Ölkəyə gələn turistlərin sayı 2 milyona çatıb İqtisadiyyat

Ölkəyə gələn turistlərin sayı 2 milyona çatıb

Amma bununla belə hələlik qiymətlər bahadır

Tərlan

Son 10 il ərzində Azərbaycanda turizm sahəsində əldə olunan uğurlar açıqlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov dünən keçirilən tədbirdə çıxışı zamanı deyib ki, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Onun sözlərinə görə, turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9.051-ə, ölkəyə gələn turistlərin sayı 767.500-dən 2 milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7$ milyon dollardan 2013-cü ildə 1479,0 milyon ABŞ dollarınadək yüksəlib. Bu irəliləyiş ilk növbədə turizm sahəsində dövlət siyasətinin, müvafiq iki dövlət proqramlarının uğurlu icrasının nəticəsində olub".
C.Cəfərov qeyd edib ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. Bu uğurlu nəticənin özünü ölkənin beynəlxalq reytinqlərində də göstərdiyini deyən ATİ-nun rektoru bildirib ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb: "2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub".
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin, Azərbaycan Turizm İnstitutu ilə birlikdə hazırladığı Azərbaycanda turizm sektorunun növbəti 10 il üçün inkişaf templəri açıqlanıb. ATİ-nun rektoru Cəfər Cəfərov deyib ki, turizm təhsili sahəsində müxtəlif peşələr üzrə 2023-cü ilə olan proqnoza əsasən 75600 nəfər tələb olunacaq və bu da indiki rəqəmlərdən 8,3 dəfə çoxdur. O bildirib ki, proqnozlaşdırılan işçilərin müxtəlif peşə ixtisaslarına görə bölgüsü beynəlxalq təcrübəyə uyğun olaraq faiz hesabı ilə ali təhsil üzrə 20%, orta ixtisas təhsili üzrə 30-40% və peşə ixtisası təhsili üzrə 50-60% təşkil edəcək: "Burdan çıxan nəticə odur ki, 2023-cü ildə tələb olunan ali təhsilli şəxsin sayı ən azı 15000 nəfər olacaq. ATİ-də isə hazırda 1710 nəfər təhsil alır və mövcud maddi-texniki imkanlar bizə hər il təxminən 300 nəfərin qəbul edilməsinə imkan verir ki, bu da hesablayanda 2023-cü ilədək əlavə 3000 nəfər deməkdir. Bu da 2023-cü ildə tələb olunan 15.000 ali təhsilli turizm mütəxəssisinin ancaq 1/5 hissəsini hazırlaya biləcəyimizdən xəbər verir". Bütün hesablamalar turizm təhsilində ciddi addımlar atılmasını tələb edir və kütləvi kadr hazırlığı prosesi başlanılmalıdır.
Azərbaycan hökuməti Bakı şəhəri ətrafında, Abşeron yarımadasında bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir. Belə ki, Türkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Pirallahı, Hövsan qəsəbələri, eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq. Böyük Bakının Regional İnkişaf Planına əsasən, Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək uzadılacaq, ərazidə idman-sağlamlıq və əyləncə obyektləri tikiləcək. Ümumilikdə isə, bu layihə çərçivəsində yeni parkların salınması üçün 500 hektar ərazinin ayrılması nəzərdə tutulub.
Bir neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm 200 ətrafındadır. Əslində turizm şirkətlərinin arzu olunan səviyyədə fəaliyyət göstərməsi üçün onların maddi imkanları olmalıdır. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması və qiymətlərin bahalığıdır. Rayonlarımızda bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Müasir oteldə yalnız səhər yeməyi daxil iki nəfərlik bir otağın sutkalıq qiyməti 70 manat, üç nəfərlik 80 manatdır. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 manatdır. Elə Azərbaycana gələn turistlər də burada qiymətlərin və xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların sözlərinə görə, Azərbaycana gəlmək üçün xərclədikləri təkcə təyyarə biletinin puluna başqa ölkələrə səyahət etmək mümkündür.
Ötən ilin yay mövsümündə ölkədə 516 oteldə monitorinq keçirilib. Monitorinq zamanı Xaçmaz, Quba, Mingəçevir və Astaranın hər birində bir otelin lisenziyası ləğv edilib, ölkə üzrə 40 otelə isə rəsmi xəbərdarlıq olunub. Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən çox xarici turlar daha əlverişlidir. Əslində Azərbaycanda turizm xidmətləri hədsiz dərəcədə baha olduğundan azərbaycanlılar qonşu ölkələrə - Türkiyə, Rusiya və Gürcüstana getməyə üstünlük verirlər. Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla bol) ilə zəngin olsa da, insanlar Rusiya kurortlarına üz tuturlar. 1000 dollara yol pulu da daxil Rusiyada və ya Gürcüstanda iki-üç həftə həm istirahət etmək, həm də müalicə almaq mümkündür. Bütün bunları nəzərə alsaq, hətta hökumət yerli turistləri əlverişli qiymətlər və yüksək xidmət hesabına ölkə daxilində saxlaya bilmir. Bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir.
Azərbaycan turizm və səyahətlər sahəsində isə rəqabət qabiliyyətlilik indeksinə görə 140 ölkə arasında 78-ci yeri tutur. Bu rəqəm Turizm üzrə Ümumdünya İqtisadi Forumunun hesabatında öz əksini tapıb. 2011-ci illə müqayisədə Azərbaycanın reytinq pilləsində mövqeyini yaxşılaşdıraraq 83-cü ildən 78-ci yerə qalxıb. Region dövlətlərindən Ermənistan 79-cu, Gürcüstan 66-cı yerdədir. Turizm və səyahətlər üçün ən yaxşı imkanların olduğu ilk üç ölkə İsveçrə, Almaniya və Avstriyadır. Hesabata əsasən, Azərbaycan turizm və səyahətlərin normativ-hüquqi bazasının təşkili göstəricilərinə görə, 140 ölkə arasında 46-cı, biznes mühiti və infrastruktur sahəsində 87-ci, insan resurslarına, mədəniyyət və təbii resurslara görə 96-cı yerdədir.
Mənfi cəhət ondan ibarətdir ki, ölkəmizdə turizm qiymətləri yüksəkdir. Ancaq rəqəbət qabiliyyətinə görə Gürcüstandan geri olmağımız inandırıcıdır. Çünki qonşu ölkədə qiymətlər ucuzdur. Ötən il Azərbaycana gələnlərin sayı 2 milyon nəfərə yaxın göstərilir. Bu isə qonşu ölkədəkindən ən azı iki dəfə azdır. Şübhəsiz ki, Gürcüstanın turistlər üçün cəlbediciliyi bu ölkədə qiymətlərin qonşu ölkələrlə müqayisədə çox ucuz olması ilə bağlıdır. Hətta Türkiyə və Azərbaycan vətəndaşları istirahət üçün öz ölkələrindən daha çox Gürcüstanı seçirlər. Çünki həm ucuzluqdur, həm də xidmətlərin keyfiyyəti qənaətbəxşdir.