“Ana yurdum, Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırılıblar Mədəniyyət

“Ana yurdum, Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Qəbələ rayonunda Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan dramaturgiyası dünən və bu gün" mövzusunda "Ana yurdum, Azərbaycan" mövzusunda birinci respublika dram müsabiqəsi keçirilib.
Müsabiqə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının uşaq və gəncləri arasında təşkil olunub.
Müsabiqənin keçirilməsinin məqsədi klassik və müasir dramaturgiyamızın tarixinə nəzər salmaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda dostluq, xeyirxahlıq, tolerantlıq və vətənpərvərlik duyğularını aşılanmaq olub.
Müsabiqənin birinci mərhələsində fərqlənən kollektiv və ifaçılar növbəti mərhələdə iştirak hüququ qazanıblar.
Bölgələrdən Qəbələyə gələn kollektiv və iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra uşaqların Qəbələ şəhərinə ekskursiyası təşkil olunub, kollektivlərin "tanışlıq axşamı" keçirilib.
Müsabiqənin yekun tədbiri Qəbələ Mədəniyyət Mərkəzində reallaşıb. Yekun mərhələdə 14 müəssisədən 90-dək məktəblinin və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin çıxışları dinlənilib. Uşaqlar kompozisiyalar, bədii qiraət nümunələri və dramaturqların əsərlərindən hazırladıqları parçaları ifa ediblər.
İştirakçıların çıxışlarının qiymətləndirilməsi zamanı uşaqların səhnə danışığı və mədəniyyəti, obrazlı ifası, səhnə və musiqi tərtibatı, geyimi münsiflər tərəfindən əsas şərt kimi götürülüb.
Müsabiqənin nəticələrinə görə hər bir yer üzrə dörd nəfər, ümumilikdə 12 nəfər birinci, ikinci, üçüncü yerləri qazanıb.
Qaliblərə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.