Bakıda “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans İqtisadiyyat

Bakıda “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans

Noyabrın 29-da "Recexpo III" sərgisi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən "Daşınnaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir. Bakı Ekspo Mərkəzində təşkil olunan konfransda Almaniya, Yunanıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Portuqaliya, İspaniya və digər ölkələrin dövlət qurumlarının, eləcə də xarici ölkələrin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi iştirak edir.
Konfransın məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investor kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin, habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Bu məqsədlə genişmiqyaslı islahatlar həyata keçirilir. Nəticədə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilib. Qeyd edilib ki, həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır. Ölkə iqtisadiyyatının hazırkı inkişaf səviyyəsinə çatmasında özəlləşdirmənin də rolu az olmayıb, minlərlə dövlət müəssisəsi, on minlərlə kiçik dövlət müəssisə və obyekti uğurlu özəlləşdirmə nəticəsində sahibkarların mülkiyyətinə keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, özəlləşmə prosesinin müasir yanaşmalar əsasında həyata keçirilməsi, əmlak idarəçiliyində modern üsulların tətbiqi, bu sahədə şəffaflığın maksimum artırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Nəticədə bu sahədə iqtisadi fəallıq güclənib, biznes mühiti daha da yaxşılaşdırılıb. Azərbaycan əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsində "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci sıraya yüksəlib. Azərbaycan "Doing Business 2018" hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.
Bildirilib ki, modern idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu baxımdan daşınmaz əmlak və torpaq idarəçiliyini, özəlləşdirmə proseslərini əhatə edən 36 elektron xidmət əhalinin istifadəsinə verilib. Qeyd edilib ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşməyə çıxarılır. Özəlləşdirilmə prosesində şəffaflığın daha da artırılması, potensial yerli və xarici investorlar üçün optimallığın və informasiya təminatının genişləndirilməsi məqsədilə "Özəlləşdirmə portalı" fəaliyyət göstərir. Portal vasitəsilə özəlləşməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrlı məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 1 milyonu ötüb. İctimaiyyətin, media nümayəndələrinin sərbəst iştirakı ilə müasir yanaşmalar əsasında 60-a yaxın hərrac keçirilib. Bu hərraclarda 1400-dən çox dövlət əmlakı özəlləşməyə çıxarılıb.
Bildirilib ki, Azərbaycanda hazırda iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Belə müəssisələrin özəlləşdirilməsinə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Maşınqayırma metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Onlar üçün ən əlverişli investisiya mühitinin yaradılması baxımından, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi və digər imtiyazlar müzakirə edilir. Qeyd olunub ki, özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərrac istifadəyə verilib. Artıq özəlləşmə ilə bağlı hərraclarda iştirakçı statusu əldə etmək və prosesdə əmlaka sahib olmaq prosedurları onlayn rejimdə və elektron qaydada həyata keçirilir. Digər innovativ yeniliklərdən biri də hərrac prosesini internet resursları üzərindən canlı rejimdə izləmək imkanın yaradılmasıdır.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar fonunda özəlləşmə prosesində də yeni yanaşmalar tətbiq edilir, əmlak idarəçiliyi müasir standartlar əsasında qurulur. Bu isə respublikanın əmlak sektoruna, o cümlədən özəlləşdirilmə prosesinə yatırılan xarici investisiyaların artmasına şərait yaradır.
Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir ölkələr arasında daşınmaz əmlakın və torpaq idarəçiliyi, özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, tətbiq olunan yeniliklərin, innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından çox yaxşı vasitədir.
Tədbirdə ölkədə inşa edilən sosial evlərin də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, habelə inşaat sektoruna müsbət təsir göstərəcəyi vurğulanıb. Qeyd edilib ki, sosial mənzillər inşaat sektorunu və tikinti materialları sənayesini investisiya baxımından daha da cəlbedici edir. Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz Əmlak üzrə İnvestisiyaların İdarəedilməsi və Təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer Al-Marri isə bildirib ki, konfrans daşınmaz əmlak sektorunda ixtisaslaşan şirkətlər, habelə dövlət və özəl qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması, əmlak sektorunda müxtəlif investisiya layihələrində sərmayə iştirakının mümkünlüyünün genişləndirilməsi, peşəkar bilik və yanaşmaların artırılması üçün əlverişli platformadır. Həmçinin konfrans çərçivəsində Azərbaycanda həyata keçirilən özəlləşmə prosesi barədə təqdimat olub, iqtisadiyyatın müxtəlif sahələrinə aid özəlləşməyə çıxarılan müəssisələrin investisiya portfelləri, biznes perspektivləri, maliyyə və iqtisadi durumu nümayiş etdirilib.