“Əsas diqqət Bakı-Tbilisi-Ərzurum qaz kəmərinədir” İqtisadiyyat

“Əsas diqqət Bakı-Tbilisi-Ərzurum qaz kəmərinədir”

"Hazırda Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli ilə bağlı danışıqlar aparılır və əsas diqqət Bakı-Tbilisi-Ərzurum qaz kəmərindədir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, istənilən qazın Azərbaycan üzərindən nəqli ölkəmiz üçün əlavə dividentlər deməkdir: "Belə ki, qazın nəqli ilə bağlı tariflər var ki, onlara uyğun olaraq qaz hansı ölkə ərazisindən keçirsə həmin ölkəyə əlavə vəsait ödənilir. Ölkəmizə ödəniləcək əlavə vəsaitlər təbii ki, dövlət büdcəsinə yönələcək".
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə Avropadan dəstək olduğun dilə gətirən V. Əhmədov qardaş ölkə olan Türkiyənin də bunun üzərində çalışdığını dilə gətirib: "Düzdür bu işə mane törədənlər də var. Bəzi qüvvələr Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Amma bunlara baxmayaraq, bizim kəmər 2018-ci ildə istifadəyə verilməlidir. Bu kəmər vasitəsilə ilk növbədə 10 milyard, daha sonra isə 31 milyard kubmetr qaz ixrac edilməlidir. Bu baxımdan hazırda Türkmənistan bu işdə çox maraqlıdır. Ola bilsin gələcək də İran da bu məsələyə maraq göstərsin. Hazırda İranla dəmiryolu ilə bağlı böyük işlər gedir. Ümumiyyətlə, istər neft-qaz nəqli, istərsə də dəmir yolu ilə bağlı görülən bütün proseslər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".