Parlamentdə büdcə müzakirəsi İqtisadiyyat

Parlamentdə büdcə müzakirəsi

Samir Şərifov: "Qaz və işıq üçün güzəştli kvota artırılsa, imkanlı şəxslər aşağı qiymətlərdən istifadə edəcək"

"Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formlaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim".
Bunu Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Deputat bildirib ki, rayonlarıa dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir: "Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?".
Arif Rəhimzadə xüsusi vurğulayıb ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir: "Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır".

"Güzəştli kvotalar artırılmalıdır"

Millət vəkili Fəzail Ağamalı isə öz çıxışında deyib ki, Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır.
Deputat Tarif Şurasının məlum qərarını bu cür qiymətləndirib:
"Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırlması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istiklik sistemi olmadığına görə, yenə həmin problem var.
Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməri artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər bu quruma vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın".

"Kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır"

Millət vəkili Cavanşir Feyziyev xatırladıb ki, büdcə layihəsində bir sıra dövlət müəssislərindən daxilolmaların həcmi 5-6 milyon manat civarında göstərilib. Onun qənaətinə görə, bu yetərincə aşağı göstəricidir.
Deputat bildirib ki, elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır: "Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalı və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq".
Cavanşir Feyziyev vurğulayıb ki, hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır:
"Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerji, yanacaqa və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardıma da ehtiyacı qalmayacaq".

"Səmərəli iş, nəticə özünü göstərməlidir"

Millət vəkili Səməd Seyidov xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyi vurğulayıb.
Səməd Seyidov bildirib ki, gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir.
Cənab prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir.
Büdcədən ayrılan vəsaiti necə səmərəli sərf edəcəyimizi fikirləşməliyik. Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq, əksinə, daha da inkişaf edəcək".

"Mexanizm olmalıdır"

İradlara cavab verən maliyyə naziri Samir Şərifov icra hakimiyyətlərinə ayrılan dotasiyaların mexanizmini belə izah edib: "Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq.
Məhz bu səbəbdən də bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil.
Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapılıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır.
Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur.
Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda isə daha azdır".
Samir Şərifov xüsusi vurğulayıb ki, rayonlara ayrılması nəzərdə tutulan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.
Maliyyə naziri qeyd edib ki, hazırda publik hüquqi şəxslərin maliyyələşməsi işinə baxılır.
Onun sözlərinə görə, publik hüquqi şəxslərin təsərrüfat hesabı ilə fəaliyyət göstərəcəyi nəzərdə tutulur: "Bununla əlaqədar müvafiq sənədlər qəbul ediləcək".

"Niyə indiyə qədər özəlləşdirməmişik?"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mənzil-kommunal sektorunun özəlləşdirilməsi təklifi ilə çıxış edib.
Qüdrət Həsənquliyev deyib: "Mən başa düşmürəm, niyə indiyə qədər bu sektoru özəlləşdirməmişik?"
Millət vəkili "Azərenerji", "Azəriqaz" və "Azəristiliktəchizat"ın özəlləşdirilməsinin vacibliyini deyib.
Maliyyə naziri Samir Şərifov isə mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkün olduğunu bildirib: "Hazırda özəlləşmə proqamı hazırlanmır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır".
Samir Şərifov millət vəkili Fəzail Ağamalının qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifinə də münasibət bildirib.
Nazir deyib ki, Tarif Şurasının yeni qərarında əsas prinsip aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır: "İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcək. Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak etdiyindən daha çox ödəməlidir. Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur. Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək. Hesab edirəm ki, bu yanaşma düzgündür. Çünki tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərilməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır. "Azərişıq" və "Azəriqaz"ın gəlirləri isə topladığı haqlardan asılıdır".
Xatırladaq ki, millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.