Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi İqtisadiyyat

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və s. tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti daha da inkişaf edir. 2014-cü ilin 9 aylıq statistik göstəricilərinə əsasən Ümumi Daxili Məhsulda özəl sektorun payı 82,5 faiz təşkil edir.
Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, ölkədə iqtisadi və sosial problemlərin həllinin mühüm amili hesab olunur. Sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilib. Ölkəmizdə son onilliklərdə aparılan iqtisadi islahatlar qeyri-neft sektorunda sahibkarlığın formalaşmasına, onun iqtisadiyyatdakı rolunun daha da artmasına, sosial-iqtisadi problemlərin həllində fəal mövqe nümayiş etdirməsinə geniş imkanlar açıb. Artıq ölkədə sahibkarlıq subyektlərinin sayı artaraq 595417-yə çatıb. Onların 37,3 faizi Bakı şəhərində, 62,7 faizi regionlarda fəaliyyət göstərir. Sahibkarların ümumi bölgüsünə görə onların 15,5 faizini hüquqi şəxslər, 84,5 faizini isə fiziki şəxslər təşkil edir.
Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, mühit, xüsusən də "bir pəncərə" sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına da geniş imkanlar açıb. Təkcə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 6704 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınıb. Bu dövrdə qeydiyyatda olan müəssisə və təşkilatların 26,6 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 15,5 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 10,8 faizi "Tikinti", 9,9 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 6,3 faizi "Peşə, elmi və texniki fəaliyyət", 6,0 faizi "Emal sənayesi", 3,6 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 2,9 faizi "Təhsil", 2,2 faizi "İnformasiya və rabitə" və qalanları isə digər bölmələrin payına düşür.
Bizneslə məşğul olan fiziki şəxslərin də sayı dinamik şəkildə artmaqda davam edir. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 10,6 faiz artaraq 503191-ə çatıb. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi regionlarda (65,7 faiz), o cümlədən Aran (19,7 faiz), Gəncə-Qazax (12,7 faiz), Lənkəran (7,6 faiz), Şəki-Zaqatala (6,3 faiz), Abşeron (4,8 faiz), Quba-Xaçmaz (5,5 faiz), Naxçıvan Muxtar Respublikası (3,4 faiz), Dağlıq Şırvan (2,9 faiz), Yuxarı Qarabağ (2,4 faiz) və Kəlbəcər-Laçın (0,4 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (37,4%), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (15,5%), "Nəqliyyat və anbar təsərrüfatı" (13,7%), "Emal sənayesi" (2,8 faiz), və "Digər sahələrdə xidmətlərin göstərilməsi" (13,3%) bölmələrində qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 81,3 faizini kişilər, 18,7 faizini qadınlar təşkil edir. Sahibkar qadınların 60,6 faizi regionlarda, 39,4 faizi isə Bakıda qeydiyyatdan keçiblər.
Dünya təcrübəsi göstərir ki, sahibkarlıq təsərrüfat fəaliyyətinin liberallaşdırılması ilə dövlət qurumlarının səmərəli işinin üzvi surətdə əlaqələndirildiyi, kiçik və orta biznesə fəal dövlət yardımının həyata keçirildiyi və daxili bazarda haqlı rəqabətin bərqərar olduğu ölkələrdə daha geniş yayılır və sürətlə inkişaf edir. Eyni zamanda, milli iqtisadiyyatın tərəqqisi üçün sahibkarlıq resurslarının inkişafının təmin edilməsi və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə də, dövlət müxtəlif vasitələrlə sahibkarlığın inkişafını stimullaşdırır, təşviq edir. Bu məqsədlə normal qanunvericilik bazası yaradılıb, özəlləşdirmə aparılıb və bu proses davam edir, müxtəlif proqramlar qəbul edilib, vergi və kömrük sistemində islahatlar həyata keçirilib, özəl sektorun dəstəklənməsi üzrə müxtəlif maliyyə mənbələri formalaşdırılıb, infrastruktur problemləri həll olunur və s.
Aydın məsələdir ki, ölkədə bundan sonrakı iqtisadi artım, müasir texnologiyaların tədbiqi, özəl sektordan dövlət büdcəsinə vergi daxilolmalarının artması, ərzaq təhlükəsizliyi problemlərinin həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması həm də sahibkarlığın inkişafından və milli sahibkarlar təbqəsinin formalaşmasından asılıdır. Bötövlükdə qeyri-neft sektorunun inkişafı sahibkarlığın tərəqqisi hesabına mümkündür.
Bazar münasibətlərinə xas olan işgüzar aktivlik məhz bu fəaliyyət sahəsində aşkarlanır. Bazar mexanizminin mühüm elementi olan sağlam rəqabət mühitinin formalaşmasında sahibkarlığın inkişafı əsas şərtdir. Bunun üçün isə azad sahibkarlıq və liberal iqtisadiyyat siyasəti genişləndirilməlidir. Əvəzində inkişaf edən sahibkarlıq bölməsi, özəl sektor məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi, xidmət sferasında keyfiyyətin yaxşılaşdırılması və s. bu kimi problemlərin həllini öz üzərinə götürür.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq strukturları ölkədə məhsul istehsalında, işlərin və xidmətlərin yerinə yetirilməsində iqtisadiyyatda aparıcı mövqeyə malik olmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rola malikdir. Təsadüfü deyil ki, hazırda ölkəmizdə məşğulluğun 73,9 faizi məhz özəl sektor tərəfindən təmin edilir. 2014-cü ilin yanvar-sentyabr aylarında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,7 faizini təşkil edib. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində özəl bölmənin payı 70-99 faiz arasında dəyişir.
Bunlarla yanaşı, bu gün ölkə iqtisadiyyatı qarşısında duran mühüm vəzifələrdən biri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, təkmilləşdirilməsi, onun dövlət tərəfindən müasir bazar iqtisadiyyatının prinsipləri əsasında daha səmərli tənzimlənməsidir. Təkcə qanunların qəbulu da kifayət deyil, real və praktiki olaraq iqtisadi azadlıqlar daha da genişləndilməlidir. Habelə sahibkarların hüquqları qorunmalıdır. Əslində iqtisadiyyatın tam liberallaşdırılmasına, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsinə, azad rəqabətə və iqtisadi azadlıqların təmin olunmasına daha çox ehtiyac var. Sənaye və xidmət sferası özəl sektorun və sahibkarlığın, kənd təsərrüfatı fermerlərin hesabına daha da inkişaf etdirilməlidir. Sahibkarlığa iqtisadi artımın əsası kimi baxılmalıdır. Ona görə də dövlət sahibkarlıq fəaliyyətinin inkişafını bundan sonra da stimullaşdırmalıdır. Sahibkarlığın inkişafına mane olan amillər isə aradan qaldırılmalıdır.
Müsbət haldır ki, dünyadakı maliyyə böhranı şəraitində belə Azərbaycan hökuməti tərəfindən valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində uğurlu nəticələrə nail olunmuşdur. Bu isə investorların, sahibkarların maraq dairəsindədir.
Dünya maliyyə-iqtisadi böhranı bir daha sübut etdi ki, bütün ölkələr üçün eyni inkişaf reseptləri, tövsiyyələri qəbul edilə bilməz. Müasir bazar iqtisadiyyatın bütün sahələrinin qarşılıqlı təsirindən ibarət olan mürəkkəb, çoxsahəli sistemdən ibarətdir. Bazar iqtisadiyyatını isə azad rəqabətə əsaslanan sahibkarlıq fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın hazırki və gələcək iqtisadi inkişafı da məhz sahibkarlığın formalaşmasından və onun hansı səviyyədə inkişaf etdirilməsindən asılıdır.
Müsbət haldır ki, artıq Azərbaycan iqtisadiyyatda keçid dövrünü arxada qoymuş və ölkədə bazar iqtisadi sistemi formalaşmışdır. Sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər öz müsbət nəticələrini vermişdir. Ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Sonda bu nəticəyə gəlmək olar ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti özünəməxsus bir inkişaf yolu keçmişdir. Müstəqillik illərində yaranmış əlverişli şərait nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyəti formalaşmış, müəyyən problemlər, çətinliklər müşahidə olunsa da müasir inkişaf səviyyəsinə gəlib çatmışdır. Müasir dövrümüzdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli ictimai rəyin formalaşması, əhalinin şüurunda təşəbbüskar, işgüzar sahibkar obrazının yaranması çox mühüm amilə çevrilib. Müsbət haldır ki, hökumətin siyasəti də müasir sahibkarlığın daha da inkişafına və iqtisadiyyatın müxtəlif fəaliyyət sferalarında sahibkarların rolunun artmasına imkan verir.

Mahir Həmzəoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur