İqtisadi Beyin Mərkəzlərinin Bakı Forumu İqtisadiyyat

İqtisadi Beyin Mərkəzlərinin Bakı Forumu

Tədbirə 21 ölkədən nümayəndə qatılıb, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun yaranmasının 50 illiyi tamam olur. Oktyabrın 1-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), "EcoMod Network" şirkətinin və "EKO" Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum-Konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə tədbirə qatılıb, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib.
Forum-Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayı. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, "EcoMod Networking" şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs etmiş, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndirmişlər.
Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır. 3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.