13:29
357
Livan Bağdadda keçirilən danışıqlar zamanı İraqa Hörmüz boğazından yan keçəcək neft tranziti marşrutu təklif edib.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlamasında politoloq Turab Rzayev qeyd edib ki, məsələnin iki yönü ilə baxmaq lazımdır: “Bir tərəfdən bu cür alternativ yollar çoxalır və bu yolların çoxalması Hörmüz boğazından ən azından kənar keçərək dünya okeanına çıxmaq imkanları yaradır. Məsələn, təkcə İraqdan Livana gələn xətt deyil, eyni zamanda, İraqdan Suriyaya gedən xətt, eləcə də Səudiyyə Ərəbistanının şərqindən qərbinə gedən kəmər və Birləşmiş Ərəb Əmirliklərindən, Omanın üzərindən okeana çıxan da xətt müzakirə olunur. Paralel olaraq İraqdan İordaniyaya, Qırmızı dənizə çıxan başqa bir xətt də müzakirə olunurdu. Bütün bunlar Hörmüz boğazından asılılığı azaltmaq və Hörmüz boğazı bağlanacağı təqdirdə İran təhlükəsizlikdən kənarda qalması üçün atılan addımlardır. Həmçinin İran tərəfi bütün bunları nəzərə alaraq Bab əl-Məndəb boğazındakı husiləri də aktivləşdirib ki, digər tərəfdən nəzər altına alsın”.
T.Rzayev bildirib ki, bütün bunlar alternativ enerji marşrutları, enerjini daha sağlam şəkildə çatdırmaq üçün yeni yollar yaradır: “Başqa bir məsələ var ki, İranda hazırda hakimiyyət özü də qarışıqdır. Xüsusilə İran hakimiyyətindəki şiə qruplar və Hizbullah İrana çox yaxınlığı ilə seçilir və eyni zamanda biz vaxtaşırı görürük ki, daimi olaraq Livanda şiə qruplarla xristian qruplar birgə hərəkət edir. Hansı ki, xristian qruplar daha çox Avropa İttifaqı ilə daha yaxındırlar. Həmçinin İraqın özündə də İranın kifayət qədər nüfuzu var. Faktiki olaraq bir tərəfdən Hörmüzdəki problemlərdən qaçmaq üçün inşa olunan kəmər digər tərəfdən əgər İraqda və Livanda İrana yaxın siyasi qüvvələrin nəzarəti altından keçirsə, onlara nə qədər etibar etmək olar bu sualın özü hələ də açıq olaraq qalır”.
Röya İsrafilova