Regionlarla bağlı yeni dövlət proqramı hazırlanacaq İqtisadiyyat

Regionlarla bağlı yeni dövlət proqramı hazırlanacaq

İqtisadiyyat və Sənaye Nazirliyində müşavirə keçirilib

Tərlan

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Nazirlikdən verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrası müzakirə olunub. Bakı Biznes Mərkəzində keçirilmiş müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş Konfransda dövlət başçısı proqram xarakterli çıxışında görülmüş işlərə yekun vurub, qarşıdakı illər üçün iqtisadi inkişafın prioritetlərini müəyyən edib, müvafiq qurumlar, o cümlədən, İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib.
Bu ilin "Sənaye ili" elan edildiyini vurğulayan Ş.Mustafayev bu istiqamətdə qarşıya mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Nazir konfransda dövlət başçısı tərəfindən fermerlərin istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi, daxili bazarın qorunması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının prioritet olaraq saxlanması, yeni bazarlara çıxışın təmin olunması, xaricdən idxal olunan məhsullara ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb. Prezident cənub və qərb zonalarının, Naxçıvanın turizm potensialının reallaşdırılması istiqamətində işlərin görülməsi, ətraf mühitin qorunması, Bakı və Abşeron yarımadasının tullantılardan təmizlənməsi, yeni açılan müəssisələrin ən yüksək ekoloji standartlara cavab verməsini vəzifə olaraq müəyyənləşdirib. Dövlət başçısı Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə 3-cü dövlət proqramının hazırlanması, yeni proqramda regionların inkişafına dair bütün məsələlərin nəzərə alınması barədə tapşırıq verib.
Nazirliyin müşavirəsində Ş.Mustafayev dövlət başçısının Azərbaycan iqtisadiyyatının bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışında İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün konkret tapşırıqlar verib. Müəyyən edilmiş vəzifələrə uyğun olaraq, Nazirlik tərəfindən infrastruktur layihələrinin icrasına, sosial obyektlərin tikintisinə nəzarət daha da gücləndiriləcək, əhalinin kommunal xidmətlərlə daha keyfiyyətli təminatı tədbirləri davam etdiriləcək.
Sənaye potensialının artırılması tədbirləri həyata keçiriləcək, Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək, spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və s. sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin ediləcək.
Nazirliyin aidiyyəti qurumları tərəfindən yeni bazarlara çıxış imkanları dərindən təhlil ediləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqət daha da artırılacaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün fermer təsərrüfatlarının yaradılmasına dəstək tədbirləri gücləndiriləcək, istehlak bazarına nəzarətin səmərəliliyi yüksəldiləcək. Regionlarda və paytaxta yaxın ərazilərdə yeni logistika mərkəzləri yaradılacaq, eləcə də yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə digər ölkələrdə bu cür mərkəzlərin yaradılması imkanları araşdırılacaq, Aktauda logistika mərkəzinin təşkili xüsusi diqqətdə saxlanılacaq.
Yeni dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullarla bağlı müvafiq təhlillər aparılmaqla aidiyyəti dövlət qurumları ilə birlikdə təkliflər hazırlanacaq. Aparılmış təhlillər və bölgələrdən daxil olmuş təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanmasının ən qısa müddətdə başa çatdırılması barədə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Müşavirədə nazirliyin qurumlarının rəhbərləri çıxış edib, regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda prezidentin verdiyi tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, nəzərdə tutulan işlərin gedişi barədə Nazirliyin strukturlarının mütəmadi olaraq hesabatlarının dinlənilməsi qərara alınıb.
Ölkədə sənayenin qeyri-neft sektorunda canlanma, neft-qaz sektorunda isə geriləmə müşahidə olunur. Belə ki, bu ilin yanvar ayında Azərbaycanda sənayenin təsərrüfat subyektləri tərəfindən 2,8 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 72,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 mln. ton neft, 1,6 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7%-ni təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 7,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6% üstələyib, neft-qaz sektorunda isə 5,2% azalıb. Ümumi sənaye istehsalının 93,9%-i malların (əmtəələrin), 6,1%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 81,9%-i özəl bölmədə istehsal olunub.