Milli Məclisin komitələrində büdcə müzakirələri İqtisadiyyat

Milli Məclisin komitələrində büdcə müzakirələri

Samir Şərifov: "Arzuolunmaz ssenarilərə hazırıq"

Arif Rəhimzadə: "Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur"

Fəzail Ağamalı: "Partiyalara lazımi səviyyədə vəsait ayrılarsa, bu, savadlı kadrların yetişməsinə təkan ola bilər"

Dünən Milli Məclisin komitələrində 2015-ci ilin dövlət büdcə zərfinin müzakirələri davam etdirilirib. Elm və təhsil, regional məsələlər, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu, mədəniyyət, beynəlxalq münasibətlər və parlametlərarası komitələri birgə 2015-ci ilin dövlət büdcə zərfini müzakirəyə çıxarıblar.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, əsas müzakirə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqındadır. Onun sözlərinə görə, sənədlərlə tanışlıq onu deməyə əsas verir ki, Azərbaycanda oturuşmuş büdcə sistemi formalaşıb: "İldən-ilə büdcə layihəsi əsaslandırılmış şəkildə Milli Məclisə daxil olur. Əsas hədəflər Azərbaycanın davamlı iqtisadiyyatının inkişafına yönəlib. Büdcə layihələri "Azərbaycan – 2020: gələcəyə doğru" istiqamətində qurulub.
Komitə sədrinin sözlərinə görə, büdcə layihəsi dünyada gedən siyasi proseslərin təhlili, onun Azərbaycan iqtisadiyyatına təsiri baxımından hazırlanıb: "2001-ci ildən etibarən Avropa məkanında böhranın davam etməsi, Yaxın Şərqdəki qarşıdurmalar, Ukrayna böhranı və digər məsələlər Azərbaycan iqtisadiyyatına təsir edəcək. Büdcə layihələrində bütün təhlükələr nəzərə alınıb və buna görə də mükəmməl adlandırmaq olar. Azərbaycanda tam olaraq iqtisadi-siyasi sabitlik var. Bizim potensialımız tükənməyib".
O, dünya ölkələrini ən çox narhat edən məsələnin xarici borc olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə inkişafa nail olub və demək olar ki, xarici borcu ildən-ilə azalır: "Azərbaycanın xarici borcu strateji valyuta ehtiyatlarında 9 dəfə azdır. 2015-ci il dövlət büdcəsini təminatlı büdcə adlandırmaq olar".
Şəmsəddin Hacıyev 2015-ci il dövlət büdcəsində təhsil xərclərinin 7% azaldılmasının təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcəyini bildirib: "Təhsil xərclərinin cari illə müqayisədə azalması təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcək".
Maliyyə naziri Samir Şərifov isə 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 90 dollardan hesablanacağını bildirib və neftin dünya bazarlarında ucuzlaşmasının dövlət büdcəsinə əsaslı təsir göstərməyəcəyini bildirib.
"Gələn il üçün dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanacaq. Neftin qiymətləri ilə bağlı dünya bazarlarındakı arzuolunmaz ssenarilərə hazırıq. İstənilən halda, Neft Fondunun xərclərinin artırılması nəzərə tutulmayıb. Ümumlikdə, 2015-ci ildə neft qiymətlərinin ucuzlaşması ilə bağlı hər hansı təhlükə gözlənilmir".
Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur: "Bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişməyib".
A.Rəhimzadə hesab edir ki, bələdiyyələrə ayrılan vəsait 2 dəfə artırılsa belə, bu heç də bələdiyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün böyük məbləğ hesab oluna bilməz.
Komitə sədri bildirib ki, bu rəqəm hər dəfə artmalıdır: "Bələdiyyələrin fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gələndə hərəkət yoxdur".
Millət vəkili Fəzail Ağamalı kənd təsərrüfatındakı problemlərə toxunub. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafını ilə bağlı göstərişlər versə də, bu sahə ilə bağlı problemlər hələ də mövcuddur. Deputatın sözlərinə görə, kənd təsərrüftı ilə bağlı inkişaf nəzərə çarpmır: "Azərbaycanın kənd təsərrüfatı minimum şəkildə istifadə olunur, bu sahədə irəliləyiş yoxdur. Mən təklif edirəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qonşu Türkiyənin modeli və təcrübəsi öyrənilsin və tətbiq edilsin. Azərbaycanda kənd təsərrüfatı sahəsi yüksək səviyyəyə qalxa bilər. Kənd təsərrüfatı ilə bağlı kadrlar da azdır. Kifayət qədər diplomlu şəxslər var, amma savadlı kadrlar yoxdur".
O həmçinin xırda və orta sahibkarlıqla bağlı problemlərin mövcud olduğunu da dilə gətirib. Deputatın sözlərinə görə, bu sahənin inişafı üçün stimullaşdırıcı addımlar atmaq lazımdır: "Təkcə kredit ayırmaqla iş bitmir".
Fəzail Ağamalı Azərbaycanda elmin vəziyyətinə diqqət yönəldib. Növbəti ilin büdcəsində elmə 142 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu deyən millət vəkili vəsaitin azlığından şikayətlənib. O qeyd edib ki, elmlə bağlı bütün məsələlər vahid bir qurumda mərkəzləşdirilməli və qonorar sisteminə keçirilməlidir.
O, həmçinin partiyaların maaliyyələşməsi məsələsinə də toxunub. Bildirib ki, dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin miqdarı artırılmalıdır. Deputat bunu partiyalara olan marağın azalması ilə izah edib. Onun sözlərinə görə, əgər partiyalara lazımi səviyyədə vəsait ayrılarsa, bu, savadlı kadrların yetişməsinə təkan ola bilər.
Millət vəkili Zahid Oruc maliyyə naziri Samir Şərifova hər iki valideynini itirmiş bir tələbə ilə bağlı müraciət edib. Deputat bildirib ki, təhsil haqlarını ödəməkdən azad olunan şəxslər magistratura təhsilinin birinci ilini bitirdikdən sonra 23 yaşına çatdığndan məlum güzəştdən məhrum olunurlar.
"Bu isə dövlətin başlatdığı siyasətin uğurla sonuclanmasına mane olur və sözügedən tələbələrə ağır problem yaradır", - deyə, millət vəkili vurğulayıb.
Məsələ ilə bağlı Z.Oruc müxtəlif elmi müsabiqələrdə qalib gəlmiş bir tələbə barəsində İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə də, onun təhsil ödənişinin yalnız dörddə birinə güzəşt olunacağı cavabını aldığını deyib.
O qeyd edib ki, Azərbaycan dövləti hər iki valideynini itirmiş şəxslərin təhsil almaq hüququnun gerçəkləşdirilməsi üçün müvafiq qanun qəbul edib. Söhbət 23 yaşınadək tələbələrin ödənişlərindən azad edilməsindən gedir.
"Etiraf etmək lazımdır ki, cəmiyyətin müxtəlif təbəqələrinin-xüsusilə də məcburi köçkünlərin və himayədən məhrum olunmuş insanların davamlı təhsil problemini həll etmək əslində Qarabağ müharibəsinin vurduğu böyük humanitar fəlakətin aradan qaldırılması siyasətinin tərkib hissəsidir. Ölkə başçısı bu il ali məktəblərə qəbul olunan şəxslərin prezident təqaüdləri ilə təmin olunması haqqında xüsusi sərəncam imzalayarkən hər iki valideynini itirmiş 7 tələbəni də siyahiya daxil etməsi ilə təhsildə humanizmə, istedadlı gənclərə yardıma və kimsəsizi müdafiə etməsinə bariz nümunə sayılacaq ən yüksək addımdır. Ölkəmizin ali təhsil sistemində mühüm yeri olan İqtisad Universitetinin yeni rektoru isə hesab edir ki, himayədən məhrum olunmuş uşaqların gələcək ixtisaslı kadrlara çevrilməsi istisnasız olaraq onların təhsil haqlarını ödəməsindən keçir".
Millət vəkili bildirib ki, günlər öncə müraciət etdiyi bir tələbənin timsalında şahidi olub ki, istər qanunvericilik, istərsə də prakitiki səviyyədə biz təhsil sistemində hələ çox iş görməliyik.
"İqtisad Universitetinin yeni rəhbərliyi ola bilsin müəllim-tələbə münasibətlərində mövcud olan neqativ halları aradan qaldırmaq üçün hansısa addımlar atır, lakin doğrudanmı bunlar təhsilin fundamental prinsiplərinə xidmət edir?