Sıra biz vətəndaşlarındı... Hadisə

Sıra biz vətəndaşlarındı...

Arzu Şirinova

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarını izləyəcək və bu Oyunları mediada işıqlandıracaq jurnalistlərdən biri də mənəm. Media Əməliyyatları Qrupu tərəfindən Oyunlara akkreditə olunmuş jurnalistlərə göndərilmiş bildirişə uyğun olaraq vəsiqəmi almaq üçün Koroğlu metro stansiyasından bir qədər aralıda yerləşən Media Kəndindəki Media Akkreditasiya Mərkəzinə yollandım. Əvvəlcə onu qeyd edim ki, şəhərin bu hissəsində Birinci Avropa Oyunlarının həyacanını daha çox hiss etdim. Koroğlu metro stansiyasının içərisindən tutmuş çıxışına qədər hər yer Avropa Oyunlarını əks etdirən emblemlərlə bəzədilib, Oyunlar keçiriləcək yerlərin ünvanı ox işarəsiylə göstərilib. Kimliyindən asılı olmayaraq buraya gələnlər rahatlıqla gedəcəkləri ünvana yetişə bilərlər. Mən də ictimai nəqliyyatdan istifadə etdiyim üçün Koroğlu metro stansiyasından çıxaraq, Milli Gimnastika Arenası ilə üzbəüz Heydər Əliyev prospektinin əks tərəfinə keçdim. Heydər Əliyev prospekti boyunca Media Kəndinə doğru irəlilədim.
Yol boyu əmin oldum ki, Azərbaycanın güc strukturları Bininci Avropa Oyunlarının keçiriləcəyi yerlərin və xaricdən gələn media nümayəndələrinin, eləcə də idmançıların müvəqqəti yaşayışları üçün nəzərdə tutulan binaların mühafizəsini yüksək səviyyədə qoruyurlar. Xüsusi geyimlərdə olan güc strukturlarının nümayəndələrindən birninə yaxınlaşdım. Əslində məqsədim xüsusi geyimdə olan oğlandan Media kəndinə girişi soruşmaq deyildi. Yuxarıda qeyd etdiyim kimi, kimliyindən asılı olmayaraq gediləcək ünvana rahatlıqla yetişmək olurdu. Mənim məqsədim mühafizədə dayanan güc strukturu nümayəndələrinin sorğuya hansı səviyyədə cavab vermələri idi. Ona görə də bir yox, bir neçə nəfərdən gedəcəyim ünvana hansı istiqamətdən daxil olacağımı soruşdum. Hər birindən eyni nəzakəti, eyni qayğını gördüm. Nə gizlədim, bu strukturlarda çalışanları zaman-zaman cəmiyyətə elə formada təqdim ediblər ki... Ancaq bu təqdimat yavaş-yavaş əhəmiyyətini itirib desəm, yanılmaram. Çünki iki il bundan öncə keçirilən mitinqlərin birində yerə atılmış Azərbaycanın üçrəngli bayrağını götürərək büküb cibinə qoyan və bununla da dövlət atributuna necə dəyər verdiyini sübuta yetirən, bu ilin may ayının 19-da Binəqədidə 16 mərtəbəli binada baş verən yanğın zamanı öz canını təhlükəyə ataraq 3 nəfəri azad edən və bu zaman boğularaq xəstəxanaya yerləşdirilən, insanları odun-alovun içərisindən çıxararkən sağlamlığını itirən-qolu kəsilən-istər Fövqəladə Hallar Nazirliyi, istərsə də Daxili İşlər Nazirliyi əməkdaşlarının göstərdiyi əməllər həmin təqdimatları alt-üst eləyib. Təbii ki, nöqsanlar da mövcuddur. ..
....Beləliklə, gəlıib çatıram Media Kəndindəki Media Akkreditasiya Mərkəzinə. Burda da xüsusi geyimli oğlan və qızlar gələnləri gülərüzlə, nəzakətlə qarşılayaraq əvvəlcə çantaları, sonra üst-başı yoxlayaraq akkreditə vəsiqəsi verilən otağa yola salırlar. Şəxsiyyət vəsiqəmi təqdim edirəm. Qısa zaman ərzində akkreditə vəsiqəmi hazırlayaraq təqdim edirlər. Üstəlik press çanta, Avropa Oyunlarının Media və foto bələdçisi, eyni zamanda, Oyunları işıqlandırmaq üçün faydalı ola biləcək digər əhəmiyyətli məlumatlar da verilir. Sağollaşıb, uğurlar arzulayıb çıxıram. Getdiyim yolla geriyə-Koroğlu metro satansiyasına qayıdıram. Metroya yaxınlaşanda Avropa Oyunları könüllülərini görürəm. Bir neçəsiylə söhbətləşirəm. Əmin oluram ki, könüllülər Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının əhəmiyyətini çox gözəl bilir və işlərinə məsuliyyətlə yanaşırlar. Onlarla birgə metroya enirik. Akkreditə olunan gündən Oyunlar başa çatana kimi metro və iştimai nəqliyyatdan pulsuz gediş haqqından istifadə haqqımızı tanıyan metro bələdçisi vəsiqələrimizi yoxlayaraq uğurlar arzulayır...
...Bəli, kimin nə deməsindən, hansı qarayaxma kampaniyası aparmasından asılı olmayaraq Azərbaycan dövləti üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirib. Az bir müddətdə müxtəliv növlər üzrə idman yarışlarının küçirilməsi üçün stadionlar tikilib, infrastruktur yüksək səviyyədə yenidən qurulub, insanların rahatlığı, tıxacların minimuma endirilməsi məqsədilə yeraltı keçidlər, körpülər salınıb, Media Kəndi kimi böyük yaşayış kompleksi inşa edillərək bütün rahatlığıyla təhvil verilib. Bir sözlə, dövlət Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, Azərbaycanın ilkə layiqincə imza atması məqsədilə nələr lazımsa artıqlaması ilə həyata keçirib. Artıq sıra biz vətəndaşlarındı. Hər bir vətəndaş Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini başa düşməli və töhvəsini verməlidir.