Qərbin “Cənub axını” narahatlığı İqtisadiyyat

Qərbin “Cənub axını” narahatlığı

Azərbaycan qazı yenidən gündəmə gətirildi

Cavid

"Avropa hələ də "Cənub axını" layihəsinin yoxluğuna inanmır. Lakin mövcud olan layihələrin reallaşdırılmasını sürətləndirmək niyyətindədir. Bu ilk növbədə "Cənub qaz dəhlizi" layihəsidir".
Bunu Avropa Birliyinin energetika nazirlərinin toplantısında Avropa Komissiyası başaqçısının müavini Maroşem Şefçoviç deyib.
Rusiyanın "Vestik Kafkaz" nəşri avropalı nazirlərin Şefçoviçə Rusiyadan "Cənub axını"ndan imtina haqda sənədləri almaq səlahiyyəti verdiyini yazıb. Çünki avropalı siyasətçilər Vladimir Putinin şahmat gedişi etdiyini düşünür və "Qazprom"un başçısı Aleksey Miller və Aleksandr Nokavanın açıqlamasını qeyri-rəsmi hesab edirlər. Onlar Rusiyadan imtina haqda qərarın formal yazısını tələb edirlər.
Məlumata görə, artıq transsərhəd və trans-Avropa layihələrinin reallaşmasını koordinasiya etmək üçün "yüksək səviyyəli işçi qrupu" yaradılıb. Bununla yanaşı, əsas alternativ hesab olunan "Cənub qaz dəhlizi"nin istismara verilməsi prosesi sürətləndiriləcək.
İclasın nəticələrindən danışan M.Şefçoviç Avropa Birliyinin "Cənub qaz dəhlizi"nə üstünlük verdiyini bildirib: "Xəzər regionunun qaz yanacağının bu qaz kəməri ilə Avropanın enerjisini təmin etməyə çatacağı güman edilir. Gözləntilərə görə, bu kəmərlə qaz Avropaya 2019-cu ildə çatacaq".
ABŞ-ın Karnegi Fondunun Rusiya və Avrasiya proqramı üzrə mütəxəssisi, Qafqaz regionu üzrə ixtisaslaşmış britaniyalı jurnalist Toma de Vaal isə deyib ki, sadəcə olaraq "Cənub axını" Rusiyaya baha başa gəldi. 7 illik zəhmət, layihənin reallaşmasının ilkin mərhələsində 10 milyard avroluq sərmayə - "Qazprom" və Rusiya hakimiyyəti bu maddi ağırlığa davam gətirə bilmədilər.
Onun firkincə, daha əvvəlki "Nabukko" layihəsi də bu səbəbdən iflasa uğrayıb. "Nabukko"da da "Cənub axını"ndakı kimi geosiyasi maraqlar kommersiya faydasından daha çox idi".
O, həmçinin qeyd edib ki, Rusiya ilə Türkiyə razılığa gələcəkləri təqdirdə 5 il ərzində neft ixracatçısından qaz ixracatçısına çevrilmək niyyətində olan Azərbaycan üçün yeni rəqib yarana və Azərbaycanın bu sahədən gəlirlərinin azalmasına səbəb ola bilər.
Lakin ekspertin fikrincə, bu razılıq əldə olunması Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da artmasını tələb edəcək. Bu da iki ölkənin enerji sahəsində rəqib olma fikrini təkzib edir.
Perspektivdə bu kəmərlə nəql olunacaq qazın Türkiyə üzərindən Avropaya çıxışı nəzərdə tutulub. Hələlik isə Putin elan edib ki, Rusiya "Mavi axın" kəməri ilə Türkiyəyə qaz nəqlini artıracaq, həmçinin "Qazprom" Türkiyənin Yunanıstan sərhədində əlavə qazpaylama stansiyası yaradacaq.
Rusiyanın Türkiyəyə yeni qaz kəməri çəkmək və "Mavi axın"ın nəql gücünü artırmaq planları isə birbaşa Azərbaycanın enerji maraqlarına təsir edəcək. Türkiyə Azərbaycan qazının Avropaya nəqlində əsas tranzit ölkəsidir və indi Ankaranın əlində əlavə kozırlar var. Çünki Azərbaycanın Avropaya nəql etməyə hazırlaşdığı ildə 10 milyard kubmetr qazdan daha böyük həcmdə Rusiya qazının tranziti üçün imkanlar yaranıb.
Deməli, Türkiyə Azərbaycanla qaz danışıqlarında daha əlverişli mövqedən çıxış edəcək və ola bilsin, bu fürsətdən qazı Azərbaycandan daha ucuz almaq üçün yararlanacaq.
Analitiklərin qənaətinə görə, Rusiyanın "Cənub axını" kəmərinin istiqamətini Türkiyəyə döndərməsi heç "Qazprom"a da sərf etmir. Çünki Türkiyə daxili tələbatı üçün Rusiyadan daha çox qaz almaqda maraqlı deyil. Hazırda Türkiyənin qaza olan tələbatının 65 faizi Rusiyadan ixrac hesabına ödənir. Ankara enerji təchizatını şaxələndirməyə çalışır, Azərbaycan və İrandan daha çox qaz almağı planlaşdıraraq Rusiyanın bazardakı payını azaltmaq istəyir.
Qeyd edək ki, "Cənub axını" Rusiyanın Avropanı qazla təchiz etmək üçün çəkməyə hazırlaşdığı alternativ kəmər layihəsi idi və ilkin hesablamalara görə, 10 milyard dollara başa gəlməli idi. Kəmərin tikintisi 2012-ci il, dekabrın 7-də Qara dənizin Rusiyaya aid sahilində başlayıb. Üç il ərzində layihəyə 4,66 milyard dollar yatırılmışdı. İldə 63 milyard kubmetrə qədər qazın nəqlinə hesablanmış boru kəmərinin birinci mərhələsinin 2015-ci ildə işə salınması nəzərdə tutulurdu.
Vaxtilə Rusiya bu layihəni Aİ-nin dəstəklədiyi "Nabucco" layihəsinə alternativ kimi planlaşdırmışdı. Lakin "Nabucco" siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı. Azərbaycan və gələcəkdə Türkmənistan qazının nəqli, beləliklə də Rusiyanın Avropanın qaz bazarında inhisarçı mövqeyinin zəiflədilməsi üçün nəzərdə tutulan, kifayət qədər bahalı və siyasi baxımdan riskli "Nabucco" layihəsi ötən il rəsmən arxivə qoyuldu. Azərbaycan qazının Avropaya nəqli üçün TANAP və TAP kəmərləri seçildi.
O zaman belə görünürdü ki, "Nabucco"nun sıradan çıxarılması Rusiyanın qələbəsidir və "Cənub axını"nın həyata keçirilməsinə qarşı maneə qalmır. Hərçənd ki, Avropa Komissiyası "Cənub axını" layihəsinin ittifaqın enerji xartiyasının tələblərinə cavab vermədiyini bildirirdi.
Lakin bu ilin yayında vəziyyət dəyişdi. Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində silahlı separatçıları dəstəkləməsindən sonra Avropa İttifaqı "Cənub axını"nın keçəcəyi ölkələrə təzyiq göstərməyə başladı.
Aİ-nin təzyiqləri qarşısında əvvəlcə Bolqarıstan, daha sonra Serbiya öz ərazisində "Cənub axını"nın tikintisinə dair işləri dayandırdıqlarını elan etdilər. Rəsmi olaraq Belqrad və Sofiya bu qərarlarını Avropa Komissiyasının "Cənub axını" layihəsinin Avropanın enerji xartiyasına cavab vermədiyinə dair mövqeyi ilə əsaslandırmışdılar.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov avropalı siyasətçilərin bu mövqelərini yerli əhalinin sakitləşdirilməsinə istiqamətləndiyini deyib. Onun fikrincə, Azərbaycan qazı həcm baxımından Rusiya qazını əvəz edə bilməz: "Bu, Avropada yerli əhaliyə "narahat olmayın, siz Azərbaycan qazını alacaqsınız" deməkdir. Lakin görünür Avropa bu məsələdə israrlıdır. Bu, Azərbaycana iqtisadi sahə ilə yanaşı, siyasi baxımdan da xeyir gətirəcək".
Enerji üzrə ekspert İlham Şaban da düşünür ki, Azərbaycan qazı Avropanı tam təmin edə bilməyəcək.
"2019-cu ildə ilk mərhələdə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz verə biləcək. Bu isə Avropanın ehtiyaclarını tam təmin etmir", - deyə o bildirib.
Ekspertlər Avropanın əlavə enerji mənbələri tapmasının vacibliyini qeyd edirlər. Burda əsas mənbə Türkmənistan qazıdır. Hansı ki, Xəzərin dibi ilə Bakıya qədər çəkilə biləcək boru kəmər vasitəsilə "Cənub qaz dəhlizi"nə qoşula bilər. Lakin Rusiyanın buna imkan verəcəyi ehtimalı çox kiçikdir.
Məlumatlara görə, Avropa bu istiqamətlərdə işlərə başlayıb və Aşqabad qazının əldə olunmasına nail olmaq niyyətindədir. Bu isə Rusiya ilə kəskin qarşıdurma deməkdir. Rusiya mediası Xəzər bölgəsində növbəti "qaz müharibəsi"nin olması ehtimalını yüksək dəyərləndirir.