Toy adətlərimiz Mədəniyyət

Toy adətlərimiz

Toy hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Toy mərasimi bütün dünya xalqlarının həyat tərzində mövcud olan ən qədim adətlərdən biridir. Toy hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Azərbaycanda maraqlı toy adətləri var. Hələ üstəlik hər milli azlığın, hər mahalın, hətta hər kəndin, elin özünə xas maraqlı adətləri mövcuddur. Hər birinin öz gözəlliyi var: qızbəyənmə, qızgörmə, xəbərgöndərmə, danışığagəlmə, elçilik, nişan, gəlingörmə, kəbinkəsdirmə, bayramlıq, xonçagətirmə, qız toyu, cehizaparma, xınayaxdı, gəlinaparma, oğlan toyu, üzəçıxdı, qonaqçağırma, ayaqaçdı və s. bu kimi adət-ənənələrimiz hələ də qalmaqdadır. Naxçıvan bölgəsinin toy adətləri mərasimlər içərisində özünəməxsus xüsusiyyətləri ilə seçilir. Şərur rayonunda da bu adət-ənənələr illərdən bəri nəsildən-nəsilə keçərək indiki dövrə qədər gəlib çatıb. Bu adət-ənənələr Şərur rayonunda hələ də mövcuddur. Bunlardan ilk olaraq elçi getmək adəti olub. Əvvəlcə oğlan evinin bəyəndiyi qız üçün qız evinə gəlmək razılığı alınır. Razılığı əvvəlcə xanımlar edir. Qız evinə getmək razılığı alınandan sonra "hə" cavabı almaq üçün sonra oğlan evinin ağsaqqal, ağbirçək, hörmətli adamları qız evinə xüsusi "şirin çay" adlı mərasimə toplaşırlar. "Hə" cavabı veriləndən sonra ortaya şirin çay gətirilir. "Hə" cavabı verilməyənədək oğlan tərəfi qız evində heç nəyə əl vurmaz. Ancaq qız evi bir dəfəyə razı olmaz. Oğlan tərəfini bir neçə dəfə elçi gəlməyə məcbur edirlər. Sonra razılıq verilir. Bundan sonra "üzük, yaylıq" adlı bir adət yerinə yetirilir. Qız evinə bir üzük və qırmızı rəngdə bir yaylıq aparılır. Buna "bəlgə" deyilir.
Qız üçün alınan geyim və əşyaların qırmızı rəngdə olması xalqımızın qırmızı rəngi xoşbəxtlik, səadət simvolu hesab etməsindən irəli gəlir. Sonra "nişan" üçün vaxt təyin olunur. Nişana aparılacaq "nişan üzüyü" alınır, geyimlər, şirniyyatlar, meyvələr, hədiyyələr hazırlanır. Qohum-əqrəba gəlin üçün nişan xonçası hazırlayır. "Nişan günü" oğlanın valideynləri və yaxın qohumları qız evinə gedirlər. "Nişan"ın xərcini oğlan evi çəkir. Buna "xərcixörək" deyirlər. Qız evinə qoyun, şirniyyat, ərzaqlar verilir. Qohumlar ətraflı tanış olurlar, sonra nişan taxılır. Bu zaman nişan üzüyünü oğlanın bacısı, ya da yaxın qohumlardan biri gəlinin barmağına taxır. Üzüyü taxana qız tərəfi hədiyyə verir. Qız evinin adamlarından biri oğlana yemək aparır və ona da hədiyyə verilir. Bu zaman ərzində oğlan qız evinə getməz. Toya qədər oğlanı qonaq çağırırlar. Buna "ayaqaçdı" deyirlər. Oğlan bir neçə dostu, qohumları ilə birlikdə qız evinə gedir və ona qonaqlıq verilir.
Toyun vaxtı müəyyənləşdikdən sonra hər iki ailə hazırlıq işlərinə başlayır. Bir qayda olaraq Şərurda toy şənliyi payız aylarında keçirilir. Toydan bir müddət öncə qonaqlar dəvət edilir. Toydan qabaq qızın anasına "süd pulu" deyilən məbləğ verilir. Bundan əlavə də "başlıq" verilir. Qız evi bu pula cehiz hazırlayır. Toyun birinci günü günortaya yaxın oğlan evi aldıqları geyim və əşyaları da götürərək çalğıçılarla birlikdə qız evinə "parçabiçdi"yə gedirlər. Bu qız üçün alınan parçanın qız evində biçilib sonradan tikilməsidir. Qız evində çalğıçılar "xələt" (yəni hədiyyə) və "nəmər" (yəni pul) istəyir. Buna çox zaman "müştüksındı" deyilir. Toydakı qonaqlar üçün bir çox ləziz yeməklər hazırlanır. "Bəy"in (yəni oğlanın) atasını, əmi və dayısını "qazanaçdı"ya çağırırlar.
Toyun yeməklərini bişirənlərə nəmər verilir. Nəmər verilməyənə kimi qazanların ağzı açılmır. Yeməklər düzülür. Qız-gəlinlər, cavan oğlanlar rəqs edir, yallı gedir. Şərur toylarını yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Şərurda yallının tarixi qədimdir. Toyda ağsaqqal və ağbirçəklər "Şahsənəmi", "Heyvagülü" oynayırlar. Şərur toylarında "Xına gecəsi" də olur. Buna "Xınayaxdı" da deyirlər. Bu adəti xanımlar çox gözəl və təntənəli surətdə qeyd edirlər. Xonçaya xına, meyvə, şirniyyat və s. qoyaraq çalğıçılarla birlikdə qız evinə gedirlər. Xına xonçasını gətirən qıza nəmər (yəni pul) verilir. Xınanı gəlinin əl-ayağına, saçlarına, gənc qızların əl-ayağına qoyurlar. Bu da səadət və xoşbəxtlik rəmzi sayılır. Xına gecəsi olan günün axşamı qız evi bəy xonçası hazırlayıb oğlan evinə gedər. Orada bəyi oynadırlar, bəyin başına pul, gül atılır və bəyə hər kəs "şabaş" (yəni pul) verir. Toy gecə yarıyadək davam edir. "Qazı-qazı", "Kos-kosa" oyunları oynanılır. Yallı gedilir. Toyun sonuncu günü axşama yaxın qız evinə çalğıçılarla birlikdə gedib rəqs edirlər. Bu zaman müxtəlif mahnılar oxunur.
Oğlan evinin ağsaqqalları gəlini çıxarmaq üçün evə daxil olur. Bu zaman qız evinin balaca oğlan uşaqlarından biri qapını kəsir və nəmər istəyir. Nəmər alandan sonra qapıdan çəkilib yol verir. Buna da "qapıkəsdi" deyirlər. Gəlini bəzəyənlərə də nəmər verirlər. Qırmızı yaylıqla gəlinin üzünü örtüb, qırmızı rəngli belbağıyla gəlinin belini bağlayırlar. Gəlinin belini bağlayan ağsaqqal üç dəfə belbağını gəlinin başından gətirib, ayağının altından keçirir. Üçüncü dəfə belində bağlayır. Düyün vurmaq olmaz. Bağlaya-bağlaya deyir:

Anam-bacım qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.

Sonra gəlinin valideynləri və ağsaqqal, ağbirçək qohumları gəlinə xeyir-dua verir. "Gəlin havası" - "Vağzalı" sədaları altında gəlin oğlan evinə yola düşür. Gəlin çıxanda oğlanın qohumları qız evindən bir qaşıq və bir boşqab alırlar. Yol boyu qaşıqla boşqabı döyəcləyirlər. Bu da şər ruhların qorxudulub uzaqlaşdırılması mənasını daşıyır. Qız evi ağ rəngdə bir toyuğu ya xına ya da qırmızı rənglə boyayıb, boğazına qırmızı lent bağlayır. Buna "gəlin toyuğu" deyirlər. Gəlin köçəndə toyuğu onunla yanaşı aparıb nəmər alırlar. Toyuğun ağ rəngdə olması ağ gün, səadət rəmzi daşıyır. Oğlan evində gəlinin başına qırmızı alma və şirniyyat atırlar ki, bu da bolluq, bərəkət rəmzidir. Gəlin evə girəndə qapının ağzına tərs çevrilmiş şüşə qab qoyulur. Gəlin vurub qabı sındırır. Bu da şər ruhların qorxudulması, gəlinin güc-qüvvəsinin sınanmasıdır. Bəyin anası gəlinə hədiyyə verir. Buna "Dizdayağı" deyirlər. Gəlinin yanındakı qadınlar "Haxışta" deyirlər. Haxışta Azərbaycan toy mərasimlərində yalnız Naxçıvan toylarına məxsusdur. Oğlan evinin xanımları gəlinin ətrafına toplaşır. Xanımlardan biri uca səslə sözləri deyir, ətrafdakılar isə bir səslə "haxışta" deyir.

Qızıl dişim laxladı, haxışta,
Verdim anam saxladı, haxışta
Anama qurban olum, haxışta
Yarı qonaq saxladı, haxışta...

Toydan üç gün sonra bəy və gəlin qız evinə qonaq gedir. Buna da "əlöpmə" deyilir. Qızın ağsaqqalları, ağbirçəkləri onlara xeyir-dua verir. Sonrakı günlər oğlanın qohumları gəlin və bəyi qonaq çağırırlar. Bu adət də yeni qurulan ailənin cəmiyyətdə özünə yer tutmasına, gələcəkdə qohumların bir-birinə qarşı mehribançılığına şərait yaradır.

Əroş Vəliyev,
araşdırmaçı