“Göydəki gündən, yerdəki elimdən doymadım” Mədəniyyət

“Göydəki gündən, yerdəki elimdən doymadım”

Orxon-Yenisey abidələrində türk izləri...

2-ci yazı

"Gül Çor abidəsi"nin Şərq tərəfi üzərindəki 22 və 23-cü sətrdə oxuyuruq: "...döyüşdə vuruşub qoşununu qırdı, elini aldı, oğlunu, adamlarını bu... xaqanına işbara müdrik Küli çor..." "...ölüləri o qədər imiş. Yağıya yalqız (təkcə) sürətlə hücum edib arasına girib özü qısa (qəfil) həlak oldu". Burda, kütləvi insan qırğını ilə bərabər, qəhrəmanlıq, qorxmazlıq, şücaətlik obrazı da təsvir edilmişdir. "Kül Tigin abidəsi"ndə müharibənin dağıdıcılıq xüsusiyyəti göstərilir: "Qırx yeddi yol qoşun çəkmiş, iyirmi döyüş döyüşmüş, Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe etmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş. Atam xaqan bunca..."
Kül Tiginin igidliyindən danışılan bu abidənin Şimal tərəfi üzərindəki yazılarda döyüş zamanı atların öldüyündən, döyüşçülərin mühasirəyə alınaraq qılıncdan və nizədən keçirildiyindən bəhs olunur. "Bilgə Xaqan abidəsi"ndə amansız döyüşlərin nəticələrinin daha sarsıdıcı və dəhşətli olduğu bidirilir: "...Tabğac atlı (süvari) qoşununun on yeddi min əsgərini birinci gün öldürdüm. Piyada qoşununu ikinci gün bütünlükə (toplaşıb getdi)..." "...yol qoşun çəkdim... (otuza doqquz yaşımda) yazda tatabılara qarşı qoşun çəkdim..." "Mən öldürdüm...Oğlunu, qız-gəlinini , ilxısını, var-dövlətini..." "xaqanını...qız, gəlinini məhv etdim..." (Cənub tərəfi, 1,2,3,4-cü sətirlər). Böyük türk tarixində ciddi rol oynamış Bilgə xaqan müxtəlif yerlərə səpələnmiş türkləri birləşdirmək üçün təəssüf ki, o dövrün ənənəvi metodunu - müharibəni seçmişdi.
Abidənin (şərq tərəfi) 29-30-cu sətirlərində deyilir: "...Doqquz oğuz mənim xalqım idi. Göylər, yerlər qarışdığı üçün, həsəd günü çatdığı üçün yağı oldu. Bir ildə dörd yol döyüşüdüm..."
Şübhəsiz, bu "döyüşlər" çoxlu mqdarda insanın məhvi ilə nəticələnmiş, ətraf mühitə ciddi ziyan dəymişdir. Abidənin qərb tərəfinin 5-ci sətrində müharibənin ətraf mühitə təsiri kimi "dağda sığın qaçsa..." oxuyuruq. Müharibə çox vaxt təbii səngərlərdə - sıx meşələrdə, qaya arxasında, dərə və təpəliklərdə aparılırdı ki, tələfat az olsun, düşmən çox itki versin. Bu zaman ərazidəki müxtəlif canlıların həyatı təhlükə qarşısında qalırdı. "Süngü batımı (süngü qədər qalınlığı olan) qarı sökün". Kögmən ormanını üzüyuxarı yüyürüb qırğız xalqını yuxuda basdım (məğlub etdim). Xaqanı ilə Sona ormanında döyüşdüm. Xaqanını öldürdüm, elini onda aldım. O ili türkişlərə qarşı Altun ormanını aşaraq, İrtış çayını keçərək yürüdüm (yürüş etdim) (Şərq tərəfi, 26-27-ci sətir). Burada Gökmən, Sona və Altun ormanları meşəli dağlardır. "Süngü qədər qalınlığı olan qarı sökün" düşmən üstünə gedən qoşun meşə ekosisteminə mənfi təsir göstərməyə bilməzdi. Eləcə də müharibənin aparıldığı başqa ormanlara, məsələn, Yuxarı Ötükənə və s.
Müharibənin ətraf mühitə təsir vasitələrindən biri də maddi-təbii sərvətlərin qarət edilməsidir. Qiymətli filiz yataqlarının ələ keçirilərək daşınması, xalqın mənəvi dəyərlərinin (maddi mədəniyyətinin) dağıdılması müharibənin səciyyəvi xarakteridir. Orxan-Yenisey abidələrində biz buna aid misallarla qarşılaşırıq: "Tinəsi oğlu yata dağa çatmış, sahibi yox imiş. O yerə mən müdrik Tonyukuk hücum etdiyim üçün "sarı qızıl, parlaq gümüş, qız-gəlin, xalça, saysız pul gətirdi..." (Tonyukuk abidəsi. tərcümə. II daş. Cənub tərəfi. 47-48-ci sətrlər), yaxud "...Karluq və tibetlilərə hücum etdi. Bayraqlarını parçaladı. Başlarını qopartdı, qaçanları təqib edərək qərbə doğru Pahana ölkəsinə qədər qovladı. Xalqı mal-qaraları ilə birlikdə əsir aldı. Bu səbəbdən Yəbqu onun əmr və fərmanlarını dinləyərək torpaqlarını tərk etdi" (Üçüncü Uyğur abidəsi. Mətnin çincə tərcüməsi. 20-ci sətr.) Başq bir misal. "On yeddi yaşında tanqutlara qarşı qoşun çəkdim. Tanqut xalqını pozdum, oğlunu, qız-gəlinini, ilxısını, varını (dövlətini) onda aldım... " (Bilgə Xaqan abidəsi. I daş. tərcümə. Şərq tərəf. 24-cü sətir)
Orxon-Yenisey abidələrində heyvani qidalardan və ağır içkilərdən (spirtli içkilərdən) imtina ilə bağlı maraqlı fikirlər vardır (8 və 9-cu sətirlər). Üçüncü Uyğur abidəsinin çincə mətnində bu barədə yazılıb. Bu cür münasibət heyvanları qida tələbatına görə məhv etməkdən çəkindirir, orqnizmə mənfi təsir göstərən zərərli içkilərdən daşındırırdı. İsti qan içmək qatillik sayılırdı. Tövsiyyə olunurdu ki, "işıq dinini qəbul etməlisiniz"(10-cu sətir). Fikrimizcə, "işıq dininə" sitayiş zərdüştçülüyün izləri kimi faydalı cəhətinə görə təbliğ olunurdu. Buna səbəb canlı orqanizmlərin inkişafında işığın, yəni günəş işığının - hərarətin, istiliyin əhəmiyyət daşıması idi. "Üçüncü Barlı abidə"si üzərindəki 3-cü sətr həmin fikrin doğruluğunu təsdiq edir: "Göydəki gündən, yerdəki elimdən doymadım". Günəş - işıq, istilik olmadan canlı orqanizmlərin inkişafı mümkün deyil. Qədim türklər ekoloji baxımdan bunu çox düzgün anlamış və ölçülüb - biçilmiş fikir yrütmüşlər. Qədim türklər canlının inkişafını yalnız Günəşlə (işıq və istilkilə) məhdudlaşdırmır, oprimal şərait baxımdan mühitin qidalılığını, torpağn münbit olmasını da əsas götürüdülər. Üçüncü Uyğur abidəsinin çincə mətninə (15-ci sətr) yenidən nəzər salaq: "Torpaqlarında rahat duran və təmiz hava niyyyətilə nəfəs alan əhalidən yaxşı olanları iltifata qərq etdi; ona qarşı çıxanları isə qızıl qana boyadı. Bundan sonra şoran yerdə köçəri həyat sürənləri şirin dillər tökərək oturaq həyata dəvət etdi və xalqa iltifat göstərdi." Şoran torpaqlar məhsul vermir. Ona görə də Göy Xaqan belə yerlərdə köçəri həyat sürməkdənsə, əksinə yararlı münbit torpaqlarda məskunlaşaraq oturaq həyat keçirməyə, əkib-becərməyə çağırırdı. Burada torpağın ekoloji cəhətdən yararlı - yararsız olması diqqətə çatdırılır, təmiz hava ilə nəfəs almağın faydası bildirilir.
Orxon-Yenisey abidələri üzərindəki heyvan təsvirləri, ayrı-ayrı mətnlərdə bir çox heyvanların adlarının çəkilməsi abidələrin qoyulduğu (yazıldığı) dövrlərdə bioloji müxtəliflik barədə müəyyən təsəvvürlər yaradır. "Gül Tigin abidəsi"nin üzərində əjdaha və dağ keçisi, "Bilgə Xaqan abidəsi"ndə əjdaha (ilan), "Ulan-Bator Kirəmid abidəsi"ndə və "Bir balbal abidəsi"ndə iki təkə (erkək keçi) rəsmləri təsvir olunub. Bunlardan əlavə, mətnlərdə bars (pələng), dovşan, keyik (ceyran), xallı maral, canavar, at, öküz (inək), ilan, qızıl quş, şahin, böcək, qurd və s. heyvan, eləcə də müxtəlif növ bitki adlarına rast gəlirik. Orxon-Yenisey abidələrindəki 12 ildən bir dəyişən heyvan təqvimi də göstərir ki, qədim türklərə heyvanların davtranışları, həyat tərzi və bioloji xüsusiyyətləri məlum imiş. Qara-Yus, Uyuq-Arxan abidələri üzərində, digər abidə və başdaşılarında müxtəlif növ heyvanların təsviri əksini tapıb. Bunlardan maral, qaban, vəhşi öküz, və s. göstərmək olar.
Orxon-Yenisey abidələrində qiymətli daşların xassələri barədə də məlumat verilir. Bu bizə böyük Azərbaycan mütəfəlkkiri Nəsrəddin Tusinin "Tənsuqnamey-Elxani" ("Cəvahirnamə") əsərini xatırladır. "Turran abidəsi"ndə açıq-mavi daşın Tahir
(Merkuri), açıq daşın Hürmüzd (Yupiter), sarı daşın Venera, qara daşın Saturn, sarı-qırmızı daşın Ayın əlaməti olduğu bildirilir. Göründüyü kimi, planetlər haqqında da müəyyən təsəvvürlərə malik olan qədim türklər, səhvən Ayı da onların sırasına daxil ediblər. Qeyd etmək lazımdır ki, həmin dövrdə Ayın Yer planetinin təbii peyki olması barədə elmi kəşflər məlum deyildi. Qədim türklər, bütün daşların fəziləti olduğuna inanırdılar. Onlar hesab edirdilər ki, kim qırmızıtəhər su çıxan açıq daşı üzərində gəzdirsə, həmişə uğur qazanar. Həmin daşdan açıq-mavi su çıxsa, yabançı adamdan (düşməndən) təhlükə görməz, yaşıl su çıxsa zəhərli qurd və böcəklərin qorxusu olmaz.
Qədim türklər müəyyən səviyyədə ekoloji fikirlərə malik olublar. Ona görə də ətraf mühitin qorunması, onun faydalı və zərərli cəhətləri barədə düşüncələrini abidələr üzrində əks etdirməyə çalışıblar. Təəssüf ki, indiyədək Orxon-Yenisey abidələri tarix və dilçilik istiqamətində öyrənilsə də, bu sahədə hələ ciddi elmi araşdırma aparılmayıb. Zənnimcə, ekologiyanın öyrənilməsi və tarixiliyi baxımdan Orxon-Yenisey abidələrinin tədqiqi çox vacibdir.


Yusif Dirili (Mahmudov),
Ətraf mühit üzrə tədqiqatçı