BP: Ötən il işdən çıxan 257 nəfərdən 120-si ixtisara düşüb İqtisadiyyat

BP: Ötən il işdən çıxan 257 nəfərdən 120-si ixtisara düşüb

"BP-Azərbaycan" şirkəti ötən il ərzində 257 nəfər Azərbaycan vətəndaşı olan işçisinin ixtisar olunması barədə yayılan xəbərlərə münasibət bildirib. Şirkətin mətbuat xidmətindən "APA-Economics"ə daxil olan açıqlamada deyilir: "257 nəfərin hamısının ixtisar edilməsi barədə xəbərləri təkzib edir və rəsmi olaraq bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil. Əslində 2015-ci ilin əvvəlində şirkətdə çalışan 2992 yerli azərbaycanlı işçinin 120 nəfəri ixtisara düşüb. Bu isə bizim 2015-ci ilin əvvəlində elan etdiyimiz 155 nəfər ixtisar planından xeyli azdır. 2015-ci ilin nəticələri ilə 2014-cü ilin nəticələri arasında müşahidə olunan 257 nəfər fərqin içərisinə təkcə ixtisar olunanlar deyil, həmçinin qısamüddətli müqavilə ilə işləyərək müqavilə müddəti başa çatmış, öz ərizələri ilə işdən çıxaraq başqa işə keçmiş, xarici ölkələrə ezam olunmuş, hərbi xidmətə çağırılmış, təhsil almaq məqsədi ilə şirkətdən getmiş insanlar da var. Bir daha bildiririk ki, 2015-ci ildə BP-də cəmi 120 nəfər Azərbaycan vətəndaşı olan işçi ixtisara düşmüşdür ki, bu da ilin əvvəlində elan olunmuş rəqəmdən azdır".
Xatırladaq ki, ötən gün "APA-Economics" xəbər verib ki, BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb.