Səhmdar cəmiyyətləri səhmdarları aldadırlar İqtisadiyyat

Səhmdar cəmiyyətləri səhmdarları aldadırlar

Onlar hesabat verməməklə gəlirlərini gizlədir, bəzən hətta ziyanla işlədiklərini bəyan edirlər
"Qiymətli kağızlar haqqında" qanun layihəsi hökumətə təqdim olunub

Mahir

Dünən Bakıda kapital bazarında maliyyələşmənin təşviqi məqsədləri üzrə həyata keçirilən "Listinq məsləhət proqramı"nın (LMP) təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Fariz Əzizov bildirib ki, LMP-nin əsas məqsədi fəaliyyət göstərdiyi sektorda lider olan şirkətlərin kapital bazarlarından maliyyələşmə imkanları barədə texniki məsləhətlər verməkdir. Şirkətlər bu proqramdan ödənişsiz yararlana bilərlər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bildirib ki, məsləhət proqramı Azərbaycan şirkətlərinin ucuz və dayanıqlı maliyyə mənbələrinə çıxış imkanlarını artıracaq.
LMP çərçivəsində maliyyələşmə niyyətində olan şirkətlərə bu sahədə BFB-nın, habelə digər peşəkarların, auditorların, broker şirkətlərinin hüquqi ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla dəstəyi nəzərdə tutur. Proqram kapital bazarından maliyyələşmə imkanlarının təşviqi, potensial şirkətlərin və emitentlərin müəyyən olunması, onlara əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərməsi tədbirlərini əhatə edir.
LMP-nin əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən və seqmentlərinin liderləri olan şirkətləri korporativ idarəetmə təcrübə təkmilləşdirməsi, maliyyə şəffaflığının təmin edilməsi, hesabatlılığın təşviqi, kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan ibarətdir.
Bununla yanaşı, "Qiymətli kağızlar haqqında" qanun layihəsi artıq hazırdır və hökumətə təqdim olunub. Bu barədə jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bildirib. Onun sözlərinə görə, beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanmış layihə müasir beynəlxalq standartlara cavab verir: "Qanunun qəbulundan sonra qiymətli kağızlar bazarında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulacaq".
Əslində Azərbaycanda formal olaraq qiymətli kağızlar bazarı adına nə isə var. Hələ də QKDK avazı yaxşı gələn, lakin ortalıqda nəticəsi olmayan nəzəri məsələlərlə, məsləhət xarakterli mənasız işlərlə məşğuldur. Təsadüfü deyil ki, Azərbaycanda hələ də səhmdarlar dividentin ləzzətini görə bilməyiblər. Divident elə söz olaraq mənasız bir iqtisadi terminə çevrilib. Hansı ki, normal ölkələrin qiymətləri kağızlar bazarı, səhmdarlar məhz onunla nəfəs alırlar. Azərbaycanda səhmlərə görə ödənilən dividentlər çox simvolik rəqəmlərdən ibarətdir. Əksər hallarda isə səhmdarlar ümumiyyətlə divident almırlar. Çünki hər il bir qayda olaraq səhmdar cəmiyyətləri yalan-gerçək ziyanla işlədiklərini bəyan edirlər. Səhmlər isə gəlir gətirmir. Ölkədə kiçik özəlləşmə demək olar başa çatıb. Hazırda orta və iri müəssisələrin, o cümlədən sənaye sahələrini əhatə edən müəssisələrin özəlləşdirilməsi aparılır. Özəlləşmənin nəticəsi olaraq artıq bir sıra istehsal müəssisələri işə düşüb, onlar məhsul istehsal edir və burada minlərlə adam işləyir. Artıq özəlləşmədən sonra dirçəlmiş və bazara girə bilmiş müəssisələr var. Əlbəttə, bu say çox az olsa da, hər halda müəyyən müsbət meyllər müşahidə olunur. Lakin özəlləşmədən sonra səhmdar cəmiyyətlərinin öz səhmdarlarına divident ödəməməsi, hətta səhmdarların ümumi yığıncağının keçirilməməsi və ya bunun formal xarakter daşıması əsas problemlərdən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər müəssisələrdə vəziyyət heç də ürəkaçan səviyyədə deyil.
Belə ki, Səhmdar Cəmiyyətlərinin (SC) çoxu ziyanla işlədiklərini bəyan etməklə hələ də divident verməkdən yayınırlar. Bu, sanki adi bir hal və ya norma sayılır. İndilikdə bu məsələyə konkret olaraq hansı hökumət qurumunun nəzarət etməsi mexanizmi də yoxdur. Özəlləşdirməni apardıqdan sonra hökumətin işi prinsipcə bitmiş olur. Çünki həmin müəssisələr artıq dövlətin əlindən çıxır və özəl sektora keçir. Burada isə müəssisənin fəaliyyətini SC rəhbərləri özləri müəyyən edirlər. Son vaxtlar bir çox SC-lər illik yığıncaqlar keçirməyə və səhmdarlar qarşısında hesabat verməyə başlayıb. Lakin onların fəaliyyətinin praktiki təhlili göstərir ki, əslində indi də bu işlərin hamısı rəsmiyyət xatirinə formal olaraq keçirilir. Azərbaycanda heç bir SC öz üzvünə yüksək gəlir verdiyi barədə öyünmək iqtidarında diyil. Bütün bunlar həm də ölkədə qiymətli kağızlar bazarının olmamasının bir göstəricisidir. Özəlləşdirmə başlayan vaxtdan (1997-ci il) indiyədək 2000-ə yaxın orta və iri müəssisə ASC-yə çevrilib. Ancaq onların tam əksəriyyəti ya divident vermir, ya da ödədikləri dividentlər çox kiçik rəqəmlərdən ibarətdir.
Bu problemin araşdırılmasına ara-sıra QKDK də cəhd edir. QKDK-nin sədr müavini İlqar Muradov bildirib ki, qanunvericilikdə nəzərdə tutulmuş hesabatları ictimaiyyətə açıqlamayan səhmdar cəmiyyətlər 1500-3000 manat cərimə olunacaqlar. Həmin müəssisələr haqqında böyük inzibati cərimələr tətbiq edilir: "Mütəmadi olaraq bu sahədə bilikləri, bacarıqları və zərurətləri əks etdirən məlumatları bölgələr vasitəsilə həmin müəssisələrə çatdırırıq".
Komitə sədrinin müavini deyib ki, bu ilin əvvəllərində İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər olub: "Vaxtilə bu cür qanun pozuntularına yol verildiyi halda cərimələrin məbləği 200-250 manat idisə, artıq bu məbləğlər 1 500-3 000 manat civarındadır. Buna görə də müəssisələr bu hesabatların dərc olunmasının vacibliyini başa düşüblər. Bu istiqamətdə komitə ardıcıl olaraq fəaliyyətini davam etdirəcək".
İ.Muradovun sözlərinə görə, Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30%-dən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edirlər: "Banklar və sığorta şirkətlərini çıxmaqla, səhmdar cəmiyyətlərinin cəmi 20-30%-i öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verirlər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir".
Əslində Səhmdar Cəmiyyətlərin fəaliyyətinə nəzarət və kiçik səhmdarların maraqlarının qorunması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsas işlərindən biridir. Bu sahədə komitə tərəfindən yoxlamalar aparılır, cəzalar və cərimələr tətbiq olunur. Səhmdarların hüquqlarını qorumağa çalışırlar. Amma reallıq ondan ibarətdir ik, QKDK kiçik səhmdarların maraqlarını qoruya bilmir. Bu komitənin sadəcə quru adı var.
Problem ondadır ki, SC-lərin əksəriyyəti bir adamın əlində cəmlənib. Hətta səhmdarların çoxu səhmdar olduqlarını belə bilmirlər. Əslində bir sıra divident verməyən müəssisələr öz fəaliyyətlərinin bir hissəsini faktiki olaraq rəsmiləşdirmirlər. Bu isə qeyri-leqal iqtisadiyyat deməkdir. ASC-lər gəlirlərini gizlətməkdə, gəlirləri tez xərcləməkdə, mənfəətlərini isə maksimum azaltmaqda və divident veməməkdə daha çox maraqlıdırlar.