Zahid Sarıtorpağın 60 yaşı tamam olub Mədəniyyət

Zahid Sarıtorpağın 60 yaşı tamam olub

Azərbaycan Tərcümə Mərkəzində şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın 60 illik yubileyi qeyd olunub.

Mərkəzinin direktoru, yazıçı Afaq Məsud yubilyarı ad günü və yeni nəşr olunan "Dərdin sarı çəpkəni" kitabı münasibəti ilə təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb: "Təbii ki, istedad hər kəsə verilmir, amma istedadla yanaşı, şəxsi keyfiyyətləri, nəcibliyi qoruyub saxlamaq da hər yaradıcı insana nəsib olmur. Zahid Sarıtorpağın ən böyük uğuru bu keyfiyyətlərin hamısını özündə cəmləməsidir".
Mərkəzin əməkdaşları – tərcüməçi, filologiya elmləri namizədi, dosent Vilayət Hacıyev, şair Zakir Fəxri, yazıçı Saday Budaqlı, tərcüməçi İlqar Əlfi, şair Əlisəmid Kür, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, dil mütəxəssisi Bəhlul Seyfəddinoğlu, yazıçı, Nəriman Əbdürrəhmanlı, şairə Rəbiqə Nazimqızı və başqaları yubilyara öz ürək sözlərini, təbriklərini çatdırıblar.
Şair, yazıçı, tərcüməçi Zahir Sarıtorpaq 1957-ci ilin 10 mayında Şamaxıda anadan olub. 1988-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin redaktorudur. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" şeir və "Dərdin sarı çəpkəni" nəsr kitablarının müəllifidir.
Məşhur ingilis klassiki Con Miltonun "İtirilmiş Cənnət" və "Qaytarılmış Cənnət" epopeyalarını, Fransua Moriakın, Artur Rembonun, Yuri Trifonovun, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqniya Bartonun əsərlərini, Aleksandr Soljenitsının "QULAQ arxipelağı" üçcildliyini dilimizə çevirib. V.Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və s. böyük qələm sahiblərinin əsərlərindən nümunələr onun tərcüməsində işıq üzü görüb.