Hasilatın azaldılması sazişinin müddəti ilin sonunadək uzadılacaq İqtisadiyyat

Hasilatın azaldılması sazişinin müddəti ilin sonunadək uzadılacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv iki ölkənin neft nazirləri "qara qızıl"ın hasilatının azaldılmasını nəzərdə tutan sazişin iştirakçısı olan OPEC və digər neft istehsalçısı ölkələrin razılaşmanın bu ilin sonuna qədər uzatmaq barədə razılığa gəldiyini deyiblər. İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi və Əlcəzairin enerji naziri Nurəddin Butarfe Bağdadda keçirdikləri mətbuat konfransında qlobal təklif çoxluğunun azaldılması məqsədilə sazişdə iştirak edən OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin hamısının razılaşmanın bu ilin sonunadək uzadılmasına dəstək verdiyini söyləyiblər.
Neft hasilatının azaldılması qərarının ilk dəfə 2016-cı ilin sentyabr ayında alındığı OPEC-in yığıncağına ev sahibliyi edən N.Butarfe deyib: "Hasilatın azaldılması qərarı növbəti 6 aylıq müddəti əhatə edəcək. Əlcəzair və İraqın bu qərardakı mövqeyi bir olacaq. Sazişin iştirakçısı və dünyanın ən çox neft hasil edən ölkələrindən olan Rusiya və Səudiyyə Ərəbistanı da ötən həftə bu ilin birinci yarısını nəzərdə tutan neft hasilatının azaldılması üzrə sazişin ilin sonunadək uzadılmasının tərəfdarı olduqlarını bəyan ediblər.
Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.