Altı ayda Azərbaycan 7,7 milyard dollarlıq məhsul ixrac edib İqtisadiyyat

Altı ayda Azərbaycan 7,7 milyard dollarlıq məhsul ixrac edib

Cari ilin 6 ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları olub, qeyri-neft sektoru üzrə isə 911,9 milyon dollar dəyərində ixrac reallaşdırılıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon dollar və ya 6,9 faiz azalıb.

Yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (162,3 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 85,7 milyon dollar) ikinci və pambıq mahlıcı (58,6 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə cari ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı 7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 11,4 milyon, çay ixracı 4,8 milyon dollar təşkil edib.

İyun ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 190,4 milyon dolları olub. Xüsusilə iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon dollar və ya 10 faiz artıb. Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 26,7 faiz olub.

Ötən ay qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (99,3 milyon dollar), Türkiyəyə (32,9 milyon dollar), İsveçrəyə (24,6 milyon dollar), Gürcüstana (6,2 milyon dollar) və Ukrayna (5,1 milyon dollar) ixrac edilib.

İyunda qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor 39,2 milyon dollar) birinci, təzə albalı və gilas (32,2 milyon dollar), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 21 milyon dollar) üçüncü yerdə qərarlaşıb.