Özəl pensiya fondları yaradıla bilər İqtisadiyyat

Özəl pensiya fondları yaradıla bilər

Nazirlikdə Avropa İttifaqının ekspertləri ilə görüş keçirilib

Tərlan

Avqustun 4-də Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dəstək" tvinninq layihəsinin avropalı ekspertləri ilə görüş olub. Hazirliyin məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində respublikamızda əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayıb. Respublikanın əmək münasibətləri sistemində aparılan islahatlardan bəhs edən İ.İsayev bildirib ki, işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn bu islahatlar həmçinin dövlət pensiya təminatı sisteminə də müsbət təsir göstərəcək. "Tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi (EİS) eyni zamanda sosial sığorta haqları üzrə daxilolmaların artımına səbəb olacaq. EİS qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasında, işçilərin gəlirlərinin düzgün rəsmiləşdirilməsində, bununla da sığorta-pensiya sistemində yığım komponentinin güclənməsində, vətəndaşların pensiya təminatı üçün vacib hüquqi və maliyyə təminatında effektli vasitədir". Nazir müavini EİS-in DSMF-nin pensiya-sığorta sisteminə tam inteqrasiya olunduğunu, aparılan işlərin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması prosesini stimullaşdırmağa da imkan yaratdığını qeyd edib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkədə həyata keçirilən məşğulluq siyasəti, aktiv məşğulluq proqramları, işsizliyin səviyyəsi haqqında məlumat verib, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində aparılan işləri, əldə olunan nəticələri diqqətə çatdırıb. DSMF-nin Aparatının Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova yeni Tvinninq layihəsindən söz açıb, layihənin dövlət pensiya təminatı sistemində real yığım komponentinin, həmçinin qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək dolğun normativ hüquqi bazanın hazırlanmasına xidmət etdiyini bildirib.
Tvinninq layihəsinin Avropa İttifaqı üzrə rezident müşaviri Aqrita Qroza və layihəni həyata keçirəcək qurumlardan olan Latviyanın Rifah Nazirliyinin sosial sığorta departamentin direktoru Yana Mujnieçe Azərbaycanın əmək münasibətləri və dövlət pensiya sistemlərində aparılan islahatların mahiyyətcə bir-birini tamamladığını vurğulayıblar. Onlar hər iki sahədə aparılan islahatların bir-birinə dəstək verdiyini, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması üçün də əhəmiyyətli rol oynadığını qeyd ediblər. Görüşdə əmək münasibətləri və pensiya təminatı sistemlərində aparılan islahatlar, habelə qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı fikir mübadilələri aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti məlumatlandırma tədbirini Şəki şəhərində keçirib. Şəki rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan "Açıq qapı" günü-vətəndaş forumuna bu rayonun və Zaqatala, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının işəgötürənləri cəlb olunub. Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının ölkənin əmək bazarına, işçi hüquqlarının təminatına daha çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırmağa xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu islahat tədbiri işçi və işəgötürənlər arasında bağlanan hər bir əmək müqaviləsi üzrə bildirişin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formalarının EİS-də qeydiyyatdan keçirilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərdə tutur. Bu isə əmək müqavilələrinin tərəflər arasında bir sıra hallarda formal olaraq bağlanması və bir nüsxəsinin işçilərə verilməməsi kimi əvvəllərdə mövcud olmuş mənfi praktikaya son qoyur. Ən başlıcası, EİS əmək müqavilələrində əksini tapan işçi hüquqlarının təmin edilməsinə birbaşa və səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına şərait yaradır. Əmək müqaviləsi bildirişi üzrə EİS-in işləyən əhalinin gələcək sosial təminat hüquqlarının müdafiəsində, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında mühüm hüquqi əsas yaratdığı da bildirilib.
Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə "Elektron hökümət" portalı ( https://www.e-gov.az ) üzərindən EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib. Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlərə metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində "Yardımçı masaları"nın yaradıldığı da işəgötürənlərin diqqətinə çatdırılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-lərdə məlumatlar yayımlandığı qeyd olunub.