Ə.Müznibin X.Natəvana həsr etdiyi kitab Mədəniyyət

Ə.Müznibin X.Natəvana həsr etdiyi kitab

Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Aşıq Pəri ilə bərabər Xurşudbanu Natəvan (1832-1897) da Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olmuş qadın şairlərimizdəndir. Camaat arasında Xan qızı adı ilə tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi, əliaçıqlığı, yoxsullara kömək etməsi, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı.
Onun çoxtərəfli istedadı, şairliklə bərabər gözəl rəsmlər çəkməsi, musiqini, muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilmişdi. Şairənin yaradıcılığı həmişə diqqət mərkəzində olub, onun əsərləri 1928, 1938, 1956, 1981, 1984 və 2004, 2012-ci illərdə çap edilib, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görüb.
Azərbaycan Prezidenti "Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında" 3 aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu gözəl şair və ictimai xadimin həyat və yaradıcılığına dair araşdırmalar intensivləşib, bir neçə yeni material üzə çıxarılaraq çap edilib. Bunlardan Natəvanın başçılıq etdiyi "Məclisi-üns"ün katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində məclisin yaranması, keçirilməsi, üzvləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar var. Əlyazmalar İnstitutunda Zülfüqar Hacıbəylinin arxivində saxlanan bəstəkarın qardaşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qori müəllimlər seminariyasında oxumağa gedərkən Natəvanla görüşüb ondan xeyir-dua almaları barədə kiçik xatirə var.
Zülfüqar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təsdiqləyib. Cəlil Məmmmədquluzadənin Əlyazmalar İnstitutundakı arxivində Xurşidbanunun qız nəvəsi Əkbər xan Naxçıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilində, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söylənib ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində "Məclisi-üns"ün yığıncaqlarının keçirilməsinə dair müəyyən məlumatlar var. Bütün bu materiallar, şairənin şeirləri və Əlyazmalar İnstitutunda saxlanan "Gül dəftəri" adlı albomundaki rəsmlərinin reproduksiyaları ilə birlikdə 2012-ci ildə "Təhsil" nəşriyyatında nəfis şəkildə çap edilmiş "Neçin gəlməz" kitabına daxil edilib (tərtib edəni Mustafa Çəmənli, elmi redaktoru və ön sözün müəllifi Paşa Kərimovdur).
Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair materialların axtarışı prosesi davam etməkdədir. Bir nüsxəsi institutuda saxlanan, 1928-ci ildə "Azərnəşr"də çap edilən "Natəvan Xurşidbanu" kitabı bəzi cəhətlərinə görə diqqətimizi cəlb edir. 82 səhifədən ibarət kitabın redaktoru və ön söz müəllifi Hənəfi Zeynallıdır. Buraya şairin həyat və yaradıcılığı barədə ümumi məlumat, onun 38 şeiri (nədənsə 37 nömrəli şeirdən sonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeirlər, qəzəllərinə yazılmış nəzirələr daxildir.
Vaxtı ilə natəvanşünaslığa dəyərli töhvə olmuş, bu mövzuda yazılmış sonrakı tədqiqatlarda nəzərə alınan kitabın tərtibçisi qeyd edilməyib. Kitabın Əlyazmalar İnstitutunda saxlanan ikinci nəşrinin əlyazması aşkar edilməsəydi, əsərin tərtibçiısini tapmaq mümkün olmayacaqdı. İnstitutda C-218 şifri altında mühafizə edilən əlyazma "Natəvan Xurşidbanu" kitabının çap edilməmiş ikinci nəşrinin əlyazmasıdır. 218 səhifəlik bu məcmuədə toplanan materiallar, Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar həcmcə birinci nəşrdən əhəmiyyətli dərəcədə çoxdur. Toplu ümumiyyətlə, XIX əsr ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük maraq doğurur. Buradakı "And verirəm" və "Zeynəb" rədifli iki şeirə-növoəyə Xurşidbanunun çap edilmiş şeir kitablarında rast gəlmirik. Natəvanın müasirlərinə ədəbi təsirini sübut edən əsərlərinə müxtəlif ədəbi məclis üzvləri tərəfindən yazılan nəzirələr barədə geniş məlumat da böyük maraq doğurur.
Bütün bu toplanan materiallar, müəllifin tədqiqat xarakterli qeydləri topluya həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Qeyd etmək istədik ki, əlyazmanın xəttinin görkəmli ədəbiyyatşünas Əliabbas Müznibə (1883-1938) məxsus olduğunu müəyyən etdik. Tədqiqatçının 193-cü səhifədə adını öz əli ilə yazdığını gördükdən sonra artıq heç bir şübhə yerimiz qalmadı. Əvvəlcə kitabı bu yerdə tamamlamaq qərarına gəlmiş Ə.Müznib tarix də qoyub: 1934-cü ilin mayı. Lakin sonradan o, tədqiqatını davam etdirib, "Natəvanın həcv edilməsi və həcvin təsiri" adlı hissə də əlavə edib. Əlyazmanı diqqətlə nəzərdən keçirdikdə görürük ki, bəzi səhifələr düşüb. Onu da qeyd etmək istərdik ki, əlyazmaşünas alim Nəsrəddin Qarayevin "XIX əsr Azərbaycan ədəbi məclisləri" adlı monoqrafiyasını nəzərdən keçirərkən onun da əsəri Ə.Müznibə aid etdiyini görürük.
Əsərdə XIX əsrdə Şuşada, ümumiyyətlə, Azərbaycanda cərəyan edən ədəbi həyat barədə çox maraqlı məlumatlar toplanıb. Görürük ki, ədəbi məclis şairlərinin xalqın gündəlik həyatından uzaqlaşaraq klassik ənənəni təqlidlə məşğul olduqları fikri həqiqətə uyğun deyil. Kitabda Məmo bəy Məmainin çar Rusiyasının işğalçılıq siyasətinə, Qarabağın erməniləşdirilməsinə qarşı yazdığı, vətəndaşları ayılmağa çağıran bu beyti çox şeydən xəbər verir:

Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhm edənim, anlayanım, dərk edənim yox.

Beləliklə, görkəmli tədqiqatçı və şair, Stalin repressiyalarının qurbanlarından biri Əliabbas Müznibin son dövrlərdə üzə çıxarılaraq oxucuların ixtiyarına verilmiş əsərlərinin sırasına "Natəvan Xurşidbanu" kitabı da əlavə olunur. Bəs nə üçün kitabın 1928-ci ildə çapdan çıxmış ilk variantında müəllifin adı göstərilməyib, əsərin genişləndirilmiş, təkmilləşdirilmiş variantı sonralar işıq üzü görməyib? Bu suallara hələlik cavab vermək imkanına malik deyilik.

Nailə Mustafayeva,
araşdırmaçı