Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Mədəniyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Nazir: "İşğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti həm Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir"

Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə İCOMOS (İnternatinonal Council on Monument and Sites) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustavo Araoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın baş katibi Kristi Kovanen, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və başqaları iştirak edib.
Toplantıda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İCOMOS və onun fəaliyyəti haqqında məlumat verib. Nazir bildirib ki, toplantının Bakıda keçirilməsi əlamətdar hadisədir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra bu təşkilata üzv olub. Müəyyən səbəblərdən iki-üç il bu komitə ilə əlaqə sadəcə kağız üzərində qalıb. Sonradan Azərbaycan bu təşkilatın rəhbərləri ilə görüşərək bu yolda əməkdaşlığı gücləndirib, yeni layihələrə qoşulub. Layihələrə prezident İlham Əliyev şəxsən özü nəzarət edib. Dövlətin dəstəyi nəticəsində Azərbaycan İCOMOS arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub".
Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustavo Araoz bildirib ki, Azərbaycanla İCOMOS arasındakı əməkdaşlıq gələcəkdə ən yüksək səviyyədə inkişaf edəcək. Tədbirdə İCOMOS haqqında videoçarx təqdim olunub.
Qeyd edək ki, Abidələr və Tarixi Yerlər günü üzrə Beynəlxalq Şuranın təklifi və BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş Assambleyasının tövsiyələri əsasında hər il aprelin 18-də bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.
"Dağlıq Qarabağ ərazisində olan tarixi abidələrin taleyi bu gün də əsas müzakirə mövzusudur. Həmin ərazidə olan tarixi abidələrə bizim nəzarətimiz mövcud deyil. Hərbi münaqişə başa çatmayınca, sözsüz ki, bu tarixi abidələrin üzərindəki kölgələr davam edəcək". APA-nın məlumatına görə, bunu Bakıda Beynəlxalq abidələr və Tarixi Yerlər Günü münasibətilə İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, beynəlxalq ictimaiyyət həmin tarixi abidələrin taleyindən xəbərdardır: "Azərbaycan qeyri-maddi mənəvi irsin qorunmasında UNESCO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bir neçə dəfə Azərbaycana işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti ilə məşğul olan beynəlxalq qurumu dəvət etmişdik. Lakin işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu planlar həyata keçmədi. Həm Birləşmiş Millətlər Təşkilatı, həm də UNESCO səviyyəsində işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti daim qaldırılır. Bu, aktual məsələdir və daim bizim gündəliyimizdədir. Mətbuatda yayılan məlumatlardan görürük ki, işğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinki Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir".