
“Qlobal iqtisadi münasibətlərin yeni nəslə keçidi mərhələsindəyik. Bu mərhələdə süni intellekt texnologiyalarının tətbiqi ilə yeni nəsil iqtisadi sektorların formalaşması prosesi gedir. Təbii ki, məhz bu amili nəzərə aldığımız zaman texnoloji inkişaf hər bir ölkə üçün vacib vəzifələrdən biridir. İnnovasiya əsaslı inkişaf mərhələsində dövlətlərin öz gücünü və potensialını birləşdirməsi də zəruridir. Bu zərurət və inkarolunmaz reallıq o zaman daha nəticəyönümlü, effektiv olur ki, institusional qaydada çərçivələnsin. Çünki dövlətlər yeni olan bu sahə ilə bağlı məsləhətləşmələr aparmalı, inkişaf perspektivlərini müəyyənləşdirməli, habelə prosesin mənfi və müsbət tərəflərini də dəyərləndirməlidirlər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Deputat vurğulayıb ki, dünya iqtisadiyyatında baş verən mütərəqqi dəyişikliklərin dinamikasını öyrənmək və tətbiq etmək Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin də əsas qayələrindən biridir: “Keçirilən görüşlər gücümüzü konsolidasiya etməyə kömək edəcək, iqtisadiyyatın səmərəliliyini və inkişafını artıracaq, qeyri-neft və qaz sektorunun daha sürətli inkişafına gətirib çıxaracaq. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiqi kompleks şəkildə öyrənilməlidir. Həmin bu tətbiq dövlət strukturları, təsərrüfat strukturları, sənaye sektoru və müxtəlif sahələr üzrə tətbiq edilməlidir”.
A.Badamovun sözlərinə görə, bütün bu vacib amilləri nəzərə alaraq Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçiriləcək qeyri-rəsmi sammiti və bu sammitin “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu üzərində keçirilməsi qeyd edilən aktual amillər baxımından hər bir tərəf üçün vacibdir: “Bu istiqamətdə beynəlxalq əməkdaşlıq sürətlə transformasiya edir. Sadəcə təşkilat çərçivəsində deyil, sözügedən istiqamət qlobal kontekstdə olduqca zəruri və aktualdır. Qeyri-rəsmi sammitin Türküstanda keçirilməsinin rəmzi əhəmiyyəti də var, çünki Türküstan mənəvi mərkəz qismində çıxış edir. Bu isə bizim tarixi bağlarımızı, ortaq irsimizi nümayiş etdirir. İnkişaf perspektivlərini və potensial riskləri nəzərə alaraq gələcəyimizi daha dayanıqlı əsaslarla qurmalıyıq”.
O sonda qeyd edib ki, təbii ki, bu görüş artıq qeyd edilən və bir neçə digər istiqamət üzrə dialoq imkanı deməkdir: “Sammitin yekununda Türküstan Bəyannaməsinin qəbul edilməsi də gözlənilir. Artıq məsələlər müzakirə predmetindən çıxaraq praktiki nəticələr verəcək, qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyənləşdiriləcək və gələcəyə doğru addımlar atılacaq”.
Röya İsrafilova