14:53
686
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən Qarabağın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı bitkilərinin fitosanitar vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəti kompleks monitorinq tədbirləri həyata keçirilib.
Monitorinqlər Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarını əhatə etmiş, eyni zamanda “DOST AQRO”, “Agro Dairy” MMC və “Kraun Ko” MMC şirkətlərinə məxsus taxıl əkin sahələrində aparılıb.
Həyata keçirilən tədbirlərin əsas məqsədi aqrosenozlarda kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərli orqanizmlərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, vegetasiya dövrü ərzində onların yayılma dinamikasının izlənilməsi, həmçinin mübarizə tədbirlərinin elmi əsaslarla optimallaşdırılması və effektivliyinin artırılması olub.
Aparılan müşahidələr nəticəsində üzüm, meyvə və taxıl əkin sahələrində bir sıra zərərvericilər və xəstəliklərin yayılması qeydə alınıb.
Üzüm bağlarında Fır gənəsinin (Eriophyes vitis) nisbətən geniş arealda inkişaf etdiyi müəyyən edilib.
Meyvə bağlarında yarpaq qıvrılması, monilioz və serkosporioz xəstəliklərinin əlamətləri müşahidə olunub.
Taxıl əkin sahələrində isə taxıl böcəyinin (Zabrus tenebrioides Goeze) məhsul itkisinə səbəb olduğu təsdiqlənmiş, eyni zamanda arpa və buğda sahələrində toz sürmə və sarı pas xəstəliklərinin inkişafı qeydə alınıb.
Aparılan monitorinqlərin nəticələrinə əsasən müxtəlif aqrosenozlarda zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, onların inkişafının məhdudlaşdırılması və məhsuldarlığın qorunması məqsədilə müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsi üzrə elmi əsaslandırılmış tövsiyələr hazırlanıb.
Cavid

