SOCAR və “Statoil“ bəzi yataqların birgə işlənilməsini müzakirə edib İqtisadiyyat

SOCAR və “Statoil“ bəzi yataqların birgə işlənilməsini müzakirə edib

Dünən SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.
SOCAR-dan verilən məlumata görə, Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkət və "Statoil" arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açıb, Norveç şirkətinin "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan kimi qlobal əhəmiyyətli layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında razılaşdırılmış şərtlər əsasında AÇG üzrə 2050-ci ilədək davam edəcək yeni müqavilənin imzalanmasını əlamətdar hadisə adlandıran Rövnəq Abdullayev yeni müqavilənin xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha sübut etdiyini və tərəfdaşlığı yeni müstəviyə qaldırdığını bildirib.
Öz növbəsində qonaq "Statoil" şirkətinin Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərdiyini və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilənin bu yubileyə ən yaxşı hədiyyə olduğunu qeyd edib. Enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayan Baxer AÇG çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. O, AÇG-nin təmsil etdiyi şirkətin beynəlxalq fəaliyyətində hələ uzun illər mühüm yer tutacağına əminliyini ifadə edib.
Görüşdə SOCAR və "Statoil" tərəfindən "Qarabağ" yatağı, "Əşrəfi" və "Dan ulduzu" perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib, fikir mübadiləsi olub. Eyni zamanda şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilib.