YUNESKO-nun 25 illiyi Mədəniyyət

YUNESKO-nun 25 illiyi

Beynəlxalq Muğam Mərkəzində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mədəni tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən öncə Muğam Mərkəzinin foyesində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışı və DA incəsənət studiyasının gənc rəssamlarının ölkəmizin YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgisi təqdim olunub.
Tədbirin əvvəlində Azərbaycan Dövlət Televiziyası və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə hazırladığı qısametrajlı film göstərilib. Filmdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf mərhələləri, ölkəmizin əldə etdiyi uğurlar və digər məsələlər öz əksini tapıb.
Tədbirdə Azərbaycanın tanınmış xanəndələri xalq artisti Mənsum İbrahimov, əməkdar artist Arzu Əliyeva, əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ustası Elnur Əhmədov, Fikrət Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, gənc aşıqlar kollektivi, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi, gənc muğam ifaçısı Kənan Bayramov çıxış edib.
Mədəni tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın üzvləri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir zamanı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən birgə hazırlanan, muğam parçalarından ibarət CD albom və Azərbaycan-YUNESKO münasibətlərinə həsr olunmuş aidiyyəti nəşrlər təqdim olunub.