel şəbəkəsi yayımçıları isə 5 min manat məbləğində rüsum ödəyir. Belə olan halda isə büdcəyə vəsait daxil olur. Qanunsuz fəaliyyət göstərən "şirkətlər" isə dövlətə heç bir rüsum ödəmir".
MTRŞ sədrinin müavini faktiki olaraq lisenziya almadan kabel şəbəkəsi yayımı ilə məşğul olan çox saylı subyektlərin fəaliyyət göstərdiyini söyləyib: "Bunun isə bir adı var: qanunsuz sahibkarlıq fəaliyyəti. Köhnə həyət evlərində kabel şəbəkəsini qurmaq müəyyən çətinliklər yaradır. Bir sıra hallarda müasir şəraitdə, yeni tikilən hündür mərtəbəli binalarda kabelləşmə zamanında aparılmır və insanlar binaya köçəndən sonra çoxsaylı problemlər yaranmağa başlayır. Hərə öz eyvanına çanaq antenası quraşdırır. Belə olan halda isə binanın görkəminə xələl gəlir. Aləm qarışır, biri razı olur, biri razı olmur. Sahibkarlar binanı tikib təhvil verərkən bu məsələləri diqqətdə saxlasalar, daha yaxşı olar. Digər tərəfdən, ayrı-ayrı sahibkarlar binanın üzərində bir peyk antenası qoyur və oradan müxtəlif vasitələrlə çoxsaylı kanalların yayımını təşkil edib, vətəndaşlara "xidmət" göstərirlər. Bu isə qanunsuz fəaliyyətdir. "Televiziya və radio yayımı" haqqında qanunun 30.2-ci bəndində deyilir ki, kabel şəbəkəsi yayımı müvafiq dövlət orqanı, yəni Milli Televiziya və Radio Şurası tərəfindən tənzimlənir. Azərbaycanda 10-dan artıq kabel televiziyası fəaliyyət göstərir. Yəni 10-dan artıq şirkətə, məhdud məsuliyyətli cəmiyyətə Milli Televiziya və Radio Şurası tərəfindən kabel şəbəkəsi yaratmaq və vətəndaşlara xidmət göstərmək üçün lisenziya verilib".
Q. Cəbiyev MTRŞ-nın kabel şəbəkəsi yayımçılarının yayımladıqları telekanallara ciddi nəzarət etdiyini qeyd edib: "Mövcud olan kabel şəbəkəsi yayımçılarının yayımladıqları kanallarla müqaviləsi olur. Biz onların yayımladığı kanalların siyahısına baxırıq. Məsələn, hansısa bir xarici telekanal Azərbaycana düşmən olan mərkəzdən ölkəmizin əleyhinə proqramlar yaya bilər. Hansısa bir yayımçı isə götürüb bu telekanalı öz yayım paketinə daxil edə bilər. Teleradio şurası bu məsələləri son dərəcə diqqətdə saxlayır. Bu cür anlaşılmazlıqların qarşısı dərhal alınır. Bizim praktikamızda belə hadisələr olub. Biz kabel şəbəkəsi vasitəsilə vaxtaşırı Azərbaycana qarşı qərəzli proqramlar yayan, bizim həqiqətlərimizi təhrif edən kanallarının ölkə ərazisində yayımlanmasına razılıq verə bilmərik".
Qeyd edək ki, ötən həftə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq Bakı və Sumqayıt şəhərlərində kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.