Şanxay Əməkdaşlıq Təşkilatının binasında “Azərbaycan Mədəniyyəti Günü” Mədəniyyət

Şanxay Əməkdaşlıq Təşkilatının binasında “Azərbaycan Mədəniyyəti Günü”

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib. Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Mədəniyyət günü Azərbaycanın ŞƏT çərçivəsində keçirdiyi ilk tədbir olub.
Azərbaycanın Çindəki səfirliyindən APA-ya verilən məlumata görə, qonaqlar ŞƏT-in mənzil qərargahının həyətində Azərbaycanın mədəniyyətini, tarixi və mədəni abidələrini, müasir memarlıq incilərini əks etdirən fotokompozisiyalardan ibarət, habelə Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair stendlərlə tanış olublar. Tədbir çərçivəsində təşkilatın binasında "Azərbaycan mirvarisi" adlı sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş etdirilib. Bundan başqa, tədbir iştirakçıları xalqımızın xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanışlıq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, o cümlədən musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R.Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını deyib. O, ötən ay Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladıb, yenidən dövlət başçısı seçilən İlham Əliyevin ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri və əməkdaşlığı gücləndirməyə sadiqliyini bəyan etdiyini, hazırkı tədbirin bunun bariz göstəricisi olduğunu söyləyib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı tədbirin Azərbaycan üçün əlamətdar bir vaxtda - müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf etdiyini bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycanın fəal xarici siyasət yürütdüyünü diqqətə çatdıran səfir ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.
Səfir Ə. Zeynallı Heydər Əliyev Fondunun tədbirin ərsəyə gəlməsində göstərdiyi böyük dəstəyi vurğulayaraq, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təqdim və təbliğ olunduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra Azərbaycana aid videoçarx nümayiş olunub.
Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. "Mirvari" rəqs ansamblının ifasında rəqslərimiz təqdim olunub. Solist Ülkər Əliyeva, Tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.