Rusiyaya dəyən zərərin Azərbaycana təsiri İqtisadiyyat

Rusiyaya dəyən zərərin Azərbaycana təsiri

Bahalaşma bizim bazarlara da nüfuz edir

Cavid

Rusiyanın Ukraynaya müdaxilə ucbatından zərəri hər ötən gün daha da artır. Ölkənin maliyyə naziri Anton Siluanov bildirib ki, yaşanan böhranla əlaqədar illik itki təxminən 100 milyard dollardır.
A.Siluanov sanksiyaların qərb ölkələrindən gələn sərmayə axınına təsir etdiyini bildirib: "Hazırda Rusiyaya sərmayə girişi azalıb. İlk olaraq biz kreditlərdən və sərmayələrdən bəhs edirik. Avropa Birliyi və Amerika Birləşmiş Ştatları sərmayə axışına maneə törətmək üçün bütün vasitələrə əl atıb. Bunun bizə xərci illik təxminən 40 milyard dollardır. Çox böyük rəqəmdir. Lakin daha əvvəl sahib olduğumuz sərmayə çıxışını da hesaba qatdığımızda bu rəqəm 100 milyard dollar ətrafında edir".
Siluanov bildirib ki, bu rəqəm 130 -140 milyardı keçə bilər.
İqtisadi Təşəbbüslərə Dəstək İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da sanksiyaların ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Qısaca olaraq onu qeyd etməliyik ki, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb.
Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq $458,3 milyardan $454,7 milyarda düşüb. Fitch ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna $450 milyarda, 2015-ci ilin sonuna isə $400 milyarda düşə bilər.
Problemlər bununla bitmir. Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin $110-dan $93-ə düşməsi nəticəsində ixracın ildə $55 milyard azalmasına gətirib çıxaracaq. Ölkədə inflyasiya təzyiqi artır. İnflyasiya İqtisadi İnkişaf Nazirliyinin hətta son dəfə artıraraq proqnozlaşdırdığı 7,4%-lik səviyyəni ötərək 8%-ə çatıb.
Bu azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən "Cənub axını" qaz kəmərinin dəyəri ümumilikdə təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəldiyi məlum olub.
İqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20%-dən çox ucuzlaşaraq 40 rubla düşüb.
Yerli ekspertlərin fikrincə, Rusiya iqtisadiyyatının tənəzzülə uğraması, rublun dəyərdən düşməsi Azərbaycan bazarlarına da öz təsirini göstərməkdədir. Belə ki, son günlər Rusiyanın maşın bazarında kəskin bahalaşma qeydə alınıb.
Avtosalonlarda qiymətlərin qəfil artımı müşahidə olunur. Bunun səbəbi rublun dəyərinin sürətlə düşməsidir ki, maşın bazarına da ciddi təsir göstərib. Bu bahalaşmanın dekabr və yanvar aylarında daha da artacağı proqnozlaşdırılır.
Məlumata görə, qiymət artımı Azərbaycanda maşın bazarına qismən təsir göstərəcək. Çünki ölkə ərazisinə sovet istehsalı olan maşınların idxalı dayandırılıb. Xarici markalı avtomobillərin isə Azərbaycana gətirilməsi əsasən Gürcüstandan həyata keçirilir. Bu halda bahalaşma dalğası Azərbaycanın maşın bazarını elə də "vura" bilməyəcək.
Kənd təsərrüfatı mallarının qiymətindəki artım da artıq narahatlıq yaratmağa başlayıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında da avqustda kənd təsərrüfatı məhsullarının bahalaşdığı bildirilir. Sentyabrda qiymətlərin daha çox artdığı nəzərə çarpdı və bu bahalaşmanın səbəbləri maraq doğurmağa başladı. Bir sıra mütəxəssislər bunun il ərzində havaların quraqlıq keçməsi, üstəlik Rusiyaya tətbiq edilən sanksiyalardan sonra qonşu ölkənin bazarlarında qıtlıq yaranması və nəticədə Azərbaycan məhsullarının Rusiya bazarlarına daşınması ilə əlaqələndirirlər. Əslində tamamilə haqlı arqumentlərdir və üstəlik də mövsümi amillər qiymətlərə təsir edib desək, yanılmarıq. Lakin bəzi müşahidəçilər də hesab edirlər ki, bahalaşmaya Rusiya amilinin təsiri yoxdur.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bahalaşmanın səbəbini daha çox Rusiya amili ilə izah edir: "Rusiya Avropadan kənd təsərrüfatı məhsulları almağa sanksiya qoyandan sonra kənarda bazar axtarıb. Onun siyahısında Azərbaycanın da adı var. Artıq yerli məhsulların daha keyfiyyətlisi Rusiyaya daşınmağa başlayıb, bu da bazara öz təsirini göstərir. Onsuz da Azərbaycanda elə də bolluq deyildi. Digər tərəfdən, bəzi işbazlar da bundan istifadə edib Rusiya bazarına getməyən məhsulların da qiymətini qaldırıblar".
V.Məhərrəmovun sözlərinə görə, bu il aqrar sektorda məhsuldarlıq yüksək olmayıb: "Ya fermerlər aqrotexniki qaydalara əməl etməyiblər, ya da su sarıdan qıtlıq çəkiblər. Yayın isti keçməsinə, quraqlığa görə suya tələbat artıb. Amma bəzi regionlarda suvarma problemləri olub". Ekspert qiymət artımının süd və süd məhsullarına, ət və ət məhsullarına da öz təsirini göstərəcəyini proqnozlaşdırır. Hesab edir ki, bu il ot və ot məhsullarının istehsalında azalma müşahidə edilib.
Ən pisi də odur ki, cari il üçün Rusiyada 8,6 faiz inflyasiya gözlənilir. Rusiya Mərkəzi Bankının proqnozuna görə, bu rəqəm 2015-ci ilin əvvəlində də keçərli olacaq. Yalnız gələn ilin ortasına inflyasiya 6,2 -6,4 faizə düşəcək.
Ekspertlərin rəyinə görə, neftin qiymətinin ucuzlaşması, rublun dəyərdən düşməsi məhz Rusiyada ərzaq inflyasiyasını gücləndirib. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 12.1% təşkil edib. Bu ilin on ayı ərzində Şimal qonşumuzda meyvə və tərəvəz istisna olmaqla, ərzağın qiyməti 10,8% artıb.Təkcə sentyabrda avqust ayı ilə müqayisədə ət və ət məhsulları 2,5 faiz, süd məhsulları 1,3 faiz, yağın qiyməti 0,5 faiz qalxıb. İlin əvvəlinə nəzərən isə ət və ət məhsulları 15,2 faiz, meyvə 11,9 faiz, balıq və dəniz məhsulları 9,9 faiz, qənd, cem, bal, konfet, şokolad 8,8 faiz, süd məhsulları, pendir və yumurta 6,4 faiz, çörək və dənli məhsullar 5,2 faiz, piylər və yağlar 4,7 faiz bahalaşıb.
Rusiyanın Azərbaycanın ixracında deyil, daha çox idxalında xüsusi çəkisi var. Konkret götürək cari ilin sentyabr ayının rəsmi statistik göstəricilərini. Göstərilən hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 150,8 milyon dollar, o cümlədən idxalın həcmi 122,3 milyon, ixracın həcmi isə 28,5 milyon dollar təşkil edib. Xarici ticarət əlaqələrinin 26,86 faizi Rusiya Federasiyası ilə aparılıb. Rusiya bu göstəricədə yeganə Türkiyəyə (ticarət əlaqələrinin 30,73 faizi Türkiyənin payına düşür) uduzub. Rusiyaya idxalın və ixracın strukturuna gəlincə, sentyabrda fiziki şəxslər Rusiyadan 33196897,17 dollar həcmində idxal həyata keçiriblər. Bunun da idxalda xüsusi çəkisi 27,14 faiz təşkil edib.
Ekspertlər bildirir ki, Rusiyada qiymətlərin Azərbaycana nə dərəcədə təsir göstərəcəyi aksiz vergilərindən asılıdır: Rusiyada qiymətlər artdıqca Azərbaycan bazarına ixrac olunan malların qiymətində də artım olacaq. Bu artımın nə qədər olacağı isə həm də aksiz vergilərindən asılıdır. Daxili bazarda qiymətlərin artmasından əlavə, əgər Rusiya ixracatla da bağlı aksiz vergilərini qaldırarsa, bu zaman daxili bazarda qiymət artımını daha çox hiss edəcəyik.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran bizim üçün də risklər yaradır.
Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.