“Naşir pedaqoq deyil, o, nə bilir, dərslik necə olmalıdır?!“ İqtisadiyyat

“Naşir pedaqoq deyil, o, nə bilir, dərslik necə olmalıdır?!“

Əjdər Ağayev: "Dərslik müəllifləri jarqon sözlərin səviyyəsinə fikir vermirlər"


"Dərsliklərdə şagirdlərə ədəbi dillə yanaşı, jarqon sözlər də öyrədilməlidir. Amma müəlliflər nədənsə jarqon sözlərin səviyyəsinə fikir vermirlər. Məsələn, romandan elə jarqon ifadəni dərsliyə salıblar ki, bu, obraz üçün, əsər üçün mümkündür. Amma onu dərsliyə gətirmək olmaz. Həmin söz o qədər biabırçı sözdür ki, mən heç onu adi danışıqda belə işlədə bilmirəm".
Bunu APA-ya Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib. O bildirib ki, dərsliklərin hazırlanması, istifadə qaydaları, metodikası, nəşri, onların məktəblərə çatdırılması yenidən mükəmməl şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir: "İbtidai sinif, "Riyaziyyat" və "Ana dili" dərsliklərində müəyyən üslub səhvlərinin olmasını təhsil mütəxəssisləri bilir. Təhsil Nazirliyi deyir ki, iradlar nəzərə alınır, dərsliklər təkmilləşdirilir və tədricən bu qüsurlar aradan qaldırılacaq. Mən buna inanıram ki, nazirlik bacardığını edəcək. Amma nöqsanların nədən, niyə yarandığı tapılmalıdır. Bu nöqsanlar ona görə yaranır ki, dərsliklərin hazırlanma qaydaları Təhsil Nazirliyinin hazırladığı qaydalarla aparılmır. Qayda belədir ki, dərsliklərin hazırlanması ilə bağlı nəşriyyatlar arasında tender keçirilir və hansı nəşriyyat tenderi udursa, dərsliyi də həmin nəşriyyat hazırlayır. Mən təklif edirəm ki, Təhsil Nazirliyi dərsliklərin hazırlanması işini müsabiqə yolu ilə həyata keçirsin. Müsabiqəyə təqdim olunan dərsliklərə ictimaiyyətin fikri nəzərə alındıqdan sonra Qiymətləndirmə Komissiyasında baxılsın. Bunun da meyarları çoxdur. Burda metodik səviyyədən tutmuş dil, üslub, didaktika və sair məsələlər var. Tenderə ancaq dərsliyin nəşrini həvalə etmək lazımdır. Nəşriyyat dərsliyin nəşrinə, poliqrafik səviyyəsinə məsuliyyət daşımalıdır. Axı naşir pedaqoq deyil, o, nə bilir, dərslik necə olmalıdır?! Nəşriyyatlar da müəllifləri yaxşı seçmir və yaxud da üç müəllif bir-birinə arxayın olur və belə kobud səhvlər meydana çıxır. Dərslikləri alimlər, metodistlər hazırlamalıdır".
Ə. Ağayev əlavə edib ki, müəlliflər dərslikləri hazırlayarkən didaktik qaydalara əməl etmirlər: "Asandan çətinə, məlumdan məchula doğru didaktik qaydaları var ki, müəlliflər bunu nəzərə almırlar. Dərsliklərə uşaqların eşitdiyi jarqon sözlər daxil edilməlidir. Dərslik uşaqlara sadəcə bilik verən vasitə deyil. Dərslik uşağa mənəvi tərbiyə aşılayır, onu inkişaf etdirir, müxtəlif bilgilərlə əlaqələndirir".
Azərbaycan Təhsil Şurasının sədri qeyd edib ki, redaktorlar da dərsliklərə səthi baxırlar: "Müəllif ola bilər, nəyisə unutsun. Bəs, kitabların redaktorları hara baxır?! Bəzən redaktorlar da dərsliyə səthi baxırlar".