TANAP üzrə şikayətlərlə bağlı Apellyasiya Şuraları yaradılıb İqtisadiyyat

TANAP üzrə şikayətlərlə bağlı Apellyasiya Şuraları yaradılıb

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin konsorsiumu tərəfindən şikayətlərin həlli prosesinə inamı artırmaq məqsədilə Apellyasiya Şuraları yaradılıb. Apellyasiya Şuraları layihənin həyata keçirilməsi ilə bağlı olmayan müstəqil üzvlərdən ibarətdir. Şura üzvləri onlara birbaşa edilən şikayətlərin sayı və əhəmiyyətindən asılı olaraq, ayda ən azı bir dəfə və ya daha tez-tez görüşəcək.
Hər bir şuranın mandatını TANAP və zərər çəkmiş insanların layihənin ətraf mühitə təsiri, ictimai aktivlər və infrastruktur, özəl aktivlər və digər məsələlər üzrə razılığa gələ bilmədiyi şikayətlərə baxılması əhatə edir.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub" qaz dəhlizinin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1574 kilometr uzunluğunda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə 1430 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1350 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.