Elektron ticarətin hansı üstünlük və çatışmazlıqları var? İqtisadiyyat

Elektron ticarətin hansı üstünlük və çatışmazlıqları var?

Ekspert: "Ən çox fırıldaqçılıq onlayn ödəmələri zamanı baş verir"

Bu gün inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Məlumat üçün qeyd edək ki, elektron ticarət malların və xidmətlərin "online" rejimdə satışıdır. Bura birbaşa nağd ödəniş və ya malın alıcıya çatdırıldıqdan sonra dəyərinin ödənilməsi daxildir. Bəs ölkəmizdə elektron ticarətin inkişafına nə mane olur? Bazar araşdırmaları üzrə mütəxəssis Aqil Nəsibli deyir ki, internet istifadəçilərinin sayı ölkəmizdə hələ də kifayət qədər olmadığından bu sahədə inkişaf aşağı templə gedir. Eyni zamanda elektron ticarətə inamın aşağı olması, əhalinin plastik kartlardan kifayət qədər istifadə etməməsi və yerli internet səhifələrində təhlükəsizliyin zəif təmin olunması əhalini internet üzərindən alış-veriş etməsinin qarşısını alır.
Bazar araşdırmaları üzrə mütəxəssis Aqil Nəsibli deyir ki, Azərbaycanda elektron ticarət ümumi ticarətin 4 faizini təşkil edir: "Bu rəqəm Amerikada 80 faiz, Avropada isə 60 faizdir. Hazırda Azərbaycanda bizdə internet istifadəçilərinin sayı hələ ki kifayət qədər deyil. Son 10 ildə "dual up" sisteminin tətbiqi, internet istifadəçilərinin sayının azlığı bu sahədə inkişafın qarşısını alırdı. Bununla yanaşı ölkəmizdə 5 milyon insanın plastik kartı var, Bu kartların 80 faizi yalnız maaş kartlarıdır və onlarla elektron ödəmələr etmək mümkün deyil. Digər 20 faiz kart isə onlayn bazar üçün kifayət etmir".
Ekspert deyir ki, XXI əsrdə yaşadığımızı nəzərə alsaq, elektron ticarət əhaliyə ən sərfəli xidmət vasitəsidir. Çünki internet mağazalarda ərazi və vaxt məhdudiyyəti yoxdur. Məhsulların çeşidi isə kifayət qədər müxtəlifdir. İnternet mağazaları vasitəsi ilə sifariş etdiyiniz məhsulun bir başqasının ünvanına çatdırılmasını da təmin etmək olar. Bu zaman məhsulun çatdırılması əlavə ödənişsiz həyata keçirilir. Hətta bu mağazalar vasitəsi ilə xarici ölkələrdən də məhsul sifariş etmək mümkündür. Təbii ki, bu zaman bir qədər gözləmək lazım gəlir. Sifariş olunan mal 20-30 gün müddətinə alıcıya çatdırılır və həmin malın bəyənilmədiyi halda geri qaytarılması tam təmin edilir. Təbii ki, bu, inkişaf etmiş dünya dövlətlərində belədir. Azərbaycanda isə bu bir qədər fərqlidir. İnternet mağazalarından alacağınız mallar haqqında əlavə suallar vermək məhdudiyyəti mövcuddur. Sifariş etdiyiniz məhsul sizə çatdırıldıqdan sonra onu geri qaytarmaq və ya başqası ilə əvəzləmək qeyri-mümkündür. Mümkün olduğu halda isə əlavə faiz tutulur. Ekspert deyir ki, bu məsələnin bir tərəfidir, digər tərəfi isə....
"Ən çox fırıldaqçılıq onlayn ödəmələri zamanı baş verir. Müxtəlif bankların saxta sayt profilləri yaradılır və bu saytlara keçidlər edilir. Həmin keçidlər edilən zaman insanların məlumatlarını əldə edib həmin şəxslərin hesablarından müəyyən məbləğdə pul çıxarırlar. Bəli, bir sıra şirkətlər var ki, onlar öz səhifələrində qeyd edirlər ki, biz alınan malı müəyyən bir zaman çərçivəsində dəyişirik. Bir çox şirkətlər isə xüsusi olaraq qeyd edirlər ki, biz malın keyfiyyətinə cavabdeh deyilik".
Bu tip halların qanunla çərçivələnməli olduğunu deyən Aqil Nəsibli hesab edir ki, istənilən halda aldadılan vətəndaşlar bununla bağlı aidiyyatı qurumlara müraciət edə bilərlər. Bu qurumlar isə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Xidməti və Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər. Birliyin sədri Eyyub Hüseynov deyir ki, hər bir istehlakçının aldığı malı 7 iş günü müddətinə geri qaytarmağa və dəyişdirməyə tam hüququ çatır. Qanunla qaytarılan malın əvəzində hər hansı bir cərimənin ödənilməsi qadağandır. Eyni zamanda malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının sifarişi olmadan onların təmin edilməsi də qanunsuz hesab edilir.
Eyyub Hüseynov deyir ki, ay ərzində birliyə onlarla bu tip şikayətlər daxil olur: "Etiraf edim ki, Azərbaycanda istehlakçıların aldadılması zamanı dövlət orqanlarının müdaxiləsi daha mükəmməldir, nəinki, mərkəzi Avropa ölkələrində. Xarici ölkələrdə bazar tam liberaldır, istehlakçı nə qədər aldansa da, orada mükəmməl məhkəmələr var. Onlar bu işləri qanun çərçivəsində həll edirlər. İstehlakçı bu zaman həmin şirkəti məhkəməyə verərək ondan yüksək cərimə tələb edə bilir".
Qeyd edək ki, 2013-cü ilin yekunlarına görə, elektron ticarətin həcmi 2,6 milyon manata çatıb. Bu ötən illərlə müqayisədə 1,6 dəfə artım deməkdir. Lakin bununla belə elektron ticarət ümumi pərakəndə ticarətin heç 1 faizini belə təşkil etmir.