Regionların dayanıqlı sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti İqtisadiyyat

Regionların dayanıqlı sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayev regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb

"Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" hesabatıdır. Ölkədə həyata keçirilən islahatlar, öz növbəsində, "Doing Business 2019" hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib", - deyə nazir qeyd edib.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib. Dövlət Proqramı çərçivəsində qeyri-neft sektorunda 8 faiz artım qeydə alınıb. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində isə 32 faiz artım olub. İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb. 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. İndiyədək 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Həmin layihələrin 87 faizi regionların payına düşür.
"2018-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənaye məhsulu 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz, əhalinin nominal gəlirləri 9,2 faiz artıb. Əsas kapitala 17,2 milyard manat investisiya qoyulub ki, bunun da 65,5 faizi və ya 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. Ötən ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 milyard dollar təşkil edib, ixrac 36 faiz artaraq 19 milyard dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb və hazırda 45 milyard dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19 faizədək enib", - deyə Ş.Mustafayev əlavə edib.

İxracda "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunacaq

Sahibkarlığın inkişafının stimullaşdıırlması məqsədilə vergi və gömrük sistemində də islahatlar aparılır, texniki problemlər aradan qaldırılır. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yanvarın 29-da Bakıda keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib ki, sahibkarların xaricdən idxal etdiyi malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində saatlarla növbədə gözlədilməsi məsələləri aradan qaldırılacaq: "İdarədə bəyannamə təqdim etdikdən sonra sahibkarların növbədə gözləməsi komitədən asılı olan vəziyyət deyil. Bu texniki problemlərlə bağlıdır. Belə növbələrin yaranmasına səbəb elektron ödəmə sistemində texniki nasazlığın hələ də tam aradan qaldırılmamasıdır. Artıq bununla bağlı iş aparılır. Tezliklə elektron ödəniş sistemi tam avtomatlaşdırılacaq. Bu, yüklərin daha tez boşaldılmasına və sahibkarların məhsullarının daha tez çatdırılmasına imkan verəcək".
S.Mehdiyev qeyd edib ki, bu il fevralın 1-dən ixracda "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunacaq: "Prezident İlham Əliyevin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli Fərmanından irəli gələn məsələlərin icra mexanizmi ilə bağlı sahibkarlar mütəmadi məlumatlandırılır. "Yaşıl dəhliz" buraxılış sistemi hazırda pilot variantda həyata keçirilir, fevralın 1-dən isə ixracda tam tətbiq olunacaq. Nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər".

Bu il sahibkarlara 160 milyon manat güzəştli kredit veriləcək

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb. Bu isə heç də təsadüfi deyil. Aydın məsələdir ki, regionların, qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafından asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür. Müsbət haldır ki, dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır.
Müsbət haldır ki, dövlət büdcəsinin hesabına maliyyələşdirilən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə güzəştli şərtlərlə kredit ayrılır ki, bu da sahibkarlığa dövlət dəstəyinin ən səmərəli formalarından biridir. SKMF-nun vəsaitləri hesabına verilən güzəştli kreditlər dövlət başçısının fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosia-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir. 2019-cu ildə Azərbaycanda sahibkarlığın inkişafı üçün 160 milyon manatadək güzəştli kredit veriləcək. Ötən il 16 mindən çox sahibkara güzəştli kredit verilib. Həmin kreditlər rayonlarda aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Əsas hədəflərdən biri regionlarda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılmasıdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına imkan verəcək. Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Bir sözlə, ölkəmizdə regionların inkişafı üzrə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmişdir. Bu sahədə dövlət siyasəti daha da gücləndirilir ki, regionların dayanıqlı sosial-iqtisadi inkişafı təmin edilsin.

Mahir Həmzəoğlu