
Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ-nin NATO-dan çıxmasının özünün də maraqlarına uyğun olmadığını bildirib. Merkel vurğulayıb ki, artan qlobal çağırışlar fonunda ABŞ təkbaşına problemlərin öhdəsindən gələ bilməz.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Asif Nərimanlı söyləyib ki, Merkelin bu açıqlaması, əslində, daha çox Avropanın təhlükəsizlik kontekstində verilmiş bir açıqlamadır: “Yəni bununla Almaniyanın keçmiş kanslerinin “Avropa ictimaiyyətini sakitləşdirmək məqsədi daşıyan bir mesaj verdim” deyə bilərik.
Çünki ABŞ-NATO arasındakı münasibətlər Avropanın təhlükəsizliyindən yarana biləcək problemlər fonunda Avropa ictimaiyyətini narahat edir. Merkel də hazırda kansler olmasa da təkcə Almaniyada yox, ümumiyyətlə, Avropa siyasətində hələ də ağır toplardan biri sayılır, yəni onun verdiyi açıqlama ictimaiyyətdə ciddiyə alınan bir açıqlama kimi qəbul olunur. Hesab edirəm ki, Merkel bir növ buna hesablanmış bir açıqlama verdi. İctimaiyyətə də mesaj ötürür. Digər tərəfdən isə Merkelin ABŞ-nin NATO-dan çıxması ABŞ-nin öz maraqlarına uyğun deyil açıqlamasını bir növ reallığa da uyğun hesab etmək olar”.
Politoloqun fikrincə, ABŞ NATO məsələsi ilə bağlı verdiyi açıqlamada iki əsas məqsəd daşıyırdı: “Yəni bu, təkcə İranla bağlı olan məsələ deyil. Birincisi, ABŞ-NATO məsələsi daha öncə, yəni Trampın hakimiyyətə gəlişindən sonra gündəmə gəlib. ABŞ-nin NATO-dan çıxması və yaxud da NATO-ya dəstəyini azaltmaqla bağlı verdiyi açıqlama, səsləndirdiyi fikirlər öncə Avropanın müdafiə xərclərinin artılmasına hesablanmış bir açıqlamadır. Yəni ABŞ Tramp administrasiyası daha öncə də bildirir ki, artıq Avropanın təhlükəsizliyini, yəni NATO-nun əsas ağırlığını ABŞ çəkmək istəmir. Avropanın müdafiə xərclərinin böyük hissəsini ABŞ ödəmək niyyətində deyil və buna görə Avropa ölkələri öz ümumdaxili məhsullarının ən azı 5%-ni müdafiə xərclərinə yönətməlidirlər. Təbii ki, bu, öncə ABŞ-nin xərclərini azaltmaqla yanaşı, həm də ABŞ müdafiə sənayesinin daha çox qazanmasına hesablanmış bir açıqlamadır, istəkdir. Çünki Avropa müdafiə xərclərinə daha çox maliyyə ayıracağı təqdirdə, təbii ki, onlar ABŞ-dən silah alacaqlar. Əslində, Ukrayna məsələsində, bu, bir daha aydın oldu. ABŞ Ukraynaya hərbi yardımı azaltdı, əvəzində, eyni silahları Avropaya satdı, hansı ki, Avropa həmin silahları ABŞ-dən pul ilə aldı, Ukraynaya verdi. Bu, faktiki olaraq göstərir ki, Tramp məsələyə daha çox biznesmen kimi yanaşır. ABŞ-nin xərclərini azaltmaq və Avropanın müdafiə xərclərini çoxaltmaqla həm də ABŞ-nin müdafiə sənayesi üçün yeni qazanc mənbəyi tapmaq. Yəni belə bir yanaşma sərgiləyir”.
O bildirib ki, ikincisi isə bu məsələ məhz İran müharibəsində ortaya çıxdı: “İran müharibəsinin gedişində ABŞ tələb edir ki, NATO ölkələri bu prosesə qoşulsun. NATO qoşulmadığı üçün ABŞ NATO-nu təhdid edir ki, onsuz da ABŞ üçün bu alyansda heç bir dəstək yoxdur. Əslində, hərbi alyansın əsas ağırlığını, əsas əziyyətini ABŞ çəkir və buna görə də NATO-dan çıxa bilər. Hesab edirəm ki, bu da bir növ NATO üzvlərini ABŞ-nin istəyinə uyğun hərəkət etməyə məcbur etmək məqsədi daşıyır. Yəni təkcə İran məsələsi yox, İran məsələsi də daxil olmaqla bundan sonrakı dövrdə ABŞ-nin geosiyasi addımları zamanı NATO-nun dəstəyini təmin etmək məqsədi daşıyır. Bir növ buna hesablanmış bir mövqedir”.
A.Nərimanlı əlavə edib ki, ümumiyyətlə, isə ABŞ-nin NATO-dan çıxmağı yaxın perspektiv üçün maraqlarına uyğun görünmür: “Çünki NATO-dan çıxmaq ABŞ və Avropa arasında uçurumu bir qədər də dərinləşdirəcək və ABŞ hələ buna qarşı yeni bir hərbi alyans formalaşdırmayıb. Təbii ki, ABŞ istəyir ki, BMT sisteminə uyğun yaranmış nizama yiyələnsin və özünün birbaşa nəzarət etdiyi yeni bir nizam formalaşdırsın. Amma bu, daha uzunmüddətli bir prosesdir. Yəni BMT-ni əvəzləyirsənsə, buna alternativ ortaya qoymaq lazımdır. O cümlədən NATO-dan çıxırsansa, mütləq şəkildə NATO-dan daha güclü olan bir alternativ ortaya çıxarmalıdırlar. Ancaq hələ ki, bu, yaxın perspektivdə görünmədiyi üçün hesab edirəm ki, ABŞ-nin verdiyi açıqlamalar bir növ NATO üzvlərinə təzyiq məqsədi daşıyır. Həmçinin bu, onları ABŞ-nin istəklərinə uyğun siyasət yürütməyə məcbur etmək məqsədi ilə edilir”.
Röya İsrafilova