Müstəqil labarotoriya problemi İqtisadiyyat

Müstəqil labarotoriya problemi

Hatiq Cəfərli: "Bu marka benzinin istehsalının Azərbaycanda dayandırılması qiymətin liberallaşdırılmasına yardım etməyəcək"

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.
Bu barədə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən bildirilib. Digər benzin markalarının qiymətləri dəyişməz qalır.
Qeyd edək ki, Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Xatırladaq ki, dünən benzinin qiymətinin bahalaşması xəbəri yayılmışdı. Xəbərdə deyilirdi: "Bu gündən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək".
Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.
Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi dünəndən qüvvəyə minib.
Benzinin qiymət artma ehtimalı və bunun Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadənin bu qiymət artımının hələ öz əksini tapmadığını və söyləntilər olduğunu bildirib: "Bu barədə hələ qərar yoxdu rəsmi. Əgər qərar qəbul olunsa benzinin qiymət artımı bəzi sahələrdə də özünü büruzə verəcək. Ammma bu barədə danışmaq hələ tezdir".
İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, benzinin qiymətinin qalxması nəticəsində bütün sahələrdə qiymətlərin qalxmasına gətirib çıxaracaq və inflyasiya kəskin artacaq: "Benzinin qiymətinin qalxması nəqliyyat xərclərinin artmasına gətirib çıxarır. Nəticədə sahibkar da məhsulun üzərinə nəqliyyat xərclərini əlavə edir və sonda ziyan istehlakçıya dəyir. Bu baxımdan benzinin qiymətinin artımı baş verərsə, ümumilikdə qiymətlərə böyük təsiri olacaq. Bu isə son nəticədə inflyasiyanının bir neçə dəfə artmasına səbəb ola bilər. Yəni Azərbaycan iqtisadiyyatı bundan ciddi zərər görə bilər.
Belə çıxır ki, "Avro-4"ə, "Avro-5"ə keçid növbəti qiymət artımına gətirməlidir. Əgər biz neft ölkəsiyiksə, neftqayırma zavodlarımız modernləşməli, yeni texnologiyalar tətbiq edilməli və həmin marka benzinlər ölkəmizdə istehsal olunmalıdır. Bu maya dəyərinin azalmasına və iqtisadiyyatın güclənməsinə gətirib çıxarar. Bundan həm dövlət, həm də istehlakçı vətəndaşlar qazanar. Yəni yeni texnologiya qiymət artımını şərtləndirməli deyil, ona görə də hazırda benzinin qiymət artımının heç bir iqtisadi əsası yoxdur".
Məlumdur ki, bu gün ölkəmizdə benzinə olan tələbat tam yerli istehsal hesabına ödənilmir. Xüsusi ilə də "Aİ-98" markalı benzin idxaldan asılıdır. Bundan başqa, artıq aprel ayının Xarici təcrübə isə tələbatın tam yerli istehsal hesabına ödənilməsi üçün bu sektorda özəl şirkətlərin də yaxından iştirak etdiyini göstərir. Ancaq mütəxəssislər hələlik bu praktikanın ölkəmiz üçün o qədər də keçərli olacağını zənn etmirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, əslində Azərbaycanda nəzərdə tutulan metod ARDNŞ-in səhmlərinin bir hissəsinin satılması idi: "Amma sonradan ARDNŞ-in özəlləşdirilməsi məsələsi gündəmdən çıxdı. Özəl şirkətlərin istənilən istehsal sektoruna, o cümlədən benzin istehsalına daxil olması təqdirəlayiqdir. Ancaq indiki halda Azərbaycanda özəl sektorun benzin istehsalına daxil olması nisbətən çətindir. Çünki benzin istehsalında dövlət şirkəti var. Dövlət Neft Şirkəti benzin istehsalında olduğu üçün özəl şirkətlər bu sektora daxil olsalar, onların rəqabət aparmaq imkanları xeyli məhdud olacaq. Özəl şirkətlərin lazım olduğu halda dövlətdən subsidiya alan və kifayət qədər böyük infrastruktura malik olan dövlət şirkəti ilə rəqabət aparmaq imkanları məhduddur. O baxımdan, əgər özəl şirkət benzin istehsalına daxil olursa, burada dövlət şirkətinin istehsal imkanlarının müəyyən qədər məhdudlaşdırılmasının həyata keçirilməsinə ehtiyac olacaq ki, özəl şirkət rəqabət apara bilsin". Ekspert əlavə edib ki, əgər bu işə özəl şirkətlər qoşularlarsa belə, yenə də benzinin qiymətləri rəqəbət əsasında formalaşmayacaq: "Çünki benzin strateji məhsul hesab olunur. Hətta, bəzi hallarda ARDNŞ benzin istehsalının subsidiyalaşdırıldığını bildirir. Əslində, subsidiyalaşdırılan sektora özəl şirkətlərin daxil olaraq subsidiyasız məhsul istehsal etməsi və bazara çıxararaq rəqabət aparması xeyli çətindir. Ona görə də bazara özəl şirkətlər daxil olsalar belə, bu qiymət yenə də Tarif Şurası tərəfindən tənzimlənəcək. Amma benzin istehsalında subsidiyalaşma mexanizmi varsa, özəl şirkətlər üçün cəlbedici olmayacaq. Çünki subsidiyalaşma o deməkdir ki, maya dəyəri satış qiymətindən yüksəkdir. Düzdür, ARDNŞ benzin istehsalının subsidiyalaşdırıldığını bildirsə də, bu ehtimal xeyli azdır. Bu bəyanatın ehtimalının az olması fonunda özəl şirkətlər həmin sektora daxil olub Tarif Şurasının tənzimlənməsi altında bazara çıxış əldə edə bilərlər".
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirdi ki, benzin istehsalı asan məsələ deyil və ucuz başa gəlmir: "Burada iri neft emalı müəsissəsinin qurulmasından söhbət gedir. Həmin neft emalı müəssisəsi isə ən azı 100 milyon manat investisiya tələb edir. Ancaq bu da ən aşağı keyfiyyətli benzin üçündür. Belə zavodlarda da "Aİ-95" və ya "Aİ-98" markalı benzin istehsal etmək mümkün deyil. ARDNŞ onsuz da "Aİ-92" markalı benzini istehsal edir. O, yaxın perspektiv üçün ölkənin tələbatını ödəyəcək. Buna görə də ölkə ərazisində həmin sektor üçün özəl şirkətlərin neft emalı müəssisələrinə ehtiyac yoxdur. Bunun həm də digər tərəfdən ekoloji fəsadları da var. Çünki neft emalı zavodu böyük ərazini tutur. Onun çirkləndirmə, ətraf mühitə təsiri var. Ən yüksək keyfiyyətli, ekoloji standartlarla olan bir emal müəssisəsinin yanından keçəndə iy, kəskin təsirlər özünü göstərir. Bu da heç arzu olunan deyil. Ona görə də "Aİ-95" və ya "Aİ-98" markalı benzinlərin idxal edilməsi daha münasibdir".
Onu da əlavə edək ki, aprelin 1-dən Azərbaycanda avtonəqliyyat vasitələri Avro-4 standartına keçib. Bəzi iqtisadçılar bu qərarın tələsik verildiyini və Azərbaycanın Avro-4 standartına keçid üçün hazırlıqlı olmadığını qeyd edirlər.
Ekoloqlar isə yeni standartın atmosferə buraxılan zərərli tullantıların miqdarının azalacağına şübhə ilə yanaşır.
Nazirlər Kabinetinin yanvarın 14-də qəbul etdiyi qərarına əsasən, Avro-4 standartına keçid, maşınlardan atmosferə atılan zərərli tullantıların yeni ekoloji norması olmaqla yanaşı, həm də Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinin buraxılış illərinə təsir edəcək.
Hakimiyyət Avro-4 standartına keçidin insan sağlamlığının və ətraf mühitin qorunması məqsədilə edildiyini bildirib.
İqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanın Avro-4 standartına keçməsini "bir qərarla həyata keçirmək olmaz".
"Yanvarın 1-dən Avro-3 standartları idi, üstündən dörd ay keçdi və Avro-4 standartına keçirik. Bu administrativ qərardır. Azərbaycanda satılan benzinin tərkibini və hansı standartlara cavab verdiyini müəyyən edəcək müstəqil labarotoriyalar yoxdur", o bildirib.
Ekspert yeni standartın tətbiqi ilə xarici istehsal avtomobillərdə istifadə olunan A-95 markalı benzinin qiymətində "oynama" olacağını proqnozlaşdırır.
"Azərbaycan hökuməti dekabrda benzinin qiymətini qaldırdığına görə, indi sosial gərginlik yarana biləcəyini düşünüb A-95 markalı benzinin qiymətini qaldıra bilmir. Ancaq bu marka benzinin istehsalının Azərbaycanda dayandırılması qiymətin liberallaşdırılmasına yardım etməyəcək".
O, əlavə edib ki, təhlilçilərə və maşın satışı ilə məşğul olanlara görə, müxtəlif ölkə istehsalı və köhnə buraxılış maşınların ölkəyə gətirilməməsi maşın bazarında Avro-4 standartlarına cavab verməyən avtomobillərin qiymətinə təsir edəcək: "Köhnə maşınlar ölkəyə gəlməyəcəksə, bu maşınların da qiyməti yuxarı qalxacaq. Bu qanunauyğundur. Hər ay 15-20 min maşın daxil olursa, bunun böyük hissəsi 2000-ci ildən əvvəl istehsal olunan maşınlardır. Bazarda maşın azaldıqca, indiki ucuz maşınlar baha qiymətə satılacaq".
Ekoloq Telman Zeynalov isə Azərbaycanın Avro-4 standartının tətbiqinin ekologiyaya müsbət təsiri ilə bağlı fikirləri bölüşmür: "Mühərriklərdən çox şey asılıdır, tıxaclar nə qədər çox olsa, mühərrik o yanacağı istehsal edib atır atmosferə. Maşın yerində dayansa belə, benzinin tərkibində qurğuşunun miqdarı əvvəlki qədər olacaq". Ekoloq çıxış yolu kimi ilk növbədə yolların genişləndirilməsini, tıxacların qarşısının alınmasının zərurətini qeyd edir: "Yaşıl energetikaya keçmək üçün şəhərin mərkəzində maşınların sayı minimuma endirilməlidir. Burada söhbət ekoloji mədəniyyətdən gedir, cəmiyyətdə insanlarda ekoloji mədəniyyət varsa, istənilən standartlara müvafiq hərəkət edəcəklər".

Əli