“Belə verilişlər haqqında arayış hazırlanacaq” Hadisə

“Belə verilişlər haqqında arayış hazırlanacaq”

Nuşirəvan Məhərrəmli: "Hesab edirəm ki, ciddi tədbir görülməlidir"

Zeynal Məmmədli: "Şou verilişləri komandasının nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur"

"Space" televiziyasında yayımlanan "Günaydın" verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi". Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib: "Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir".
Qeyd edək ki, "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.
Media eksperti Zeynal Məmmədli televiziya kanallarında yayımlanan verilişlərdə işlənən qeyri-etik ifadələrlə bağlı danışarkən deyib ki, onların nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur. Onun sözlərinə görə, bu nöqsanları canlı yayımda da aradan qaldırmaq mümkündür: "Video formasında hazırlanan verilişdə qeyri-etik ifadələr olan hissəni asan şəkildə aradan qaldırmaq olur. Amma söhbət canlı yayımlanan verilişdən gedirsə, burada təbii ki, redaktorun, aparıcının öz məsuliyyəti və hər ikisinin daimi əlaqəsi söhbət mövzusudur. Üstəlik, texniki imkan da var – televiziya siqnalının ötürülməsi 20 saniyə zaman alır. Özəlliklə peyk yayımında bu zaman daha da çoxalır. Ona görə də redaktorun canlı yayımı tamaşaçıdan daha əvvəl görmək imkanı var və redaktor, rejissor bu 20 saniyədən maksimum istifadə etməlidir. Əgər o cür qeyri-etik bir ifadə gedirsə, elə həmin an onu başqa bir siqnala çevirmək olar. Diqqətli olsalar və redaktorla aparıcı əlaqəsi normal olsa, bunun qarşısını almaq həmişə mümkündür. Bu imkanlar ola-ola efirə qeyri-etik ifadələrin getməsinin səbəbi məsuliyyətsizlik, diqqətsizlikdir. Şou verilişləri komandasının nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur. Hər dəfə bunun səbəbini konkret olaraq aparıcıda və ya redaktorda axtarmağımız da yanlış olar. Bu, bütövlüklə televiziya sisteminin söyüşüdür, ədəbsizliyidir. Nə qədər ki, bunu anlamırlar, bu cür hallar dəfələrlə təkrar olunacaq".
Xatırladaq ki, "Speys" TV-nin efirində Samir Biləsuvarlı adlı müğənninin söyüşdən istifadə etməsi sosial şəbəkədə yayımlanandan sonra bütövlükdə televiziyaların canlı efirində qeyri-etik ifadələrin işlədilməsi və proqram rəhbərlərinin bunların qarşısını almaması ciddi müzakirə olunmaqdadır.

Əli