Ukrayna Rusiyanın nəhəng neft bazasını bombardman etdi Dünya

Ukrayna Rusiyanın nəhəng neft bazasını bombardman etdi

Rusiyanın Udmurtiya Respublikasında yanacaq və neft məhsullarının uzunmüddətli saxlanması üçün nəzərdə tutulan “Prioritet” kombinatı hücuma məruz qalıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hədəfə dəqiq zərbə endirildiyi və müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Qeyd olunub ki, “Prioritet” kombinatı Rusiyanın Dövlət Material Ehtiyatları Sisteminin (Rosrezerv) tərkibinə daxildir və hərbiləşdirilmiş mühafizə altında olan qapalı tipli strateji obyektdir.

Baş Qərargah bildirib ki, müəssisə dövlət əhəmiyyətli iri neft bazası funksiyasını yerinə yetirir və fövqəladə hallar və ya müharibə dövründə istifadə olunmaq üçün yanacaq, neft məhsulları və yanacaq-sürtkü materiallarının uzunmüddətli saxlanması məqsədilə nəzərdə tutulub.

Məlumatda həmçinin vurğulanıb ki, bu obyekt Ukrayna sərhədindən 1300 kilometrdən artıq məsafədə yerləşir.

Ukrayna ordusu işğal edilmiş Krım yarımadasında maddi-texniki təchizat və yanacaq-sürtkü materialları anbarlarını da vurub.

İşğal edilmiş Luqansk vilayətinin Çervonopopivka yaşayış məntəqəsi yaxınlığında yerləşən Rusiya ordusuna dron anbarına da zərbə endirildiyi bildirilib.