Şah İsmayıl Xətai dövründə yetişən xalq aşıqları Mədəniyyət

Şah İsmayıl Xətai dövründə yetişən xalq aşıqları

Xətai ilə başlayan yeni ictimai-siyasi, ədəbi-mədəni yüksəliş dövründə qədim dastanlara yeni həyat verildi

Azərbaycan dastanlarının bədii cəhətdən zənginləşməsində və kamilləşməsində qədim qaynaqlar – mifik və əsatiri obrazlar, dürlü-dürlü rəvayət və əfsanələr, qədim türk dastanları, orta əsrlərdə geniş yayılmış "Kəlilə və Dimnə", "Min bir gecə" nağıl silsilələri zəngin qida mənbəyi olub. Orta əsrlərin böyük ədəbi abidələri "Şahnamə" və "Xəmsə"yə daxil olan poemalar, Yusif və Züleyxa, Leyli və Məcnun, Fərhad və Şirin mövzularında yazılmış Azərbaycan və farsdilli epik poemalar və başqaları yeni məzmunlu, geniş səpkili xalq dastanlarının yaranmasına təkan verdi.
XIII əsrdə inkişafını davam etdirən Şərq intibahı, ədəbiyyat və mədəniyyət aləmində baş verən yeniliklər, bunlarla yanaşı Şərq xalqları arasında müxtəlif xarakterli siyasi mübarizələr və müharibələr, kəskin ixtilaf və təzadlar milli təfəkkürün oyanmasına təkan verdi. Ardı-arası kəsilməyən belə tarixi hadisələr, tarixi şəxsiyyətlərin mübarizə yolu yeni dastanları ideya, məzmun və bədii keyfiyyətcə daha da zənginləşdirirdi. Məhz bu mənbələr və qaynaqlar zəminində XIII-XVI əsrlərdə "Arzu-Qəmbər", "Əsli-Kərəm", "Şah İsmayıl", "Tahir-Zöhrə", "Qərib-Şahsənəm", "İbrahim", "Novruz-Qəndab", "Sarı Aşıq" və nəhayət, xalqımızın qəhrəmanlıq salnaməsi olan "Koroğlu" dastanları yaranıb, uzun bir təkamül yolu keçib. Təsadüfi deyil ki, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım şeirlərində məhəbbət rəmzi kimi Yusifin, Züleyxanın, Leyli və Məcnunun, Fərhad və Şirinin, Əsli və Kərəmin adını xatırladır, eşq cəfakeşi olmaqda özlərini onlara bənzədirlər. Qurbani XVI əsrin əvvəlində deyirdi:

Şirin üçün Bisütundan daş kəsdim,
Münasib adımı Fərhad eylədim.

və ya

Şipşirindi dilin, məmən yeməli,
Sana Leyli, Əsli, Şirin deməli...

Bu obrazlar xalq dastanlarında xalq təfəkkürünə məxsus yeni-yeni kamil obrazların yaranması üçün cığır açırdı. Deməli, adlarını xatırladığımız məhəbbət cəfakeşləri haqqında orta əsrlərdə yaradılmış ədəbi əsərlər də dövrün dastan yaradıcılığının inkişafına təkan verib. Həm də bu proses qarşılıqlı olub. Bəzi yazılı bədii əsərlər xalq dastanları əsasında, bəzi xalq dastanları isə yazılı bədii əsərlərin süjetlərinə uyğun yaradılıb. Əlbəttə, Dədə Qorqud ənənələrinin özünəməxsus yeni-yeni formalarda təşəkkülü epik janrın həm təkmilləşməsinə, həm də daha zəngin mündəricəli ozan-aşıq dastanlarının yaranmasında zəmin rolunu oynayıb. Bütün bunlarla yanaşı, adlarını xatırladığımız dastanların ilk variantları hələ bugünkü dastan səviyyəsində deyildi. Bunlar hələ ozanların repertuarında çoxvariantlı, çoxversiyalı, zəngin mündəricəli epoxanın monumental abidəsi səviyyəsinə qalxmamışdı. Ancaq xalq bədii təfəkkürü, ozanın istedadlı xələfi olan aşıq bu vəzifəni uğurla yerinə yetirdi.
Aşıq ozana nisbətən yeni dünyagörüşünə və təfəkkürə malik idi. Şərq intibahı aşığın da dünyabaxışında, ictimai və bədii təfəkküründə irəliləyiş yaratdı. Digər tərəfdən, Xətayi dövründəki yeni ictimai-ədəbi mühitdə yetişən Dədə Yediyar, Qurbani, Miskin Abdal, Tufarqanlı Abbas, Dostu, Dədə Çoban, Qaracaoğlan, Aşıq Abdulla, Aşıq Cünun kimi istedadlı xalq aşıqları bir tərəfdən nağıl və rəvayət şəklində qalmış dastanları təkmilləşdirir, onları yeni milli-bədii təfəkkürə uyğunlaşdırır, dövrün layiqli ədəbi abidəsinə çevirir, digər tərəfdən özləri də yeni dövrün tələbinə uyğun dastanlar yaradırlar. Məhz belə bir tarixi zəmində "Koroğlu" kimi möhtəşəm qəhrəmanlıq dastanı, "Əsli-Kərəm", "Novruz-Qəndab", "Aşıq Qərib", "Şah İsmayıl", "Qurbani", "Abbas-Gülgəz" kimi saf məhəbbət tərənnüm edən, insanları ülviliyə, təmizliyə səsləyən məhəbbət dastanları, "Alı xan və Pəri xanım", "Səlim şah", "Mahmud və Nigar" kimi pak və müqəddəs ailə-əxlaq dastanları yarandı və geniş yayıldı.
Bu dastanların ilk variantlarının Şərqdə (türkmən, özbək, qazax, qaraqalpaq və b.) geniş yayılması həm onların ilk süjetlərinin qədimliyi ilə, həm də Azərbaycan ədəbi-ictimai mühitinin təsir dairəsi ilə bağlı idi. Süjetlərin belə geniş yayılmasında qədim ozan sənətinin rolu az olmayıb. Əslində bu dastanların ilk versiyaları ozana məxsusdur.
"Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir abidəni yaradan ozan, şübhəsiz, məhəbbət və ailə-əxlaq dastanları da yaratmalı idi. Əslində isə "Arzu-Qəmbər", "Əsli-Kərəm", "Tahir-Zöhrə", "Novruz-Qəndab", "Qərib-Şahsənəm" kimi dastanların ilk variantını ozan yaradıb. Bu dastanların süjetini Qafqaz və Orta Asiya variantları, xalq nağılları, nəhayət, dastanlarda işlənən coğrafi adlar, əsatiri surətlər, qədim qəbilə və tayfa, tarixi şəxsiyyət adlarını diqqətlə izlədikdə həmin dastanların ilk versiyalarının orta əsrlərin erkən çağları ilə səsləşməsi nəzəri cəlb edir. Məsələn, Tahir Mirzə və Sarı Aşığın qədim Qaraman qəbilələrindən olması, "Qərib-Şahsənəm" süjetinin Bamsı Beyrəklə bağlı süjetlə yaxından səsləşməsi, Kərəmin Sənan kimi donuz güdməsi və ya Beyrəyi xatırlaması ("Ağqovaqqız-Beyrək bəinin dəngi"), "Şah İsmayıl və Gülzar" süjetinin ərəblərin Azərbaycana yürüşləri ilə səsləşməsi, Novruzun mağarada kəlləgözlə qarşılaşıb vuruşması, "İbrahim" dastanının "Yusif və Züleyxa" süjeti ilə yaxın oxşarlığı və s. bu surət və süjetlərin daha qədim qaynaqlardan qidalanması ehtimalını gücləndirir. Xatırladığımız dastanların çoxunda, hətta Əli kultunun da izi yoxdur. Bəzilərində isə Əli kultunun sonralar əlavə olunduğu aydın hiss olunur.
Dastanların ideya-məzmununa xidmət edən, onu bədii cəhətdən zənginləşdirən, dolğunlaşdıran, qəhrəmanın dar günündə ona kömək edən elə xeyirxah qüvvələr vardır ki, onlar, əlbəttə, qədim əsatiri görüşləri ifadə edən əfsanə və fantastik nağıllardan gələn fiqurlardır. Məsələn, Xızır, nurani dərviş, Ağ atlı, Simurq, göyərçin, ceyran libasına girmiş qız, qarı, bəzirgan, xoca, çoban və başqa xeyirxah qüvvələrdir. Əks qütbdə dayanan, qəhrəmanın yolunu kəsən, ona tor qu¬ran kəlləgöz, təpəgöz, div, küpəgirən qarı, həramilər, əjdaha, saray mühitindəki vəzir və s. isə mənfi qüvvələrdir.
Dastanlarda elə problemlər var ki, tədqiqatçılar hələ də onlar haqqında qəti fikir söyləməyiblər. Onlardan birincisi dastanın əsas qəhrəmanının şəxsiyyəti məsələsidir. Bu, xüsusilə real tarixi hadisələrlə səsləşən dastan qəhrəmanlarına aiddir. Bu da bəllidir ki, dastanlarımızın əksəriyyətinin qəhrəmanı aşıqdır, o, butasının arxasınca gedir. Bəs bu aşiq yaratdığı qəhrəmanın özüdürmü? Ədəbi qəhrəmandır, yoxsa həqiqi tarixi şəxsiyyətdir? "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanlarından başlamış sonrakı məhəbbət və qəhrəmanlıq dastanlarımızın əsas surətləri olan Məcnun, Kərəm, Şah İsmayıl, Novruz, Tahir Mirzə, Qərib, Sarı Aşıq, Qurbani, Abbas, Koroğlu və b. aşıq, şair, şahzadə, el qəhrəmanları, tacir oğlu olduqları halda həm dastan qəhrəmanları, həm də dastan müəllifləridirlər.
Dastanşünasların da fikrincə, nağıl və digər janrlardan fərqli olaraq dastanın mövzusu həyati zəminə bağlıdır, süjet olmuş əhvalatı əks etdirir. Belə olduqda, deməli, real hadisənin zəminində dayanan iştirakçı da real şəxsiyyətdir, əhvalat da onun ətrafında cərəyan edir. Şübhəsiz, dastanın müəllifi qəhrəmanı bizə həyatda olduğu kimi yox, öz arzusu və məramına uyğun təqdim edir. Yəni tarixi şəxsiyyət ədəbi qəhrəman kimi yeni keyfiyyətlərdə təqdim olunur.
Bizim dastan qəhrəmanlarımızın bəziləri qeyri-adi, fövqəladə hissetmə, duyma qabiliyyətinə malik olub. Qorqud Atada qaibdən xəbər vermək, onun qarğışının da, alqışının da hasil olmaq qüdrəti var. Kərəm insanların fikirlərini oxuya bilir (cənazədəki ölünün diri olduğunu xəbər verir), Qurbani dərvişlərin ürəyindən keçənləri üzlərinə deyir, Yaxşının diləkləri Sarı Aşığa əyan olur. Sarı Aşıq adamların itiyini də tapır, hətta şəyirdlərinin dediyinə görə keçən əsrə qədər yaşamış Aşıq Ələsgərdə də ürəkləri oxumaq hissi çox güclü olub. Deyişmə zamanı bəlli olur ki, bu qəhrəmanların əksəriyyəti tarixdə baş vermiş hadisələrə yaxından bələddir. Bir meracnamədə onlarla, bəzən yüzə yaxın hökmdarın və ya tarixi şəxsiyyətin adını sayırlar. Bu ənənə indiki ustad aşıqlar arasında da davam edir. Görünür, bu yol sənətin əsas şərti və meyarıdır. Bu, bizim dastan qəhrəmanlarımıza xas olan xüsusi bir keyfiyyətdir.
İkinci vacib məsələ dastanın hansı coğrafi ərazidə cərəyan etməsi ilə bağlıdır. Dastan qəhrəmanının şəxsiyyətini müəyyənləşdirmək üçün dastanda baş verən hadisənin harada, hansı tarixi şəraitdə cərəyan etməsini bilmək də əsas şərtlərdəndir. "Əsli-Kərəm" dastanında əhvalat Gəncədən başlayır. Ona görə də Kərəmin gəncəli olması ehtimalını irəli sürmək olar. Qurbaniyə, Abbasa, Sarı Aşığa, Qəribə də bu meyarla yanaşmaq lazımdır. Bizim bir çox dastançı aşıqlarımız öz dastanlarındakı hadisələri vətəndən uzaqlaşdırıb Yəmənə, İsfahana, Şama, Ruma, Hindistana, Çinə, Misirə, islam dünyasının qədim tarixi mərkəzlərinə köçürür, qəhrəman öz butasını bu yerlərdə axtarır. Şübhəsiz, bu, qəhrəmanı çətin səfər sınaqlarından çıxarmaq üçün əlverişli vasitədir. Digər tərəfdən də bizim bir çox aşıqlarımızın, başqa şair və ziyalılarımızın da ömürlərinin səfərlərdə keçməsi tarixi faktdır. Orta əsrlərdə aşıqlığın birinci şərti el-el, oba-oba, yurd-yurd, diyarbədiyar gəzmək, adamlar arasında olmaq, onları öyrənməkdir. Məhz elə buna görə də yuxarıda qeyd etdiyimiz kimi, aşıqlar çox gəzib, çox görüb, çox biliblər. "Çox gəzən çox bilər" misalını da güman ki, aşıqlar üçün deyiblər.
Şah İsmayıl Xətayi ilə başlayan yeni ictimai-siyasi, ədəbi-mədəni yüksəliş dövründə qədim dastanlara yeni həyat verildi. Aşıqlar öz dövrlərinin zəngin, mühüm hadisələrini əks etdirən monumental dastanlar yaratdılar. "Yaxşı-Aşıq", "Qurbani", "Koroğlu" dastanları, "Abbas-Gülgəz", "Şəhri və Mehri", "Mahmud və Ağcaquş", "Əzətinli Əmrah", "Məsum və Diləfruz", "Heydər bəy", "Nəcəf və Pərizad", "Mahmud və Nigar", "Qul Mahmud", "Səlim şah", "Şahzadə Əbülfəz", "Seydi və Pəri", "Müğüm şah", "Abdulla və Cahan", "Məhəmməd və Güləndam", "Bəhram və Gülxəndan", "Qulam və Kəmtər", "Səyat bəy-Sayalı xanım", "Baxış-Leyla", "Məhəmməd xan və Səlbi xanım", "Alı xan və Pəri xanım", "Xəstə Qasım" və onlarca başqa dastan aşıq və el şairlərinin yeni epik yaradıcılıqlarının məhsulu olub.
Azərbaycan xalq dastanlarının sonrakı XVII-XVIII əsrlərdə də belə sürətlə yaranıb yayılması, hətta qohum dilli xalqlara və qonşu xalqların şifahi ədəbiyyatına sirayət etməsi, "Koroğlu" kimi qəhrəmanlıq eposu, rəngarəng bəşəri ideyaları tərənnüm edən romantik ailə-məhəbbət dastanları elə bir vüsətlə inkişaf etdi ki, hətta yazılı ədəbiyyat üçün də meyar oldu.

Qara Namazov
professor