“AB enerji təminatı sahəsində yekdil fikrə sahib deyil” İqtisadiyyat

“AB enerji təminatı sahəsində yekdil fikrə sahib deyil”

Pərviz Heydərov: "20 milyard kubmetr az həcm deyil"

Elxan Şahinoğlu: "Avropa Rusiyadan ala bilməyəcəyi qazı Azərbaycandan almaq istəyir"

Avropa İttifaqı "Cənub axını" layihəsinin reallaşmasının dayandırılması ilə əlaqədar TANAP Azərbaycan qaz kəmərinin buraxılış qabiliyyətini Avropa üçün 20 milyard kubmetr-ə qədər artırmaq istəyir. "Spiegel" jurnalının verdiyi xəbərə görə, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və energetika üzrə yeni Avropa komissarı Maroş Şefçoviç müvafiq razılaşma əldə ediblər. TANAP layihəsi Azərbaycanın Şahdəniz yatağından qaz kəmərləri sisteminin Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən İtaliyanın cənubuna çəkilməsini nəzərdə tutur. Onun vasitəsilə Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Gələcəkdə qaz kəmərinin gücü 31 milyard kubmetrə qədər artırıla bilər. "Gücünün artırılması üçün texniki şərait mövcuddur", - Şefçoviç bildirib. Onun sözlərinə görə, danışıqların bütün iştirakçıları fikirə gəliblər ki, qaz kəmərinin inşası 2019-ci ilədək başa çatdırılacaq. "Cənub axını" layihəsinin bağlanması barədə dekabrın 1-də məlum olub. Türkiyəyə dövlət səfəri zamanı RF prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya indiki şəraitdə o cümlədən Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə layihənin icrasını davam etdirə bilməz. Rusiya Türkiyənin tələbatının ödənilməsi üçün yeni qaz kəməri sistemini tikəcək. Sonradan "Qazpromun" rəhbəri Aleksey Miller bildirib ki, "Cənub axını" layihəsi bağlanıb.
Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə ilə Azərbaycan əl-ələ verərək enerjinin "İpək Yolu" olaraq adlandırılan Trans-Anadolu (TANAP) layihəsini xəyallardan gerçəyə çevirə bildi. Onun sözlərinə görə, bu layihə vasitəsilə Azərbaycan qazı Gürcüstan üzərindən Türkiyəyə nəql ediləcək: "16 milyard kub metrlik qazın 6 milyard kubmetri Türkiyədə qalacaq, qalan hissəsi isə buradan Avropaya paylanılacaq". Davudoğlunun sözlərinə görə, 7 milyard dolarlıq TANAP qaz boru xətti 2018-ci ildə işə düşəcək. Baş nazir ümümilikdə layihənin 6 il ərzində tamamlanacağını söyləyib. Davudoğlu onu da qeyd edib ki, bu layihə ölkələri bir-birinə yaxınlaşdıran bir barış layihəsi olacaq: "Trans Anadolu qaz kəməri (TANAP) energetika sahəsinin "İpək Yolu"dur. TANAP layihəsi bölgənin ən uğurlu layihələrdən biridir".
Ümumiyyətlə TANAP qaz kəmərinin gücünün 20 milyard kubmetrə qədər
Artrılması nə dərəcədə realdır?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, hər addımbaşı bu cür yeni mövzuların və "ideya təkliflərin" ortaya çıxması Avropa Birliyinin öz iqtisadi təhlükəsizliyini təmin etmək və enerji təminatı sahəsində konkret və yekdil bir fikrə sahib olmadığını bir daha sübut edir. Onun sözlərinə görə, Avropa Birliyində iqtisadiyyatla sanki sırf iqtisadçılar məşğul olurlar: "Bu isə təəssüf doğurur. 20 milyard kbmetr az həcm deyil. Qaz nəqli üçün çəkilən kəmər də loru dillə desək, rezindən deyil ki, bir istəklə və yaxud təkliflə buraxılış həcmi genişləndirilsin. Bunun üçün müvafiq qaz resursları lazımdır, investisiya tələb olunur və sair. Rusiya tərəfinin son addımından sonra bu, təbii ki, gözlənilən idi. Ancaq Avropaya qazı təkcə TANAP çatdırmayacaq axı... Onda gərək, Azərbaycandan son mənzilədək çəkiləcək büün boru kəmərinin gücü artırılsın... Onda buyursun, Avropa ölkələrinin müvafiq şirkətləri və maliyyə qurumları özləri də qoşulsunlar bu işə. Prinsipcə və texniki baxımdan əslində, hər şey mümkündür. Sadəcə, konkret və birgə istək, o cümlədən maliyyə lazımdır. Sözün qısası, Avropa Birliyi əgər, Rusiyadan enerji asılılığını azaltmaq istəirsə, TANAP-ın da, TAP-ın da, Azərbaycandan axın imkanları da bacardıqca genişləndirilməlidir. Ancaq bu, tək Bakıdan asılı məsələ deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, bu önəmli qərardır: "Bu o deməkdir ki, "Cənub axının" arxa plana keçməsiylə Avropa Rusiyadan ala bilməyəcəyi qazı Azərbaycandan almaq istəyir. Son qərar Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələri də yüksək səviyyəyə qaldırmalıdır.".

Əli