
Türkiyədə Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını ən gözəl şəkildə təmsil edən layihələrdən biri də uzun illərdir davam edən “Azərbaycan rüzgarı” proqramıdır.
AZƏRTAC-ın xüsusi müxbiri bu layihənin müəllifi və aparıcısı, uzun illərdir Türkiyənin müxtəlif platformalarında milli dəyərlərimizi layiqincə təmsil edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səidə Ömərlə söhbət edib.
Rəqsi həyatda qazandığı bütün uğurların açarı kimi qiymətləndirən həmsöhbətimiz həyat hekayəsini bizimlə bölüşüb: “Rəqslə tanışlığım çox erkən yaşlarda başladı. Bacımla birlikdə rəqs dərnəyinə gedirdik. Müəllimim Dilbər Abdullayeva məndə olan istedadı görərək valideynlərimə bizi musiqi məktəbinə yazdırmağı tövsiyə etdi. Beləliklə, Vaqif Mustafazadə adına 2 nömrəli musiqi məktəbinin “Aysel” Rəqs Ansamblında beş il təhsil aldıq. Sonradan da rəqsdən ayrılmadım. Artıq 15 yaşımdan mədəniyyət evlərində rəqs dərsləri keçməyə başlamışdım. Eyni zamanda universitetə hazırlaşırdım. Mənim üçün sənət və təhsil həmişə paralel inkişaf edib. Uşaqlıq illərimdən dövlət tədbirlərində fəal iştirak etmişəm. Rəqs kollektivi ilə çıxış etdiyim dövrdə Ümummilli Lider Heydər Əliyevlə dəfələrlə görüşmək imkanım olub. Bir çox rəsmi tədbirdə onun çıxışlarını canlı dinləyənlərdən biriyəm və bunun üçün özümü çox şanslı hesab edirəm. Onu dinləmək izahedilməz hissdir. Həmin dövrdən Ümummilli Liderlə çəkilmiş tarixi bir fotoşəkilim də var. Bu şəkil mənim üçün sadəcə bir xatirə deyil, milli-mənəvi dəyərlərə bağlılığımın rəmzidir. Sonradan həmin şəkil dərsliklər də daxil olmaqla bir çox yerdə istifadə edilib”.
Təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu ixtisası üzrə, Xalq artisti Oqtay Mirqasımovun sinfində davam etdirdiyini bildirən müsahibimiz sözlərinə belə davam edib: “İlk il kursumuza 16 tələbə qəbul olunmuşdu. Oqtay müəllim bu gün Azərbaycan kinosunun canlı əfsanəsidir və o, hər kəsə öz adını daşıyan diplom vermək istəmirdi. Bir ildən sonra seçim edildi və cəmi səkkiz nəfər qaldıq. Yəni, mən də seçilən həmin səkkiz tələbədən biri idim. Bu gün də Oqtay Mirqasımovun tələbəsi olduğumu, onun peşəkar məktəbini və pedaqoji yanaşmasını öyrəndiyimi qürurla deyirəm. Universitetin ikinci kursunda kinostudiyada işləməyə başladım və Oqtay müəllimin “Günaydın, mələyim!” filmində rejissor assistenti kimi fəaliyyət göstərdim. Elə həmin dövrdə Suraxanı rayonu 2 saylı uşaq evindən mənə təklif gəldi ki, uşaqları iki ay ərzində festivala hazırlayım. Təklifi qəbul etdim. Əslində iki aylıq getmişdim, amma düz 13 il orada işlədim. Bu uşaqlarla aramızda elə güclü bağ yarandı ki, onlardan ayrılmaq istəmədim. Universitetdə film imtahanları zamanı çəkdiyimiz ekran işlərində də həmin uşaqlar iştirak edirdi. Beləliklə, həm yaradıcılıq fəaliyyətimi davam etdirir, həm də onların inkişafına töhfə verirdim. Orada təkcə uşaqlara dərs demədim, həm də özümü yenidən kəşf etdim. Biz o uşaqlarla Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Dan ulduzu” uşaq yaradıcılıq festivalı və digər çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edirdik. Müxtəlif ölkələrdən uşaq evlərinin qatıldığı bu festivallarda mənim tələbələrim dəfələrlə uğur qazandılar. Onların arasında 3 yaşından 15 yaşınadək tələbəm var idi. Biz rəqs qrupumuzla dövlət televiziyasında yayımlanan proqramlarda da tez-tez çıxış edirdik. Sonralar televiziyada həm rəqs, həm də uşaq verilişləri aparmağa başladım. Həmin proqramlara da uşaq evinin uşaqlarını cəlb edir, onların istedadlarını nümayiş etdirmələri üçün imkan yaradırdım. Bu uşaqlar arasında bu gün tanınmış aktyorlar, televiziya və incəsənət sahəsində işləyənlər də var. Bu müddət ərzində Heydər Əliyev adına liseydə yaratdığım "Ağ çiçəklər" rəqs qrupu ilə də 8 il ərzində fəal fəaliyyət göstərmişəm”.
Atasının azərbaycanlı, anasının isə Qaqauz türkü olduğunu vurğulayan Səidə qarışıq türk ailəsində dünyaya gəldiyini, lakin valideynlərini çox tez itirdiyini deyir: “Valideynlərimi itirdikdən sonra həyatımda yeni mərhələ başlatmaq qərarına gəldim. Təhsilimi davam etdirmək istəyirdim. Sənədlərimi Türkiyəyə təqdim etdim və İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino ixtisası üzrə magistratura proqramına qəbul olundum. Azərbaycanda televiziya təcrübəm olduğu üçün Türkiyədə də bu sahədə fəaliyyət göstərmək istəyirdim. Müraciətlərim nəticəsində “Bengü Türk” televiziyasında mənə imkan yaradıldı. Burada "Azərbaycan rüzgarı" adlı proqram hazırlayıb təqdim etdim. Veriliş üç il ərzində hər bazar günü efirə çıxdı. Bu işi heç bir maddi qarşılıq gözləmədən, sırf Azərbaycanı tanıtmaq və iki ölkə arasında mədəni əlaqələrə töhfə vermək məqsədilə görürdüm. Açığı, çoxlarına bu inandırıcı gəlmirdi. Lakin, Türkiyədə çalışan akademiklər, universitet müəllimləri və uzun illərdir İstanbulda yaşayan soydaşlarımız mənə böyük dəstək oldular. Onlar verilişimə qonaq kimi qatılır, həm mənəvi, həm də peşəkar dəstək göstərirdilər. Proqramın davam etməsi üçün çox qapılar döydüm, müxtəlif qurumlara və şəxslərə müraciət etdim. Çünki televiziya layihəsinin dekorasiya, geyim, texniki təminat və digər xərcləri var idi. Bir müddət şəxsi imkanlarım, müxtəlif təşkilatların dəstəyi və aldığım təqaüd hesabına verilişi davam etdirdim. Bu proqram Türkiyədə Azərbaycanı sistemli şəkildə tanıdan ilk televiziya layihələrindən biri oldu. Verilişin əsas məqsədi tariximizi, coğrafiyamızı, ədəbiyyatımızı, musiqimizi və mədəniyyətimizi təbliğ etmək idi”.
O, COVID-19 pandemiyası dövründə İkinci Qarabağ müharibəsinin başlamasına baxmayaraq fəaliyyətini dayandırmadığını deyir və gülümsəyərək əlavə edir: "Yəqin bu, mənim qanımda var. “Televiziya rəhbərliyinə müraciət edərək proqramın yenidən efirə qaytarılmasını xahiş etdim. Müharibə günlərində də heç bir maddi qarşılıq gözləmədən verilişi davam etdirdik. Vətənimin Zəfər xəbərlərini Türkiyə televiziya məkanında ilk təqdim edən aparıcılardan biri olmaq mənim üçün böyük qürur idi. Sonradan Azərbaycan Diasporuna Dəstək Fonduna layihə təqdim etdim. Fond üç ay ərzində layihəyə dəstək verdi və həmin müddətdə proqram efirdə yayımlandı”.
Hazırda “Azərbaycan rüzgarı” layihəsi radio proqramı formatında “TRT Türkü” radiosunda yayımlanır və sevilərək dinlənilir..
Həmsöhbətimiz İstanbul Universitetində magistr təhsilini bitirdikdən sonra elmi tədqiqatını Azərbaycan kino və televiziya məkanında spirtli içkilərin reklamı və təşviqinin olmaması üzərində qurub. Bu tədqiqat əsəri Türkiyədə nəşr olunub. Sonra o, Türkiyə dövlətinin təqaüdü və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə doktorantura təhsili almaq hüququ qazanıb və bu təhsili də uğurla başa vurub.
“Hazırda sevərək həyata keçirdiyim layihələrimdən biri də türkdilli xalqların musiqiçilərindən ibarət “Rüzgar” qrupudur. Qrupumuz 2024-cü ildə İstanbulda fəaliyyətə başladı. Digər qruplardan əsas fərqimiz isə ondan ibarətdir ki, biz ədəbiyyat və musiqini sintez edərək səhnə kompozisiyaları hazırlayırıq. Bu kompozisiyalarla dövlət tədbirlərində, eləcə də müxtəlif festival və mədəniyyət proqramlarında çıxış edirik. Bu il isə Türkiyədə keçirilən növbəti Etnoidman Mədəniyyət Festivalında “Rüzgar” qrupu olaraq dörd gün ərzində iştirak etdik. Burada ölkəmizi və mədəniyyətimizi təmsil etmək bizim üçün böyük qürur və şərəf idi. Biz öz ədəbiyyatımızı və musiqimizi dünyaya çatdırmaq istəyirik. Qrupumuz heç bir maddi dəstək almır. Buna baxmayaraq, biz gənclər olaraq bu kollektivin fəaliyyətini davam etdirməsi və dağılmaması üçün əlimizdən gələni edirik. Qrupun yaşaması və Azərbaycan mədəniyyətinin təbliği naminə bütün işləri şəxsi təşəbbüs və böyük həvəslə həyata keçiririk. Bu fəaliyyət bizim üçün sadəcə sənət deyil, həm də milli-mədəni dəyərlərimizi yaşatmaq missiyasıdır. Elmi fəaliyyətlə mədəniyyət sahəsini eyni zamanda davam etdirmək asan olmasa da, hər iki istiqamətdə uğur qazanmaq üçün əlimdən gələni edirəm”-deyə, Səidə Ömər fikirlərini tamamlayıb.