Parlamentdə manat müzakirəsi İqtisadiyyat

Parlamentdə manat müzakirəsi

Oqtay Əsədov: "Nəyə görə yerli istehsalda qiymət artımı olmalıdır?"

Zahid Oruc: "Maksimum bir ay ərzində əhali Mərkəzi Bankın qərarını bizim kimi müdafiə edəcək"

Vahid Əhmədov: "Bəzi adamlar iqtisadi prosesləri bilmədən ağıllarına gələni danışır"

Milli Məclisin dünən keçirilən iclasında Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin spikeri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məlumat verib. O bildirib ki, son illər Xocalı soyqırımının tanınması istiqamətində ciddi işlər aparılır.
Oqtay Əsədov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyası uğurla aparılır. Onun sözlərinə görə, Xocalı soyqırımı dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən tanınıb. Spikerin fikrincə, Xocalı soyqırımı cavabsız qalmayacaq və günahkarlar cəzalandırılacaq.
Milli Məclisin sədr müavini Bahar Muradova isə ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyası barədə danışıb. Vitse-spiker deyib ki, həmin sessiyada Ermənistanın nümayəndə heyəti Azərbaycana qarşı təxribatlara əl atıb. Onun sözlərinə görə, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu ittiham ediblər: "Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir".
Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: "Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik".
Deputat Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu bildirib. O yaranmış vəziyyətdən sui-istifadə hallarından vətəndaşların təlaş keçirdiyini deyib: "Hökumət antiböhran proqramını işə salmalıdır".
Deputat Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağın vacib olduğunu da bildirib.
Deputat İqbal Ağazadə çıxışında bildirib ki, Mərkəzi Bank fevralın 21-dəki qərarı ilə əhalini aldadıb və bu qərarla əhaliyə külli miqdarda zərər dəyib.
O bildirib ki, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər: "Ancaq necə olur ki, 34 faiz bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 milyard manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34 faizlik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir".
Zahid Oruc isə deyib ki, Mərkəzi Bankın qərarını millətin mənafeyinə uyğun hesab edir: "Maksimum bir ay ərzində onlar da Mərkəzi Bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq şəkildə müdafiə edirəm".
İqbal Ağazadə deyib ki, böhran əleyhinə görülən tədbirlər də ciddi nəticə vermir.
Milli Məclisin sədri Oqtay Əsədov əhalinin banklarda olan 3 milyard manatlıq əmanətlərinə ziyan dəyməsi iddiası ilə razılaşmadığını deyib: "Dünyada gedən proseslərə baxın! Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta ehtiyatları var. Biz bu ehtiyatların hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam, bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Nəyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?"
Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksasiya edilməsi fikri düzgün deyil: "Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır".
Səslənən bir sıra fikirlərə millət vəkili Vahid Əhmədovun reaksiyası sərt oldu: "Bəzi adamlar iqtisadi prosesləri bilmədən ağıllarına gələni danışır. Çox təəssüf edirəm".
Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsi gözlənilən idi: "Amma yumşaq devalvasiya olmalı idi. Devalvasiyanı da etməyin yolları var. Birdən-birə manatın bu qədər ucuzlaşması normal deyil. Tez-tez Mərkəzi Bankla əlaqə saxlayırdım və mənə deyirdilər ki, 1 dolların məzənnəsi 85-90 qəpik arasında olacaq. Mərkəzi Bank öz sözünün üstündə durmadı".
Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın fevralın 21-də manatla bağlı verdiyi qərar əhaliyə mənfi təsir edir. Deputat deyib ki, artıq bölgələrdə və paytaxtda bahalaşma başlayıb: "Un, şəkər və digər məhsulların qiymətində artım müşahidə edilir".
Vahid Əhmədov süni bahalaşmaya da diqqət çəkib. O bildirib ki, Vergilər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi birgə reydlər keçirməli və süni qiymət artımının qarşısını almalıdır.
Vahid Əhmədovun fikrincə, digər bir problem də banklardan dollarla kredit götürənlərlə bağlıdır: "Bir çox iş adamı dollarla götürdükləri kreditləri ödəməkdə çətinlik çəkəcək. Hökumət bu məsələni həll etməlidir. Anti-böhran mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Manatın ucuzlaşması ilə bağlı verilən qərar birbaşa Mərkəzi Bankın səhvidir".
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə vurğulayıb ki, dünya bazarında neftin qiymətinin sürətlə düşməsi prosesi gedir: "2015-ci il dövlət büdcəsində neftin 1 bareli 90 dollardan hesablanıb. Amma indi 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycan hökumətinin itkisi 5-6 milyard manat olacaq".
O, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinə münasibət bildirərkən söyləyib ki, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 milyard investisiyadan istifadə edirdi: "Ekspertlər bildirirdi ki, bu proses uzun müddət davam edə bilməz. Belə prosesin uzun müddət davam etməsi bankın rezervlərinin tükənməsinə gətirib çıxarar. Azərbaycan Mərkəzi Bankının intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı ciddi problemlə üzləşib. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı təmin edən amillərdən biri də pul-kredit siyasəti olub. Mən istəməzdim ki, biz həmin siyasətə kölgə salaq".
O qeyd edib ki, Mərkəzi Bankının intervensiyası ölkənin iqtisadi gücünü artırıb. Ziyad Səmədzadənin fikrincə, intervensiya siyasəti sayəsində ölkədə stabil şərait yaradılıb:
"Manat dünyada ən güclü valyutalardan biridir. Manatın dollara nisbətdə yüksəlməsi bizə ixrac potensialını artırmağa imkan vermirdi. Ancaq indi ölkədə yaxın vaxtlarda kiçik-orta iri sahibkarlıq sənaye sahələri yaradılacaq. Bu müəssisələrin ixrac potensialının genişləndirilməsi üçün məzənnədə dəyişikliyə ehtiyac var idi". Komitə sədri onu da vurğulayıb ki, Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranan vəziyyətlə bağlı sosial tədbirlər görməlidir: "Qiymətlərinin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır. Bu addımlar böhran əleyhinə tədbirlər deyil. Sadəcə olaraq manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həlli istiqamətində görülən işlərdir. Azərbaycan hökuməti və xalqı bu çətin vəziyyətdən də üzü ağ çıxacaq".