Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı Dünya

Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı

Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) fəaliyyətə başladığını elan edib.

Bu barədə Aİ Şurası məlumat yayıb.

Bu ilin aprelində təsis edilən missiya Ermənistana bir sıra strateji və texniki istiqamətlərdə dəstək göstərəcək. Missiyanın əsas fəaliyyət sahələrinə kiber təhdidlərlə mübarizə, xarici informasiya müdaxiləsinin və manipulyasiyasının qarşısının alınması, eləcə də qeyri-qanuni maliyyə axınları ilə mübarizə daxildir. Bundan əlavə, qurum dövlət institutlarının potensialının artırılmasına və idarələrarası koordinasiyanın təkmilləşdirilməsinə töhfə verəcək.

"EUPM Armeni" beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində praktiki tövsiyələr verəcək və məqsədyönlü tədbirlərin icrası üçün xüsusi layihə qrupu yaradacaq. Bununla yanaşı, missiya icraedici səlahiyyətlərə malik deyil və Ermənistanın daxili qərarlarının qəbulu prosesində iştirak etməyəcək.

Ermənistan hökumətinin müraciəti əsasında yaradılan missiya, Aİ-nin ölkənin milli təhlükəsizliyinin və demokratik institutlarının gücləndirilməsinə dair uzunmüddətli yanaşmasının bir hissəsidir. İlkin mandatı iki il üçün nəzərdə tutulan missiyaya Aİ-yə üzv dövlətlərdən ezam olunmuş ekspertlər daxildir.