Neft və sanksiyalar Rusiyaya 200 milyard dollar ziyan vurub İqtisadiyyat

Neft və sanksiyalar Rusiyaya 200 milyard dollar ziyan vurub

"Neftin qiymətinin düşməsi və üzləşdiyimiz sanksiyalar Rusiya iqtisadiyyatı üçün xarici şərtlərin kəskin dəyişməsi deməkdir. Bu xarici şoklardan (yəqin ki, bunu başqa cür adlandırmaq olmaz) ödəmə balansına dəyən ziyan təxminən 200 milyard ABŞ dollardır". Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 28-də Federasiya Şurasının iclasında çıxış edərkən deyib. Siluanov deyib ki, bu ilk növbətə neftin düşməsi ilə bağlıdır. Nəticədə ölkəyə az valyuta gəlir və bütün ekspertlər etiraf edir ki, bu, uzunmüddətli xarakter daşıyır. Çünki 2008 və 2009-cu illərdə olduğu kimi neftin qiymətintə sürətli artım baş verməyəcək. Nazir bildirib ki, baş nazir Dimitri Medvedyev ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün təcili tədbirlər qəbul edib və bura hökumətin yaxın gələcəkdə görməli olduğu təcili addımlar daxildir. Siluanov bu palnın qəbulundan dərhal sonra, müvafiq sənədlərin hazırlanması və bu tədbirlərin həyəta keçirilməsi istiqamətində qızğın iş getdiyini deyir. Rusiyanın baş naziri Dmitri Medvedyev yanvarın 27-də Rusiya üçün antiböhran planı imzalayıb. Qərbin Ukrayna böhranına görə Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və neftin qiymətinin kəskin düşməsi əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurur. 2014-cü ildə Rusya iqtisadiyyatının 4-5 faiz azalacağı gözlənilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Rusiyanın Baş naziri Dmitri Medvedyevin "Rusiya SWIFT sistemindən çıxarıldığı halda cavabımız çox ağır olacaq" sözünə münasibət bildirərkən deyib ki, Rusiyanın iqtisadi müstəvidə heç bir sərt addım atmaq imkanı yoxdur. Onun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatı ona tətbiq olunan sanksiyalardan sonra yetərincə zəifləyib: "Müxtəlif sektorlar üzrə sanksiyalardan sonra beynəlxalq ödəmə sistemindən çıxarılması Rusiyanın ümumiyyətlə dünya iqtisadiyyatından təcrid olunması deməkdir. Bu, Rusiya şirkətlərinin səhmlərinə, ölkənin maliyyə bazarlarına çox ciddi zərbə olar. Rusiyanın isə buna cavab verməsi iqtisadi cəhətdən mümkün deyil. Cavab vasitəsi kimi Rusiyanın əlində bircə Avropa ölkələrinin əksəriyyətini təmin etdiyi qaz var. Amma qaz da elə bir məhsuldur ki, onu yığıb saxlamaq mümkün deyil və Rusiya onu satmaq məcburiyyətindədir". Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə Rusiyanın SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılması məsələsini müzakirə edəcək. Buna münasibət bildirən Baş nazir Dmitri Medvedyev isə ölkəsinin verəcəyi cavabın çox sərt olacağını bildirib. Xatırladaq ki, SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz.